ADU rektoru tələbələrlə görüşdü -

ADU rektoru tələbələrlə görüşdü

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) yeni tədris ilinin başlanması münasibətilə I kurs tələbələrinin iştirakı ilə tədbir keçirildi. ADU-nun akt zalında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yeni tədris ili münasibətilə professor – müəllim heyətini, tələbələri təbrik etdi. Rektor qeyd etdi ki, yeni tədris ilinin başlanması əhəmiyyətli bir hadisədir; Yeni tədris ili yeni həyatdır Universitetin tarixindən danışan rektor bildirdi ki, ali məktəbin tarixi 1948-ci ildən başlayır: “1948-ci ildə yaradılan ali məktəb, sonradan 1973-cü ildə Heydər Əliyevin birbaşa sərəncamı ilə müstəqil institut kimi fəaliyyət başlamışdı.” Rektor Səməd Seyidov bildirdi ki, 2000-ci ildə isə məhz Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə institut universitet statusu aldı və profili genişləndirildi. ADU rəhbəri ən yüksək səviyyəli professor-müəllim heyətinin də ADU-da çalışdığını bildirdi. ADU tələbələrinin Azərbaycanın bayrağını daim uca tutduğunu, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Rektor Səməd Seyidov qeyd etdi ki, universitetin əsas fəaliyyəti Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana gətirməkdir: “Gəncliyimiz daha ağıllı, daha mübariz və daha qüdrətlidir. ADU-nu seçməklə siz düzgün yolda olduğunuzu sübut etmisiniz”.
ADU rəhbəri bildirdi ki, hər bir ali məktəb öz tələbələri ilə fəxr etməlidir: “Biz də öz tələbələrimizlə fəxr edirik ki, onlar bizim etimadımızı doğruldur, universitetin nüfuzunu daha da artırırlar”.
Rektor bildirdi ki, ADU-da dil tədris olunmaqla yanaşı, həmin ölkələrin mədəniyyət mərkəzləri də fəaliyyət göstərir ki, bu da tələbələrin dil vərdişlərinə daha da dərindən yiyələnməsinə xidmət edir.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezident İlham Əliyev tərəfindən təhsilə, gəncliyə, xüsusi qayğının olmasından danışan rektor S. Seyidov məhz bu qayğının nəticəsində də ADU-da vacib islahatların aparıldığını dilə gətirdi. Bolonya prosesi haqqında da danışan rektor bir çox tələbələrin öz təhsillərini xarici ölkələrin ali təhsil müəssisələrində davam etdirdiklərini nəzərə çatdırdı. Hər bir tələbənin öz qarşısına məqsəd qoymasının vacibliyindən danışan rektor bununla yanaşı, əsl vətəndaş olmağın vacibliyini vurğuladı: “Sizdən bir məsələ tələb olunur: oxumaq, təhsil almaq və öz vətəndaş mövqeyinizi ortaya qoymaq”.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !