ADU-da 15 iyun - Qurtuluş gününə həsr olunmuş dəyirmi masa keçirildi -

ADU-da 15 iyun - Qurtuluş gününə həsr olunmuş dəyirmi masa keçirildi

İyunun 14-də Azərbaycan Dillər Universitetində (ADU) “Tarixi prosesdə 15 iyun və onu doğuran səbəblər” mövzusunda dəyirmi masa keçirildi. ADU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Ədalət Abdıyeva, həmçinin müəllim və tələbələr iştirak etdilər.
Giriş sözü ilə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Milli Qurtuluş gününün Azərbaycan xalqının həyatında qiymətli, əziz bayramlarından biri olduğunu söylədi. 1993-cü ildə Azərbaycan xalqının yaşadığı kritik vəziyyəti xatırladan prorektor Azərbaycanın o zamanlarda məhv olma, dağılma ilə üz-üzə qaldığını bildirdi. O, Ümummilli lider Heydər Əliyevin çoxsaylı xahişlərdən sonra Azərbaycanın xilası naminə ölkəyə gəldiyini və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyini vurğuladı. Ələddin Əliyev Heydər Əliyevin apardığı uğurlu siyasəti nəticəsində hazırda dünya xalqlarının imzaları sırasında Azərbaycan xalqının da imzasının olduğunu diqqətə çatdırdı.
Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov çıxışında gənclərə müraciət edərək onların çox xoşbəxt dövrdə doğulduqlarını və yaşadıqlarının söylədi. Prorektor ulu öndərin məhz Azərbaycan Dillər Universiteti ilə bağlı xidmətlərini xatırlayaraq Heydər Əliyevin sərəncamı ilə 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) müstəqil müəssisə olaraq yaradıldığını bildirdi. O, 2000-ci ildən institutun Ümummilli liderin təşəbbüsü ilə universitet statusu almaqla Azərbaycan Dillər Universiteti adlandırıldığını diqqətə çatdırdı. Dünyamin Yunusov dahi şəxsiyyətin gənclər üçün qoyduğu bu müstəqil dövlətdə savadlı gənclər olaraq yer tutmağı və Heydər Əliyevin siyasətini davam etdirməyi arzu etdi.
Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev “15 iyun tarixinin Beynəlxalq müstəvidə yeri” məruzəsində Ümummilli lider Heydər Əliyevin digər dövlətlərin liderləri ilə müqayisəsini təqdim etdi və Heydər Əliyev irsinin öyrənilməsinin Azərbaycan gəncləri üçün vacib olduğunu vurğuladı. O, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və xarici ölkələrlə qarşılıqlı münasibətlərin qurulmasını ulu öndərin beynəlxalq müstəvidə əldə etdiyi uğurlar olduğunu nəzərə çatdırdı.
Çıxışçılar 90-cı illərdə Azərbaycana xaricdən təhdidlərin olduğu bir vaxtda Heydər Əliyevin ölkədə siyasi sabitliyin inkişafına nail olmasından, ordu quruculuğunun əsasını qoymasından geniş söz açdılar.
Sonra “15 iyun-Milli Qurtuluş günü”nə həsr olunmuş videoçarx nümayiş olundu.
Nümayişdən sonra ADU TGT sədri Xıdır Kazımov “Qurtuluş gününə gəncliyin münasibəti” mövzusu ilə çıxış etdi. O, ulu öndərin gənclərə diqqət və qayğısını heç zaman əsirgəmədiyini bildirdi. Bunun sayəsində artiq azərbaycanlı gənclərin nəinki öz ölkəmizdə, həmçinin digər ölkələrdə də Gənclər Təşkilatlarında birləşdiklərini və Azərbaycanın inkişafı naminə çalışdıqlarını vurğuladı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !