AZƏR HƏSRƏT : AzərSu üçün əsəbi Facebook statusu -

AZƏR HƏSRƏT : AzərSu üçün əsəbi Facebook statusu

 “Bu AzərSu, vallah, seçkiqabağı Prezidentə qarşı sabotajla məşğuldur. Şıxlinski 19-da su borularını evlərin içindən bloka çıxarıblar. Həyətimizin asfaltını məhv ediblər, tozdan həyətə girmək olmur. Hər tərəf qazıq-qazıq. Evlərimizin suyunu da kəsib yeni xəttə calayıblar. Bu işi o qədər səliqəsiz görürlər ki, söz deyəndə də deyirlər ki, evdə olun, gəlib vaxtında işimizi görək. Elə bil ki, camaat işini-gücünü atıb evdə oturmalı və bunların kefinə düşəndə gələcəyi vaxtı gözləməlidir. İndi dünən də gəlib bizim suyumuzu köhnə xətdən təzəsinə calayıblar. Dedilər, axşam suyunuz gələcək. 5 kub kreditiniz var. Amma olmadı, axşam susuz qaldıq. Az öncə Xətai Sukanal İdarəsinə zəng edib ora getmişəm ki, məsələni həll edim, çatanda deyirlər ki, iş vaxtı qurtarıb, get, sabah gəl. Adamlara izah edə bilmədim ki, bu işi daha rahat görmək olardı. Yəni mənim suyumu kəsib yeni xəttə calayanda yeni sayğacın kartını da imzamı alıb təhvil verə bilərdilər. Necə ki, AzərQaz belə etmişdi. Bunlar deyir ki, yox, elə olmaz. Bütün sakinlər şəxsən gəlib o kartı almalıdır! Yəni bu qədər küt bir qərar ola bilərmi? Bu adamlar rəsmən prezident seçkisini sabotaj etməklə məşğuldur! Həyətdə hər kəs narazıdır! Hamı da hökumətdən narazılıq edir. İzah da edə bilmirəm ki, buna Prezident nə etsin? Bax, belə. Hazırda çox əsəbi, tər içindəyəm! Suyumuz da gəlmir! Üstəlik, oradakı məmurlara da etika dərsi keçmək lazımdır! Məsələn, öyrətmək lazımdır ki, bir vətəndaş qapını döyüb içəri daxil olursa və salam verirsə başınızı qaldırıb salamını alacaq qədər qanacağınız olmalıdır! Üstəlik də vətəndaşa nağıl danışmaq yox, problemini həll etmək lazımdır ki, ölkədə sosial narazılığa səbəb olmayasınız! Bunu anlamırsınızsa, yaxud da anlamaq istəmirsinizsə, kreslonu boşaldın, bu işdən anlayacaq o qədər insanlarımız var ki! Bir daha qeyd edirəm ki, bu adamlar rəsmən Prezidentə qarşı işləyirlər! Bilərəkdən və məqsədli şəkildə narazılıq yaradırlar! Bütün məsuliyyətimlə deyirəm bunu!”
Yuxarıda yazdıqlarım dünən Facebook profilimdə yer alan fikirlərimdir. Adətən şəxsi problemlərimi heç vaxt ictimailəşdirmirəm. Hətta hər hansı bir dövlət idarəsinə müraciət edəndə belə kim olduğumu demirəm, özümü adi bir sakin kimi təqdim edirəm. Və əsəblərimi qorumaq üçün də mümkün qədər dövlət idarələrindən uzaq olmağa çalışıram. Çünki hələ də elə idarələr var ki, oranın işçiləri 30-40 il əvvəlin təfəkküründən uzağa gedə bilmirlər. Bu isə məni ciddi şəkildə əsəbləşdirir. İndi isə bu su məsələsi tək şəxsimə aid olmadığı üçün ictimailəşdirmək qərarına gəldim.

Bəli, Şıxlinski küçəsindəki 19 və 21 saylı binaların həyəti artıq bir aydır ki, məhv edilib. Düz blokların qabağında kanal qazılıb, yeni su xətti çəkilib. Üstü də... tozla doldurulub. Məhz tozla! Bir balaca külək olan kimi həmin toz evlərin içindədir. Qapını, pəncərəni açmağa belə qorxuruq. Demirik ki, işləməyin, su xətti çəkməyin. Bu iş artıq çoxdan bitibsə nəyə görə hələ də həyətdə abadlıq-bərpa işləri görülmür? Niyə bizim asfaltımız bərpa edilmir? Daha nəyi gözləyir bu AzərSu? Sakinlərin narazılığını sosial partlayış həddinə çatdırmaqdır bəlkə bunların məqsədi?

Həyət bu gündəykən blokların içi, mənzillərdə də problemsiz deyilik. Biz işdə olan müddətdə qapını döyüb su xətti çəkmək istəyirlər, təbii ki, biz də evdə olmuruq. Və irad tuturlar ki, niyə evdə tapılmırsınız ki, gəlib su çəkək! Adamlara izah edə bilmirəm ki, bunun üçün heç olmasa 3-5 gün öncədən elan yazın, sakinlərin xəbəri olsun, deyilən vaxtda evdə olaq. Deyirlər ki, “elan yazmaq bizim işimiz deyil”! Təfəkkürünüzə bərəkallah! Bəs biz hardan bilməliyik ki, siz nə vaxtsa gəlib su xətti çəkəcəksiniz?

Bu da belə! Daha bir problem su xətlərini köhnəsindən ayırıb yenisinə calayandan sonra ortaya çıxır. İndi də deyirlər ki, gedin, Xətai Sukanal İdarəsində köhnə sayğacı təhvil verib yenisi üçün kart alın! Yenə də təfəkkürünüzə bərəkallah! Minlərlə sakin niyə sizin ayağınıza gəlməlidir axı?! Bu işi daha asan yolla etmək olmazmı? Axı bunun təcrübəsi də var! AzərQaz da eyni şəkildə blokdan qaz xətti çəkib yeni sayğaclar quraşdıranda daha sakinləri idarəyə dəvət etməmişdi. Onların işçisi gəlib qapı-qapı gəzərək sayğac kartlarını təhvil vermişdi. Bunu AzərSu niyə etmək istəmir? Niyə minlərlə sakini məcbur edir ki, onların ayağına getsin? Gedəndə mənim kimi “iş vaxtı qurtardı” deyib başlarından etsin? Sual etmək istərdim ki, sizin məqsədiniz nədir? Niyə insanlara bu qədər zülm verirsiniz? Bəlkə bu işi qurmaq üçün bilik və bacarığınız yetmir? Yetmirsə, kənara durun, o işləri ustaca yerinə yetirə biləcək yetərincə kadr var bu ölkədə!

Və sonda onu da qeyd edim ki, Şıxlinski 15 ünvanındakı binanın qarşısından illərdir ki, boşuna su axır. Axşam, səhər su gələn kimi üzüaşağı düz baş yola qədər şarhaşar su axır. Özü də bunu su idarəsinin işçiləri də görür! Ancaq su hələ də boşuna axır! Özü də illərdir ki, axır! Gün deyil, ay deyil, illər deyirəm! Bu dövlətin sərvətinə bu qədər biganə yanaşanları, vallah, Stalin sağ olsaydı dərhal güllələtdirərdi! İndi sizi güllələmirlər deyə bu qədər də vecsiz olmayın lütfən!

Azər Həsrət

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !