ADU tələbələri Yaponiyada təcrübə keçəcəklər -

ADU tələbələri Yaponiyada təcrübə keçəcəklər

Azərbaycan Dillər Universitetinin (ADU) iki tələbəsi Yapon fondunun 2 həftəlik, Yaponiya Təhsil Nazirliyinin 1 illik “Təcrübə proqramı” çərçivəsində Yaponiyada təcrübə keçəcəklər. İki həftəlik “Təcrübə proqramı”na əsasən Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasının ikinci kursunda təhsil alan tələbələr - Aqşin Bədəlbəyli test imtahanlarında göstərdiyi yüksək nəticələrə görə I yeri, Zərifə Aydayeva isə II yeri tutaraq Yapon fondunun Yaponiyada yerləşən Osaka Beynəlxalq Yapon dili Mərkəzində təcrübədə olacaqlar. İkinci kurs tələbəsi Aqşin Bədəlbəyli, eyni zamanda 1 illik “Təcrübə proqramı” çərçivəsində test imtahanı nəticələrinə görə III yerə layiq görülüb və Yaponiya Təhsil Nazirliyinin Yaponiyanın Saytama Universiteti, Vaseda Universiteti və Sooka Universitetlərindən birində təcrübə keçmək imkanı əldə edib. Aqşin Bədəlbəyli 1 illik proqram üzrə sentyabr, Zərifə Aydayeva isə 2 həftəlik proqram üzrə avqust ayında Yaponiyaya yola düşəcəklər.
Xatırladaq ki, bunun üçün bu il martın 16-da Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Yaponşünaslıq ixtisasında təhsil alan əlaçı tələbələr üçün test imtahanı keçirilib. Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən keçirilən test imtahanında yapon dilinin qrammatikası, heroqliflərin düzgün yazı qaydalarından ibarət suallar tələbələrə təqdim edilib. Test imtahanında Azərbaycan Dillər Universiteti (ADU) və Bakı Dövlət Universitetinin (BDU) Yaponşünaslıq ixtisasında təhsil alan tələbələri iştirak ediblər.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !