Azər Həsrət: Yeni mənzilləriniz mübarək, əziz həmkarlarım! -

Azər Həsrət: Yeni mənzilləriniz mübarək, əziz həmkarlarım!

22 iyul 2013-cü il tarixində Azərbaycan jurnalistləri peşə bayramını qeyd etdi. Onların bir qismi isə əməlli-başlı bayram yaşadı. 156 jurnalistə Azərbaycan dövləti ev hədiyyə verdi. Prezident İlham Əliyev şəxsən təqdimata qatılıb daha bir binanın təməlini də atdı. Və bəyan edildi ki, 2015-ci ilin 22 iyul günü 200-dən artıq jurnalist əlavə olaraq mənzillə təmin ediləcək. Bu, Azərbaycan dövləti, Azərbaycan Prezidentinin media işçilərinə xoş münasibətinin, qayğısının bənzəri olmayan görsənişidir. Təbii ki, buna görə həm dövlətimizə, həm də onun başçısına təşəkkür düşür və şəxsən mən ürəkdən təşəkkür edirəm.

Bayram, sevinc, yeni mənzil kimi xoş mətləblər ortadaykən bu ab-havanı korlayanlar da boş durmadılar. Bilən də, bilməyən də Prezidenti, mənzillərin paylanmasında məsul olan vəzifəli şəxsləri, Mətbuat Şurasını, KİV DF-ni top atəşinə tutdu. İddia iddianın ardınca gəldi. Ədalətsizlik edildiyi, haqqı çatanlar varkən haqqı çatmayanların mənzil sahibi olduğu haqda ittihamların biri bir qəpik olub sosial şəbəkələri başına götürdü. Qarğış edən, nifrin yağdıran, arxada gizlənib ortalığı qızışdıranlar illərdir mənzil həsrətində olub indi ev sahibinə çevrilənlərin gününü göy əskiyə bükmək üçün o ki, var çalışdılar. Və hələ də çalışmağa davam edirlər.

Mənzillərin ədalətsiz bölüşdürülməsilə bağlı iddia səsləndirənlər haqlıdırmı? Haqlı olduqlarını deyə bilərdim. Ancaq demirəm. Niyə? Çünki onların bir çoxu nəyin nə olduğundan xəbərsizdir. Xəbəri olanlar kənarda sakitcə durub növbə gözləyir. Çünki onlar bilir ki, mənzil bölgüsündə ümumi hesabla ədalətsizlik edilməyib. Azərbaycan jurnalistikasında yeni mənzilə haqqı çatan, buna ehtiyacı olan, ümumiyyətlə isə Azərbaycan dövlətçiliyinə vicdanla xidmət edənlər mənzil aldı. Belə olan halda hansı ədalətsizlikdən danışmaq olar?

Özümə söz vermişəm ki, bu yazıda ad çəkməyim. Bununla belə bəzi işarələrimdən anlaşılacaq ki, söhbət kimlərdən gedir.

Özəl olaraq vurğulamaq istərdim ki, şəxsən tanıdığım vicdanlı jurnalist, layiqli vətəndaş olan onlarla evsiz həmkarım bu binadan ev aldı. Eyni zamanda uzun illərdir Azərbaycanı dünyada tanıdan, nəinki ölkəmizə, ümumiyyətlə Türk dünyasına böyük xidmətləri olan bəzi dostlarımız da bu binadan mənzil aldı. Yaxud da uzun illərdir öz qələmi ilə bu dövlətə vicdanla qulluq edən böyüklərimiz, indiki gənclərin bəzən heç tanımadığı abırlı söz adamlarından da bir neçəsi jurnalistlərin evində mənzillə təmin edildi. Sadaladığım kateqoriyadan olan hər kəsin halal haqqı idi bu yeni mənzillər. İnsanların haqqına qovuşması nə gözəldir, deyilmi?

Və bu binadan bəzilərinin tənqidlərinə səbəb olacaq bəzi baş redaktorlar da mənzil aldı. Elə ortalığı qarışdıran da bu amil oldu. İddia edildi ki, onların villası var, neçə-neçə mənzili var və üstəlik dövlət yenə də bunlara mənzil verir. Belə adamların sayı, əslində, elə də çox deyil. Hər kəsin, ən azından mənim tanıdığım baş redaktorlardır ki, şəxsən düşünürəm ki, onlar kimsənin haqqını əlindən almayıb.

Örnək üçün, həmin baş redaktorlardan bir neçəsi, hər kəsin açıq tənqidlərinə açıq olanları uzun illərdir ki, Azərbaycanın yeni dövr jurnalistikasının formalaşmasında böyük rol oynayır. Bu adamlar bir zamanlar jurnalistlərin küçə yürüşlərində, mitinqlərdə şəxsən mənimlə çiyin-çiyinə olub və bu gün birilərinin öz fikrini sərbəst şəkildə ifadə edə bilməsi üçün yaradılan şəraitin təməllərini atıblar.

Digərləri də bu və ya başqa şəkildə etik jurnalistikanın formalaşmasında, dövlət maraqlarını siyasi qruplaşmaların maraqlarından ayırd etməkdə olduqca böyük xidmətləri olan stajlı jurnalistlərdir. Bəli, onların bəzilərinin doğrudan da mənzili var. Bəlkə də bu binadan mənzil almasaydılar hansısa sıxıntıya düşməzdilər. Ancaq axı onlar da bu ölkənin vətəndaşı, bizim kimi jurnalisti olmaqla dövlətin təklif etdiyi imkanlardan yararlanma haqqına sahibdirlər. Əgər ölkə Prezidenti alicənablıq edib jurnalistlərə ev verirsə, yəqin ki, bu evlərin heç olmasa bir neçəsini öz istədiyi jurnalistlərə verməyə haqqı da çatar, deyilmi?. Heç bir təmənna güdmədən, kimsənin siyasi mövqeyinə baxmadan Prezident Əliyev bütün vətəndaşların prezidenti kimi davranaraq hər kəsə bərabər məsafədə dayanıb mənzil verirsə, buna xor baxmaq olarmı? Axı bu binadan mənzil alanlar təkcə hakimiyyət mediasında çalışan həmkarlarımız deyil, həm də ən aparıcı və ən radikal müxalifət qəzetlərinin jurnalistləridir.

Dostlar, gəlin hər şeydə bir qüsur axtarmayaq. Heç mənzil bölgüsündə ilahi ədalət üçün qazıntı da aparmayaq. Bu bir xoş məram idi. Cənab Prezident çox faydalı və xeyirxah bir iş gördü və biz də bunu alqışladıq. Belə münasibətin nəticəsidir ki, daha 200 və ya çox jurnalist üçün yeni binanın təməli atıldı. Bu gün mənzil ala bilməyənlər yəqin ki, o binada mənzillə təmin ediləcəklər. Buna görə cəmi 2 il dözmək lazımdır. Niyə axı biz həmişə məsələnin pis tərəfini düşünürük? Niyə bir iş olanda onun yaxşı tərəflərini görməzlikdən gəlirik? Axı yaxşı düşünənlərin axırı həmişə yaxşı olur. Bu ki, bir həyat gerçəyidir.

Ona görə də hər kəsi bu mənzil dartışmalarına son qoyub yeni mənzil sahiblərinə xeyir-dua verməyə çağırıram. Özü də istisnasız. Yeni mənzil alan 156 həmkarımızın 156-sına da xeyirli-uğurlu olsun deyirəm. Kimin nə deməyindən asılı olmayaraq bu, sizin haqqınızdır. Özü də halal haqqınız. Yeni mənzillərinizdə sağ-salamat yaşayıb xoş gün keçirməyinizi, evlərinizdən daim xoş sədalar gəlməsini arzu edirəm. Qoy cənab Prezident də görsün ki, onun o nəcib əməlinə kölgə salmaq istəyənlərlə bərabər mən də daxil olmaqla çox sayda insanımız bunu düzgün qiymətləndirə bilir. Biz belə addımları hər zaman yüksək dəyərləndirmişik və bundan sonra da dəyərləndirməyə davam edəcəyik.

Yeni mənzilləriniz mübarək, əziz həmkarlarım! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !