BƏXTİYAR SADIQOV : ALLAHIM, NƏYDİ GÜNAHIM?! -

BƏXTİYAR SADIQOV : ALLAHIM, NƏYDİ GÜNAHIM?!

Deyirlər, Allahın haqq divanı və ədalət tərəzisi var!

İnsanların törətdikləri günahları və etdikləri savab işləri mələklər onların sol və sağ çiyinlərinə yazırlar.

Məşhər günündə haqq-ədalət divanı qurulur!

Günahlar ədalət tərəzisinin bir gözünə, savab işlər isə başqa gözünə yığılır!

Tərəzinin tərəflərinin ağır- yüngüllüyündən asılı olaraq, başqa sözlə, insanlar yaşadıqları dövrdə tutduqları əməllərin və gördükləri işlərin müqayisəli nəticəsi əsasında Cənnətə, yaxud Cəhənnəmə göndərilirlər!

Bütün bunlar Haqq dünyasında baş verir!

Allah-taala bu dünyada da bəndələrini istədiyi vaxtda, istədiyi kimi cəzalandıra bilər!

Və görünür, bir milyondan artıq qaçqın və məcburi köçkün də Allahın qəzəbinə tuş gəldiklərindən bu dünyada, həm də belə ağır cəzalandırılırlar!

ALLAHIM, NƏYDİ GÜNAHIM?!

Hansı əməllərimiz səni bu qədər qəzəbləndirdi, elə bizi bu dünyadaca cəzalandırmağa vadar etdi?!

* Ola bilər ki, yolunu lazımınca tutmamışıq, bəlkə də hərdən varlığını unutmuşuq!

* Ola bilər ki, valideynlərimizə kifayət qədər itaət edib, ovladlarımıza borclu olduğumuz qayğını göstərməmişik!

* Ola bilər ki, haramı halala qatmışıq, nəfsimizə hakim kəsilmədiyimizdən insanları haqsız yerə çox incitmişik!

* Ola bilər ki, bizdən kömək umanlara təmənnasız əl uzatmamışıq!

* Ola bilər ki, qohum-qardaşın, dost-tanışın varlısı ilə kasıbı arasında çox fərq qoymuşuq!

* Ola bilər ki, Seyid Lazım Ağanın cəddinə yalandan da and içmişik!

* Mümkündür!

Həyatdır, insandı

r, nəfsi-təmənnası olur!

Barmaqların da beşi bir boyda deyil ki?!

Sənə qurban olum, ay Allah! Axı, ucdantutma hamımız belə olmamışıq? İçimizin yaxşıları da çoxdur!

Bir də niyə qurunun oduna bu qədər yaş da yanmalıdır?!

Məgər ermənilər də bizim kimi deyildilərmi? Əslində, onlar daha betərdilər və dünyada alçaqlığın, riyakarlığın, rəzilliyin, yalançılığın və şərəfsizliyin simvoluna çevriliblər!

Qarabağ müharibəsində isə nəinki insanlıqlarını, hətta öz Allahlarını da unutdular:

* Xocalı, Qaradağlı, Bağanis-Ayrım və digər soyqırımıları törətdilər!

* Əsirlərin, girov düşmüş dinc sakinlərin, uşaqların başına olmazın müsibətlərini, fəlakətlərini gətirdilər!

* Yüz minlərlə insanın əynindən və boğazından kəsdiyi, alın təri və əl qabarı ilə tikdirdiyi ev-eşiyini qarət edib dağıtdılar, malına-mülkünə od vurub yandırdılar, kəndləri, qəsəbə və şəhərləri bayquşlar ulayan xarabalıqlara çevirdilər!

* Yüz minlərlə insanı uzun müddət ilan mələyən düzlərdə salınmış çadır şəhərciklərində, yeraltı qazmalarda, heç bir şəraiti olmayan ictimai binalarda yaşamağa vadar etdilər!

* Anaları oğulsuz, gəlinləri ərsiz, uşaqları atasız qoydular!

Müqəddəs kitabımız Quranda yetimə kömək göstərmək, dul qadınlara yardım əli uzatmaq, köməksiz qocalara həyan durmaq savab sayılır.

Bəs, uşaqları yetim qoymaq, cavan gəlinləri ər çörəyi yeməkdən məhrum etmək, qoca ata-anaların oğullarını öldürərək ömürlərinin son günlərini tənha yaşamağa məcbur etmək günah deyilmi?

Bəs, bu gunahı törədənlərin cəzası hanı?

Yaxşı qidalanmamaqdan xəstəliklər tapan, oxumaq imkanı olmadığından ömürlük fəhləliyə məhkum edilən, nişanlısı şəhid getdiyindən ata evində qalıb qarıyan, vaxtında ailə qura bilmədiyindən həyatı puç olan insanların bədbəxtliklərinin haqq-hesabı nə zaman çəkiləcək?

İyirmi ildir "Yasin" səsinə həsrət qalan qəbiristanlıqların, daşları oğurlanaraq aparılan qəbirlərin, doğulduğu kəndin qəbiristanlığında əbədi uyumaq üçün özünü müvəqqəti dəfn etdirən və gorbagor olunmasını vəsiyyət edən məcburi köçkünlərin qisasını qiyamət gününə saxlamaq olarmı, Allahım?!

Dövlətimiz məcburi köçkünün insan kimi yaşaması, yarasının qaysaq bağlaması üçün nə lazımdırsa edib və edir:

* Çadır şəhərcikləri çoxdan ləğv olunub, əvəzində 78 yeni tipli qəsəbə salınaraq məcburi köçkünlərə təmirli evlər və mənzillər verilib.

* Məcburi köçkünün normal yaşamasına yardım göstərilir - aylıq çörəkpulu verilir, elektrik enerjisi, qaz sərfiyyatının xərclərini hökumət çəkir.

* Məcburi köçkün övladları təhsil haqqından azad olunur.

* Şəhid ailələrinə xüsusi müavinət verilir.

* Müharibə veteranlarına, protezə ehtiyacı olan əlillərə daim qayğı göstərilir.

* 2014-cü ilədək məcburi köçkünlərin bütün problemlərinin həll olunacağı sonuncu Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilir.

* Problemlərin hərb yolu ilə həlli üçün müasir və modern ordu yaradılıb və 26 iyun paradında Milli Ordumuz öz gücünü, yeni silahlarını, habelə potensial imkanlarını nümayiş etdirdi.

AMMA SƏN İŞƏ QARIŞMASAN, PROBLEMİN HƏLLİNƏ NÖQTƏ QOYULACAĞI MÜŞKÜL GÖRÜNÜR, ALLAHIM!

Yaxşı bilirsən niyə?!

Biz məcburi köçkünlər bu bəladan necə qurtulaq, doğma torpaqlara necə qayıdaq?

Axı, hər şey sənin əlindədir, Allahım!

Axı, bir gecədə hər şeyi dəyişdirmək qüdrətindəsən!

Amma nə edək ki, bizim hövsələmiz dar, sənin səbrin isə genişdir...

Allahımız, nəydi bizim günahımız?

Onu necə yuyaq, nə sayaq təmizləyək?!

20 min şəhid qanı kifayət etmədimi?

Görəsən o, necə böyük günahdır ki, hələ də cəzası bitməyib, indi də davam edir!

Artıq bu çoxstandartlı dünyada ümiddən başqa heç nəyimiz qalmayıb bizim, Allahım!

Amandır! Qoyma o da yox olsun!!!

Son damla ümidimiz itməmiş qaytar bizi doğma yurd-yuvamıza, Allahım!!!

Qaytar bizi təkcə bünövrəsi görünən dağılmış evlərimizə!

Qaytar bizi xaraba kənd və qəsəbələrimizə!

Qaytar bizi viran edilmiş qəbiristanlıqlarımıza!

Qaytar bizi qanqal basmış torpaqlarımıza!

Qaytar bizi ocağı sönmüş ata-baba yurdumuza!

Onsuz da çoxumuz qırılmışıq, heç olmasa yerdə qalanlarçün gec olmasın!

Heç olmasa qaçqın kimi doğulan övladlarımız "yerli" olmağın şərəfini duysun!

Axı, sən Allahsan!

Axı, sən yeri-döyü xəlq edənsən!

Axı, sən adilsən, aqilsən, ədalətlisən, bağışlaya bilənsən!

Noolar, bir milyon binəsibə rəhm elə!

Axı, səbrin, cəzan kimi ədalətin də böyükdür!

Tez göstər bizə ədalətini!

Tez göstər bizə gücünü!

Tez göstər bizə qudurmuşların cəzalandırılmasını!

Tez göstər bizə cızığından çıxanların düz yola qaytarılmasını!

Keç günahımızdan, Allahım!

Bilirik, günahların da ağırı və nisbətən yüngülü olur!

Bilirik ki:

* Başqasını həyatdan məhrum etməklə Allahın ona verdiyi ömrü zorla geriyə almaq;

* İnsanlara ağır fiziki işgəncələr və mənəvi əzablar vermək;

* Başqasının əmlakına zorla sahib çıxmaq;

* Özgələrin ev-eşiyini yandırıb dağıtmaq, mal-mülkünü çapıb-talamaq;

* Dini məbədləri, məscid və kilsələri uçuraraq xaraba qoymaq;

* İnsanların müqəddəs sayaraq ziyarət etdikləri məqbərə, pir və qəbir yerlərini dağıdıb təhqir etmək;

* Qəbiristanlıqları viran qoymaq, qəbir daşlarını söküb aparmaq;

* Ən nəhayət, insanları dini mənsubiyyətinə görə kütləvi şəkildə - qadın, uşaq, qoca, cavan olmasına baxmadan soyqırımına məruz qoymaq ən ağır dünahlardandır!

Erməni başqalarına arxalanaraq bütün bu müsibətləri bizim başımıza gətirib!

Erməni heç vaxt öz ağzı ilə hürməyib!

Allahım, qarşında günahkar olduğumuza

görə bizə Vətəndə vətənsiz qalmaq, məcburi köçkün həyatı sürmək cəzası vermisən!

Məsləhət səninkidir!

Yerin, göyün sahibi, haqq-ədalət divanının ən adil hökmdarı Sənsən!

Bunu bilirik və Sənə itaət edirik!

Bəs, azğın erməninin cəzası haçan veriləcək?!

Axı, bizim onunla heç bir işimiz yox idi!

Onlar bizimlə başladı!

Biz cəzamızı bu dünyada çəkiriksə, bəs erməni əməllərinin əvəzini nə zaman alacaq?!

YOXSA İKİLİ STANDART GÖYLƏRƏ DƏ QALXIB!

Ulu Tanrımız! Biz bəndələr Sənin işinə qarışa bilmərik!

Dünyanın ədalətsizliyindən, onun ikibaşlı oyunlarından bezərək ətəyindən tutmuşuq:

Bizə verdiyin cəza yetməzmi?

Bəlkə erməniləri və onların havadarlarını da əvvəlcə bu dünyada haqq-ədalət divanına çəkəsən?

Bizim cəzalanmağımızı isə dayandırasan!

Axı, sən Allahsan!

Ağdamın işğalının 20 ili də tamam oldu!

Qara "yubileyləri" haçanacan keçirəcəyik!

Bunu ancaq sən bilirsən, Allahım!

Şükür böyüklüyünə!

 

Bəxtiyar SADIQOV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !