ADU-da Yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirildi -

ADU-da Yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirildi

İyunun 18-də Azərbaycan Dillər Universitetində Yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirildi. Tədbir ADU-nun Yapon mərkəzi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutdu.
ADU-nun Yapon Mərkəzinin rəhbəri Yaşar İbrahimov 2011-ci ilin sentyabrından etibarən ADU-da Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tərkibində Yaponşünaslıq ixtisasının fəaliyyət göstərdiyini bildirdi. Y. İbrahimov artıq keyfiyyətli avadanlıqlarla təchiz olunmuş, yüksək səviyyəli mərkəzin tələbələrin ixtiyarına verildiyini söylədi. O, Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi tərəfindən keçirilən Yapon dili imtahanından uğurla keçərək ADU-nun Yaponşünaslıq ixtisasında təhsil alan Zərifə Aydayevanın iki həftəlik, Aqşin Bədəlbəylinin isə bir illik “Təcrübə proqramı” çərçivəsində Yaponiyaya səfər imkanı əldə etmiş olduqlarının vurğuladı.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe ADU-da olmasından məmnunluğunu ifadə etdi və universitet rəhbərliyinə Yapon mədəniyyətlərinə həsr olunmuş tədbirlər təşkil etdikləri üçün təşəkkürünü bildirdi. O, ADU-da Yaponşünaslıq ixtisasının fəaliyyətə başlamasından iki il keçməsinə baxmayaraq artıq universitetin iki tələbəsinin “Təcrübə proqramı” keçmək üçün Yaponiyaya yollanacaqlarının söylədi. Səfir tələbələrin bu uğurlarının universitetdə tələbələr üçün yaradılımış keyfiyyətli təhsilin və yüksək imkanların nəticəsi olduğunu diqqətə çatdırdı.
Tədbir “Yaponiya mədəniyyəti nümunələrinin nümayişi” adlı sərgi ilə davam etdi. Yaponiyanın tarixini, mədəniyyətini əks etdirən videoklip təqdim olundu. Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisası üzrə təhsil alan I və II kurs tələbələrinin ifasında Yapon milli rəqsi “Soran bushi”, Yapon mahnısı “Dai sukina hito” rəqs və mahnılar nümayiş olundu.
Sonda Yapon mədəniyyət nümunələri sərgisi qonaqların seyrinə verildi. Sərgidə Yapon çay mədəniyyəti, İkebada (gül düzümü), Kalleoqrafiya (gözəl yazı sənəti), Oriqame (qatlanmış kağızlardan müxtəlif fiqurların düzəldilməsi) və Kimononun geyim qaydası (Yapon milli geyim növü) nümayiş olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !