ADU-da Tempus Azərbaycanda: yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar mövzusunda Beynəlxalq konfrans öz işinə başladı -

ADU-da “ Tempus Azərbaycanda: yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar” mövzusunda Beynəlxalq konfrans öz işinə başladı

Sentyabrın 25-də Azərbaycan Dillər Universitetində ADU-nun koordinatorluğu ilə Avropa Birliyinin Tempus proqramının Tempus Ritsa layihəsinin “ Tempus Azərbaycanda yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar” mövzusunda yekun konfransı keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov, Milli Tempus layihəsinin rəhbəri Pərviz Bağırov, Avropa Birliyinin Tempus üzrə rəhbəri cənab Klaus Haupt iştirak edirdi. Bununla yanaşı, beynəlxalq konfransa ADU-nun tərəfdaşı olan Avropa universitetləri Fransa, İtaliya, Almaniya, Türkiyə və Böyük Britaniyanın bir sıra aparıcı universitetlərindən nümayəndələr, müxtəlif sahələr üzrə, o cümlədən dil və linqvistika üzrə elm adanları qatıldı. Tədbirdə, həmçinin Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin rektorları və nümayəndələri, müxtəlif ölkələrin Azərbaycandakı diplomatik korpuslarının əməkdaşları, bir sıra digər yerli və xarici nümayəndələr iştirak edirdi. Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov iştirakçıları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirdi. Rektor universitetin üç il bundan əvvəl Tempus proqramının sözügedən layihəsinə qoşulduğunu və bu layihədə uğur əldə edildiyini qeyd etdi. O, məhz 2010-cu ildən Azərbaycan Dillər Universitetinin Tempus layihəsinin Azərbaycan tərəfdən idarəedicisinə (koordinatoruna) çevrildiyini və Azərbaycan təhsil sistemində məhz ADU-nun bu ilkə imza atdığını iştirakçıların nəzərinə çatdırdı. Rektor professor Səməd Seyidov bu layihənin ən əsas nəticəsinin Esseks, Leyspiq, Strasburq, Milan Tərcüməçilik İnstitutu və bir çox universitetlərlə yeni proqramları həyata keçirmək olduğunu vurğuladı. Rektor Azərbaycan Respublikasının Təhsil nazirinin beynəlxalq əlaqələrə önəm verdiyini və bu layihənin Azərbaycanda həyata keçirilməsində dəstəyini xüsusi vurğuladı. Çıxışının sonunda isə rektor bu konfransın yeni əlaqələrin, fikirlərin, konfransların başlanğıcı olduğunu qeyd etdi. Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Ceyhun Bayramov ilk olaraq bu əhəmiyyətli gün münasibətilə iştirakçıları təbrik etdi. O, 1995-ci ildən etibarən Azərbaycanın bu layihədə iştirak etdiyini bildirdi. C. Bayramov Azərbaycanda yazılı və şifahi tərcümə sahəsində islahatlar mövzusunda konfransın keçirilməsini yüksək qiymətləndirdi. O, son illər Tempus layihəsində iştirak edənlərin sayının artdığını, hazırda ADU ilə birgə 3 ali təhsil müəssisəsinin bu layihədə uğurla iştirak etdiyini bildirdi. Ceyhun Bayramov yazılı və şifahi tərcümə mövzusunda aparılan islahatların uğurlu nəticələrinin ölkəmizdə təhsil sisteminin davamlı inkişafına kömək edəcəyini qeyd etdi. Sonra çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov bu günün həmçinin onun üçün də əlamətdar olduğunu dedi. O, Tempus layihəsində iştirak edən universitetlərdən birinin Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olduğunu bildirdi. Professor Asəf Zamanov Tempus layihəsinin önəmini xüsusi vurğulayaraq iştirakçılara uğurlar arzu etdi. Daha sonra çıxış edən Avropa Birliyinin nümayəndəsi Frederik Bernard konfransda olmaqdan məmnun olduğunu bildirdi. O, Tempus layihəsinin yekun konfransının Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirdi və əməkdaşlıq nəticəsində yeni proqramların həyata keçəcəyinə əminliyini ifadə etdi. F. Bernard layihədə iştirak edənləri aktiv olmağa çağırdı. Sonra çıxış edən Avropa Birliyinin Tempus üzrə rəhbəri cənab Klaus Haupt Azərbaycanda ilk dəfə olduğunu qonaqların diqqətinə çatdırdı. O, “Azərbaycan təhsilinin müasirləşdirilməsi: Azərbaycana Tempus layihəsinin gətirdiyi dəyərlər” mövzusunda məruzəylə çıxış edərək proqramın inkişafı, məqsədləri, Tempusun Azərbaycanda keçirilməsi haqqında danışdı. Belə ki, o, Tempus layihəsinin 1990-cı ildən yarandığını və bu layihəyə Şərq ölkələrinin 1993-cü ildən, Azərbaycanın isə 1995-ci ildən qoşulduğunu bildirdi. Klaus Haupt Tempus layihəsinin məqsədlərinin ali təhsil müəssisələrində müasirləşdirilməsi, milli ali təhsil müəssisələrinin təhsil siyasətlərinin dəstəklənməsi, universitetlər arasında yeni fikir mübadilələrinin aparılması olduğunu qeyd etdi. Azərbaycanın Tempus layihəsində iştirakından danışan K.Haupt 1995-2013-cü illər ərzində 33 layihənin həyata keçirildiyini, 3 layihənin isə Azərbaycan universitetləri tərəfindən idarə olunduğunu dedi. O, Azərbaycanın hal-hazırda 17 Tempus layihəsinə cəlb olunduğunu qeyd etdi. Naxçıvan Dövlət Universitetinin nümayəndəsi Anar Kazımov Tempus layihəsində iştirak edən universitetlərdən birinin də Naxçıvan Dövlət Universiteti olduğunu dedi və konfransa uğurlar arzu etdi. Konfrasın birinci panelində Britaniya Şurasının əməkdaşı Elizabet Vaytın moderatorluğu ilə Böyük Britaniyanın Esseks Universitetinin nümayəndəsi Nilufer Demirkan-Cons , “Sillabus əsasında Azərbaycan Dillər Universitetində dil tədrisnin Ümumi Avropa çərçivəsində inkişaf etdirilməsi və müəllimlərin bu prosesə cəlb olunması”, Azərbaycan Dillər Universitetinin professoru Gülnar Hüseynzadə, “ Dil tədrsində Mədəniyyətlərarası səlahiyyət”, Britaniya Şurasının əməkdaşı Gülşən Hüseynova, “ Layihədə davamlılıq: özünü idarə dil mərkəzləri”, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşı Rəfiqə Əliyeva “Regional institutlarda müəllim təlimlərinin tədris prosesinə təsiri”, ikinci panelində professor Ayfər Altayın moderatorluğu ilə, Harald Scheel,” Tərcümənin akademik təhsil biliklərinə görə öyrənilməsi” Azərbaycan Dillər Universitetinin əməkdaşı Fiyalə Abdullayeva “ Tərcüməçi təlimində proqram dəyişiklikləri və problemlər”, Lənkəran Dövlət Univresitetinin əməkdaşı Asudə Abdullayeva “ Yazı bacarıqlarının tərcüməçi səviyyəsində inkişaf etdirilməsi”, İtaliyanın Milan Tərcüməçilik İnstitutunun nümayəndəsi Fabrizia Parini “ Birinci İtalyan-Azərbaycan lüğəti Tempus Azərbaycanda yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar çərçivəsində”, üçüncü panelində isə Azərbaycan Dillər Universitetinin professoru , Tədris işləri üzrə prorektor Natiq Yusifovun moderatorluğu ilə Mehriban Əliyeva, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi İlham Hümbətov. Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Leyla Məmmədli, Azərbaycan Dillər Universitetinin nümayəndəsi Alidə Süleymanova “ Tərcümə araşdırma proqramının işə qəbul səviyyəsinin artırılması” mövzularında məruzələrlə çıxış edəcəklər. Xatırladaq ki, Azərbaycan Dillər Universiteti 2010-cu ildə Azərbaycanda ilk dıəfə olaraq Avropa Komissiyasının TEMPUS layihəsinin qrant sahibi və koordinatoru seçilmişdir. Azərbaycanda tərcümə tədrisinin islahatlarına yönəlmiş bu layihə üç illik dövrü əhatə edir. Layihədə Avropa Komissiyasını təmsil edən Böyük Britaniyanın Esseks Universiteti, Almaniyanın Leyspiq Universiteti, Fransanın Strasburq Universiteti və İtaliyanın Milan Tərcüməçilik İnstitutu tərəfdaş kimi iştirak edir. Azərbaycan universitetləri arasında isə, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutu bu layihənin tərəfdaşıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi də bu layihənin daimi tərəfdaşıdır və nazirliyin nümayəndələri üç il ərzində bu layihədə fəal iştirak etmişlər. Layihə çərçivəsində ADU-da sinxron tərcümə magistr proqramı açılmış və bu proqram Fransanın Strasburq Universiteti ilə ADU arasında birgə diplom layihəsi kimi həyata keçirilir. Layihənin tərəfdaşları olan Azərbaycan universitetlərində isə, yeni məzmunda bakalavr tərcümə proqramlarının əsası qoyulmişdur. Qeyd edək ki, konfrans sentyabrın 27-də Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda başa çatacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !