Bəxtiyar SADIQOV : VƏTƏNƏ DÖNÜK ÇIXANLAR -

Bəxtiyar SADIQOV : VƏTƏNƏ DÖNÜK ÇIXANLAR

Gənclik dövrümüzdə Mir Cəlalın " Bir gəncin manifesti" əsərini necə məhəbbətlə, sevə-sevə oxuyardıq! Əsərdə hamının hisslərinə toxunan qəribə bir məqam da var: azərbaycanlı ana daim sevib əzizlədiyi, öz əli ilə toxuduğu xalçanı ehtiyac üzündən bazara çıxararaq satmalı olur. Pullu alıcıya da rast gəlir! Amma onun əcnəbi olduğunu biləndə, Azərbaycan xalısının vətəndən kənara aparılacağını hiss edəndə fikirindən daşınır: "İtə ataram, yada satmaram!" - deyir.

O vaxtdan bu ifadə zərb-məsələ çevrilib, vətənpərvərlik tərbiyəsinin bir elementi olub.

Bəli, əslində, biz milli-mənəvi dəyərlərimizi gözbəbəyi kimi qorumalıyıq!

Heç zaman Azərbaycanlılığımızı, bu vətənin övladı olduğumuzu unutmamalıyıq!

Azərbaycan üçün qiymətli, əziz nə varsa, hamısını qoruyub saxlamalıyıq!

Ən əsası Azərbaycanın təmiz adının, artıq dünyada tanınan müsbət imicinin qayğısına qalmağı bacarmalıyıq!

AMMA BUNU HAMIMIZ EDİRİKMİ?!

Cəmi 21 ildir ki, müstəqil dövlət olmuşuq!

Cəmi 21 ildir ki, öz əlimiz, öz başımızdır!

Cəmi 21 ildir ki, öz sərvətimizin sahibi, sərəncamçısıyıq!

Görün bu 21 ildə nələr etməmişik:

* İqtisadi sahədə 300 faizlik artıma nail olmuşuq!

* Siyasi sahədə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişik!

* Mədəniyyət sahəsində Avroviziya mahnı müsabiqəsində qalib gələrək Bakıda onun ən yaddaqalan yarışmasını keçirmişik!

* Bu gün peykimiz kosmosda uçur!

Həm də bu 21 ilin hamısı inkişaf və quruculuğa sərf olunmayıb!

Biz anarxiya və qanunsuzluq burulğanından keçərək bugünkü yüksəlişə çatmışıq!

Biz vətəndaş müharibəsinin astanasından qayıtmışıq!

Biz dərin iqtisadi və siyasi böhranı arxada qoymuşuq!

Biz dövlət çevrilişi cəhdlərinin sınaqlarından çıxmışıq, fövqəladə vəziyyətlərdən qurtulmuşuq!

Bu gün Azərbaycan müasir, demokratiya yolu ilə irəliləyən gənc dövlətdir!

Bu gün Azərbaycan Cənubi Qafqazın lideri, bölgədə söz sahibidir!

Təəssüf ki, bu yolda itkilərimiz də olub:

20 min vətən övladını şəhid vermişik!

Qarabağ uğrunda gedən müharibənin birinci mərhələsini uduzmuşuq - 20 faiz torpağımız hələ də düşmən işğalındadır!

Hələ də Azərbaycanın müstəqilliyini istəməyən, onun müstəqil, öz maraqlarına xidmət edən siyasət yürütməsi ilə barışmayan dövlətlər və qüvvələr var!

Hələ də müstəqil Azərbaycanla bağlı müxtəlif yerlərdə cızılan məkrli planlar icra olunacaqları günü və saatı gözləyirlər!

Hələ də Azərbaycanı yenidən öz təsirləri altına salmaq, öz maraqlarına xidmət etdirmək istəyən qüvvələr var!

Bütün bunlar bizi daha ayıq-sayıq olmağa, müstəqilliyimizin üzərində əsərək onu möhkəm qorumağa sövq edir!

AMMA HAMIMIZ BELƏ DÜŞÜNÜRÜKMÜ?

Bu gün Azərbaycan vətəndaşı heç zaman olmadığı qədər azad və təminatlı həyat sürür!

Bu gün Azərbaycan başdan-başa yenidən tikilib qurulur!

Bu gün Azərbaycan Avropaya və dünyaya inteqrasiya edir!

Amma, nədənsə, həmişə müqayisə aparanda keçmişimizə baxıb, bu günümüzü dünənimizlə tutuşdurmuruq! Nədənsə, ABŞ, Fransa, Böyük Britaniya, İsveçrə, Almaniya və başqa ölkələrdən götürülən misallar gətirməyi xoşlayırıq.

Bilmirəm buna siyasi savadsızlıqmı, məntiqsizlikmi, yaxud naşılıqmı deyək!

Ay balam, bazar iqtisadiyyatı və demokratiya tarixi yüz illərlə ölçülən dövlətlərlə müstəqillik yaşı 22, quruculuq tarixi isə cəmi 10 il olan Azərbaycanı müqayisə edərlərmi?!

Zirvəyə çatmaq üçün çox yol qət etmək, çox əziyyət çəkmək gərəkdir!

O sovet hökuməti idi ki, 20 ilə ölkədə kommunizm quracağını xalqa vəd etmişdi! Amma necə "qurduğunu" yaxşı gördük!

Kommunizmin yerinə "Ərzaq proqramı" qəbul edən dövlət ət və yağı ailəbaşı normaya çevirdi, hər insana ay ərzində nə qədər ət və yağ ala biləcəyini talonla müəyyənləşdirdi!

Azərbaycanı Avropa dövlətləri ilə iqtisadi cəhətdən müqayisə edəndə üstünlük biz tərəfdədir:

* Neçə illərdir onlar maliyyə və iqtisadi böhran keçirirlər.

Biz isə, şükür Allaha, daim yüksəlişdəyik!

* Demokratik inkişaf məsələləri də normaldır: əgər buna da zaman, indiyədək bu sahədə görülən işlər və qərəzsiz yanaşma olsa, vəziyyətin qənaətbəxş olduğunu görərik.

Təəssüf ki, ikili yanaşma və ikili standart Azərbaycana qarşı olan münasibətlərdə hələ də davam edir. Səbəbini isə bir qədər əvvəldə söyləmişdik!

Dünyada başqa bir yanaşma da var:

* Hər bir ABŞ vətəndaşı daim özünə "Mən vətənim üçün nə etmişəm" - sualını verir!

Bizlərdə isə "Vətən mənə nə edib" - sualı dəbdədir!

Əvvəla, açıq gözlə və obyektiv yanaşma ilə baxsaq, ötən dövrdə Azərbaycan dövlətinin öz vətəndaşları üçün nələr etdiyini aydın görə bilərik.

İkincisi, vətən öz övladı üçün şərait yaradır, onun hüquqlarını təmin edir.

Amma vətən heç kəsin yerinə zəhmət çəkib oxuyası, işləyəsi və güzəran qurası deyil!

Vətən cinayətkarı bağışlayası, anarxiya və qanunsuzluğa göz yuması, zorakılığa əl atanlar qarşısında geri çəkiləsi də deyil!

Qanun hamı üçün birdir, demokratiyanın tələbləri də eynidir.

- İndi kim şəxsi münasibətlərdə hansısa məmurdan incik düşürsə;

- Kimin bir parça torpağı əlindən alınırsa;

- Kimin plana düşmüş evi sökülürsə;

- Kim xaricdə siyasi sığınacaq almaq eşqinə düşürsə;

- Kim öz təqsiri üzündən vəzifəsini itirirsə və s. dönür olur Azərbaycana düşmən!

- Dönür olur "demokratiya uğrunda mübariz"!

Gah "Azərbaycan vətəndaşlığından imtina edirəm!" - bəyanatını verir, gah "Azərbaycanda demokratiya yoxdur" - deyə dad döyür!

Adama deyərlər ki, a bala, dünənə qədər sən də Azərbaycanda yaşayırdın, dünən niyə bu sözləri demirdin?!

Elə ki, təzə dönük meydana atılır, adlarını "hüquq müdafiəçiləri", "beynəlxalq təşkilatların nümayəndələri", "QHT sahibləri" qoyanların əlinə fürsət düşür! Erməni əsilli milyonçular tərəfindən maliyyələşdirilən antiazərbaycançı şəbəkəsindən qrant alanların da gözünə işıq gəlir!

Donoslar, gizli arayışlar, aşkar mətbuat konfransları baş alıb gedir...

Bir vur-çatlasın düşür ki, gəl görəsən!

Ömür boyu kino çəkən Rüstəm İbrahimbəyov indi olub "siyasi xadim"!

Milli Şura yaradır, şuraya məktublar göndərir (bolşeviksayağı addımlar), Azərbaycanın seçki məsələlərini başqa-başqa dövlətlərdə "müzakirə" edir!

Amma, deyəsən, bilmir ki, seçkini xalq keçirir, Azərbaycan Prezidentini Azərbaycan xalqı seçir!

Hələ bu adamın xəbəri yoxdur ki, Azərbaycanda mətbuata senzura nəzarəti 6 avqust 1998-ci ildə ləğv edilib!

Bu adam qorxusundan Azərbaycana ayaq basmır, çünki hansı maliyyə cinayətləri törətdiyinin fərqindədir!

A millət, gör sənə kimlər prezidentlik etmək istəyir!

Belə yerdə Şair Moşunun ürəyi partlamasınmı? (Bu filmin rejissoru Ramiz Əzizbəylidir).

Görün iş nə yerdədir ki, Azərbaycan xalqının hüquqlarını Leyla Yunus "qoruyur!"

A millət, o Leyla Yunus ki, işi-peşəsi erməni əsillilərlə iş birliyi quraraq Azərbaycanın maraqlarını satmaqla, ətək-ətək qrant qazanmaqdır!

Hətta bu yaxınlarda Azərbaycana qarayaxma sayəsində qazandığı uğurlara görə Avropada ona orden də verdilər!

Özü kimi satqınlar da yığışaraq bu fəaliyyəti tərifləyib ordenini təbrik etdilər!

Bir ətrafınıza baxın, keçmişi yada salın! Görün ötən dövrdə nə qədər "demokratiya və hüquq mübarizi" xarici ölkəyə köçərək sığınacaq aldıqdan sonra səsini kəsib!

Görün vaxtilə Azərbaycana demokratiya dərsi keçən və Vətənə dönük çıxdıqdan sonra adı unudulan neçə qəzet müxbirinin səsi yalnız hərdənbir Avropadakı müxtəlif qurumlar qarşısında Azərbaycan əleyhinə keçirilən piketlərdən eşidilir.

Əgər belə vətənsevər, hüquqsevər, demokratiyasevərsinizsə, niyə bizimlə bərabər oturub hüquqi dövlət quruculuğuna, Azərbaycanın inkişafına kömək etmədiniz?

Əcnəbilərin qoltuğuna qısılaraq verdikləri sədəqəyə göz dikdiniz?

Daha niyə ayağımızdan çəkirsiniz?!

Niyə hərəniz bir təşkilat yaradaraq bir kitab yazıb, teleradio kanalı açaraq Azərbaycanı tənqid etməklə məşğulsunuz?

Gərək çörəkpulunu vətənə dönüklükdən çıxarasınız?!

Onda heç olmasa, Azərbaycanlı adını üstünüzdən götürün, adınızı alman, ingilis, fransız, nə bilim, nə qoyun!

Axı, əsli Azərbaycanlı necə Azərbaycanın əleyhinə çıxa bilər!

Özü də harada-harada, xaricdə!

Deyir, eyibli eybini bilsə, başına palaz bürüyər!

Niyə millətlərin çoxu xaricdə özgürlüyünü, mənəvi dəyərlərini qoruyub saxlayır, bizimkilərin bir qismi isə simasızlaşır, bazar adamına çevrilirlər?!

Bu məsələlərdə ən böyük günahlardan biri də biz jurnalistlərin üzərinə düşür!

Nədənsə, xalqın maraqlarının əksinə gedənləri, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışanları, milli maraqlarımızı satanları qınaq obyektinə çevirməkdə maraqlı deyilik!

Bəlkə də qorxaqlıq və acizlik göstəririk!

Aqressiv müxalifət partiyalarına və onların liderlərinə xidmət edən qəzetlər isə gözdən pərdə asmağa, belələrini "demokrat" qiyafəsində təqdim etməyə çalışır, hər nömrələrində onların sayıqlamalarına səxavətlə yer ayırır, şəkillərini manşetə çıxarır, təbliğatı dəstək verirlər!

Niyə bu adamlar anlamırlar ki, Azərbaycanın əleyhinə iş aparmaqla Azərbaycan xalqının məhəbbətini yox, yalnız nifrətini qazanmaq mümkündür!

Niyə belə qəzetlər qaranı ağ kimi təqdim etməkdə bu qədər israrlı və həvəslidirlər!

Yaxşı, qrant məsələsini başa düşdük!

Məgər halal yolla (vətəni satmaqla yox, vətəndaş cəmiyyətinin inkişafına kömək göstərməklə) qrant almaq daha yaxşı deyilmi?

Axı, kor da bilir ki, balıq şordur!

İndi gözə kül üfürməklə heç kəsi aldatmaq olmaz!

Biz "gəzməyə qurbət ölkə..." demişik, "qulluq göstərməyə" yad ölkə deməmişik!

İnsan bir o dünyasını da fikirləşməlidir!

Harada dəfn ediləcəyinin fərqində olmalıdır!

Özündən sonra övladlarına və nəslinə hansı adı qoyub gedəcəyindən narahatçılıq hissi keçirməyi bacarmalıdır!

Bəli, hər şeyi satmaq mümkündür və satanlar da var!

Belələrinə dəstək verib, onlara qoşulanlar və yanlarında olanlar isə qazancları ilə itkilərini ayıq başla götür-qoy etsələr, heç də pis olmaz!

Vətəndən uzaqlarda yaşayaraq vətənin maraqlarına xidmət etmək şərəfdir!

Azərbaycanlı simasını saxlamaq son dərəcə vacibdir!

Özünün və ailənin rifahı üçün isə dönüklük rəzalətdir!

Qarın başdan aşağıda dayanır!

Bunu gərək başla dərk edərək hamımızın bir, müstəqil Vətəni sayılan Azərbaycanı sevək!

Ona xidmət göstərə bilməsək də, heç olmasa sadəcə, səmimi-qəlbdən sevək!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !