Azər Həsrət: Bu da mənim Prezident seçimim -

Azər Həsrət: Bu da mənim Prezident seçimim

Heç vaxt fikirlərimi gizlətmədim. Heç vaxt da düşündüyümü dilə gətirməkdən çəkinmədim. Nə dedimsə, nə etdimsə bunu öz adım, öz imzamla etdim. Qınayanlar olanda da cavabı yenə öz adımla verdim. Çünki mən etdiyimin doğruluğuna əmin olmasam tükümü belə tərpətmərəm.

İndi də bir fikrimi açıq şəkildə ifadə etmək istəyirəm. Oktyabrın 9-da keçiriləcək Prezident seçkisilə bağlı. Bu, ölkənin həyatında ən önəmli siyasi hadisədir. Həm də elə bir hadisə ki, növbəti 5 ildə bizim taleyimizi həll edəcək. O baxımdan kimsənin belə bir sürəcdən kənar qalmaması lazımdır. Necə ki, mən qalmıram. Hər kəs seçimini dəqiqləşdirməli, indidən mövqeyini ortaya qoymalıdır ki, biriləri qeyri-müəyyənlik əzabından qurtulmuş olsun. Elə buna görə də seçkiyə bir həftə qalmış mövqeyimi və namizədimi rəsmən açıqlayıram.

Mənim namizədim Prezident İlham Əliyevdir. Bir zamanlar mən onu tənqid edirdim, ona qarşı sərt fikirlərlə çıxış edirdim. Düşünürdüm ki, Azərbaycan kimi mürəkkəb bir sürəcdən keçən dövləti gənc olduğu üçün idarə edə bilməz. Hətta 2003-cü ildə o, ilk dəfə Prezidentliyə namizəd olanda əsas rəqibi İsa Qəmbəri dəstəkləmişdim. Özü də canımla, qanımla etmişdim bunu. İndi də edəcəyim işi canımla, qanımla etmək fikrindəyəm. Hazırkı Prezident, Prezidentliyə namizəd İlham Əliyevi sonunadək, bütün mümkün vasitələrlə dəstəkləmək, onun qələbəsinin təmin edilməsində öz sözümü demək əzmindəyəm.

Əlbəttə ki, Azərbaycanda da dünyanın bir çox ölkələrində olduğu kimi hər kəs öz seçimində sərbəstdir və buna görə kimsəyə hesabat verməyə borclu deyil. O cümlədən mən də. Çünki heç bir siyasi partiyanın, qrupun üzvü deyiləm. Hər hansı siyasi kəsimə yaxınlığım yoxdur və sıradan bir vətəndaş kimi oktyabrın 9-da seçki məntəqəsinə gedib 1 səsimi 1 namizədə verməklə işim bitəcək. Qanunlar və ümumiyyətlə məntiq bu addımıma görə kimsəyə hesabat verməməli olduğumu təsdiqləyir. Üstəlik, kimsənin qarşısında hər hansı bir öhdəliyim də yoxdur ki, seçimimlə bağlı məni qınamaq üçün səbəblər olsun. Bununla belə, bir ictimai fəal olaraq düşündüm ki, yarana biləcək suallara indidən cavab verim. Yəni niyə məhz İlham Əliyev?

Mən bu suala rəsmi statistikaya dayanaraq da cavab verə bilərdim. Ancaq belə etmirəm. Çünki İlham Əliyevin kampaniyasını aparanlar zatən o rəqəmləri hər gün təkrarlayır. Mənsə adi bir vətəndaş, lap elə deyək ki, siyasətdən, ictimai fəaliyyətdən uzaq bir insan kimi mövqeyimi əsaslandırmaq istərdim.

2003-cü ildə İlham Əliyev Prezident seçiləndə şəxsən mən əmin deyildim ki, o, bərbad gündə olan iqtisadiyyatı dirçəldə, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirə bilər. Bir az şübhəçi, bir az da görmədən inanmayan birisi olaraq belə düşünürdüm. Ancaq zaman keçdi, Prezident Əliyev mənim fikirlərimi yaxşı mənada alt-üst etdi. O, qısa bir müddət ərzində ölkə iqtisadiyyatını sürətli inkişaf yoluna çıxardı, Azərbaycanın beynəlxalq mövqelərini o qədər möhkəmləndirdi ki, hətta BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildik. Halbuki bir zamanlar yatsaq yuxumuza girməzdi bu. Üstəlik ölkədə elə bir sabitlik durumu yarandı ki, bir zamanlar gündüzlər belə küçələrdə rahat gəzə bilmədiyimiz halda indi hətta gecənin qaranlığında belə şəhərlərin, kəndlərin harasında istəsək gəzib dolaşa bilirik. Bunlar, təbii ki, əzmkar əməyin, öz işinə inamın və doğrudan da qüdrətli bir Azərbaycan görmək istəyən iradənin – Prezident Əliyevin çalışmaları sonucu mümkün oldu. Ancaq bunu da bir kənara qoyuram və başqa tutarqalara keçirəm.

2003-cü ildə yaşadığım 9 qatlı binanın tək bir blokundakı 27 mənzilin sakinlərinin yarısından çoxu bekarçılıqdan gününü həyətdə keçirirdi. İş yox, güc yox. Təbii ki, yaşayış imkanları da çox aşağı. Ancaq indi aylardır qonşularımızı görməyə həsrət qalmışıq. Çünki hər kəs işdə-gücdədir və ona görə də bir-birimizi görmək üçün vaxt ayıra bilmirik. Elə bu bir blokun timsalında ölkədə işsizliyin faktiki olaraq tam aradan qaldırıldığını iddia edə bilərəm.

Başqa bir örnək. Yaşadığım 7-ci qatdan həyətə baxanda da çox ciddi dəyişikliklər görürəm. Bir zamanlar bizim həyət bomboş olardı. Maşınımızı saxlamaq üçün daha yaxşı yer seçərdik. Kölgə olsun, bir qədər kənar olsun və s. kimi. Ancaq indi maşın əlindən həyətə girə bilmirik. Hətta uşaqların oynaması üçün belə yer yoxdur. Özü də yer seçmək nədir, boş gördüyümüz ilk yerdə maşını saxlayırıq ki, bir neçə dəqiqə geciksək o yer də əldən çıxacaq. Səbəb sadədir: bir zamanlar hər 10 ailədən birində 1 maşın vardısa, indi hər ailədə ən azı 1, bəzən də 2 və 3 maşın var. Üstəlik, bu maşınlar 10 il bundan öncəki ucuz rus maşınları deyil, Almaniya, Yaponiya istehsalı olan və ən bahalı biznes və lüks sinfinə aid maşınlardır. Deməli, binamızda yaşayanların iqtisadi imkanları belə bahalı maşınları sürməyi mümkün edir. Bu isə o deməkdir ki, insanların durumu 10 il öncəki 5 min dollara ucuz rus maşını alacaq səviyyədən indiki ən azı 30-40 min manata lüks sinfindən olan alman maşını almaq imkanına qədər yüksəlib.

Üçüncü örnək. Bir zamanlar Bakıdan doğulduğum Xaçmaz rayonuna bəzən 5-6 saata güclə gedib çıxırdım. Çünki yollar o qədər bərbad idi ki, orta sürət 30-40 km-i keçmirdi. İndi isə mənim kimi qayda-qanun tərəfdarları həmin yolu 2 saata, bəzi bərk gedən oğlanlar isə saat yarıma gedirlər. Bu da bir göstəricidir. Əlbəttə ki, bu durum Bakıdan ölkənin bütün istiqamətlərinə doğru eyni dərəcədə yaxşılaşıb.

Hələ mən vergi, sosial müdafiə sistemindəki yenilikləri, ölkədə aparılan kompüterləşdirmə, yeni texnologiyaların tətbiqi, asan xidmət kimi bir zamanlar xarici ölkələrdə görüb həsəd apardığımız xidmətləri demirəm. Bu cür örnəklər o qədər çoxdur ki, sadəcə bunların qabağında İlham Əliyevə məhz mənim kimi hər zaman ağa ağ, qaraya qara deyən birisi səs verməyə bilməz. Biz 10 il öncə bu dəyişiklikləri arzu edirdik, arzumuz həyata keçib. Keçibsə, nədən belə uğurların davamı üçün xalq olaraq cənab Prezidentə bir daha mandat verməyək? Bu qədər sabit inkişaf yolunda olan Azərbaycanda niyə kursun dəyişməsinə, sonu bəlli olmayan bir yola hə deməliyik? Prezident Əliyevin opponentləri məhz bütün bunları dəyişmək üçün çalışmırlarmı? İndi biz yenidən sıfır seçənəyinə qayıdıb sonu bəlli olmayan bir yola çıxmalı deyilik axı. Ona görə də şəxsən mən Prezident İlham Əliyevə bir daha səs verirəm! Mövqeyim də qəti və birmənalıdır! Azər Həsrət 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !