Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində Vel istirahət mərkəzi istifadəyə verilmişdir -

Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində “Vel” istirahət mərkəzi istifadəyə verilmişdir

Avqustun 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində “Vel” istirahət mərkəzi istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, sərhədçi hərbi qulluqçuların və onların ailə üzvlərinin mənalı istirahətini yüksək səviyyədə təşkil etmək məqsədi ilə yerli iqlim şəraiti və relyef nəzərə alınmaqla Xəzər dənizinin sahilində 5 hektara yaxın ərazidə inşa olunmuş mərkəzdə 4 ikimərtəbəli istirahət korpusu və ikimərtəbəli kottec tikilmişdir.
Hər korpusda iki nəfər üçün nəzərdə tutulmuş 14 istirahət otağı vardır. İstirahət otaqları rahat mebel və yataq dəstləri ilə təchiz edilmişdir.
Eyni vaxtda 150 nəfərə yüksək səviyyədə xidmət göstərən yeməkxana binası müasir üslubda inşa edilmişdir.
Dörd otaqdan ibarət tibb məntəqəsi zəruri tibbi avadanlıqla təmin edilmişdir.
Mərkəzin inzibati binasında da lazımi şərait yaradılmışdır.
150 kvadratmetrlik yeraltı tərəvəz anbarı, 200 kubmetrlik su anbarı, qazanxana, camaşırxana və digər yardımçı tikililər, müasir tələblərə cavab verən mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, habelə idman, musiqi və əyləncə meydançaları sərhədçilərin istirahətinin rahat və mənalı keçməsini təmin edəcəkdir.
Yeni istirahət mərkəzinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən DSX-nin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev Lənkəran Sərhəd Dəstəsinin şəxsi heyətini əlamətdar hadisə münasibətilə təbrik etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində lazımi şəraitin yaradılması nəticəsində Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində böyük uğurların qazanıldığını vurğulayan M.Abbasquliyev sərhədçilərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, sərhəddə xidmət edən 1000-dən çox hərbi qulluqçunun və onların ailə üzvlərinin mənzil şəraiti yaxşılaşdırılmışdır.
Mərasim konsert proqramı ilə davam etmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !