Lənkəranda Sərhəd Qoşunlarının yaranmasının 94-cü ildönümünə və gənc əsgərlərin hərbi andiçməsinə həsr olunmuş mərasim keçirilmişdir -

Lənkəranda Sərhəd Qoşunlarının yaranmasının 94-cü ildönümünə və gənc əsgərlərin hərbi andiçməsinə həsr olunmuş mərasim keçirilmişdir

Avqustun 18-də Lənkəran Sərhəd Dəstəsində Sərhəd Qoşunlarının yaranmasının 94-cü ildönümünə və “N” saylı hərbi hissənin gənc əsgərlərinin hərbi andiçməsinə həsr olunmuş mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən hərbi hissənin komandiri, polkovnik-leytenant Elşən Mirzəyev şəxsi heyəti Sərhəd Qoşunlarının yaranmasının 94-cü ildönümü və gənc əsgərlərin andiçmə mərasimi münasibətilə təbrik etmişdir.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə avqustun 18-nin Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı günü kimi təsis edildiyini vurğulayan E.Mirzəyev bildirmişdir ki, bu tarix təkcə Azərbaycan sərhədçiləri deyil, bütün xalqımız üçün əlamətdar günlərdən biridir. Dövlətçiliyin mühüm atributlarından sayılan dövlət sərhədinin mövcudluğu və onun öz vətəndaşları tərəfindən qorunması dövlətin müstəqilliyini göstərən amillərdən biridir.
Qeyd olunmuşdur ki, bu gün hərbi andı qəbul edən hər bir əsgər Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına söz verərək öz üzərinə mənəvi və hüquqi məsuliyyət götürür. Artıq həmin andan etibarən hər bir əsgər Silahlı Qüvvələrin tam hüquqlu üzvü kimi əlində silah Azərbaycan Respublikasının mənafeyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasına hazır olmalıdır. Hərbi and hər bir əsgəri mübariz, mətin, cəsur və qorxmaz olmağa çağırır.
Sonra hərbi hissənin “Döyüş bayrağı” meydana gətirilmişdir.
Gənc əsgərlər Vətənə sədaqət andı içmişlər.
Şəxsi heyət üzrə şöbənin rəisi, mayor Tural Kərimli Sərhəd Qoşunlarının yaranmasının 94-cü ildönümü münasibətilə məruzə etmişdir.
Mərasimdə çıxış edən gənc əsgərlər və onların valideynləri şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik etmiş, Vətənimizin müqəddəs sərhədlərinin qorunmasında gənc əsgərlərə uğurlar arzulamışlar.
Tədbirdə xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilmişdir.
Təntənəli marşın sədaları altında şəxsi heyət nizamlı addımlarla tribunanın önündən keçmişdir.
Tədbir başa çatdıqdan sonra gənc əsgərlərin valideynləri ilə görüşü olmuşdur.
Mərasim konsert proqramı ilə başa çatmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !