ADU-da Çin Mərkəzinin və Açıq kitabxana nın açılış mərasimi keçirildi -

ADU-da Çin Mərkəzinin və “Açıq kitabxana”nın açılış mərasimi keçirildi

İyunun 12-də Azərbaycan Dillər Universitetində Çin Mərkəzinin və Azərbaycan universitetləri içərisində ilk dəfə olaraq ADU-da “Açıq kitabxana”nın açılış mərasimi keçirildi və universitetin müəllim və tələbələrinin ixtiyarına verildi. Açılışda müxtəlif dövlət və hökumət müəssisələrinin nümayəndələri, millət vəkilləri, ziyalılar, beynəlxalq təşkilatlar, səfirliklər və digər idarə və müəssisələrinin nümayəndələri iştirak etdilər.
Tədbir qədim Çinin milli ənənəsi olan, şər qüvvələri ram edən, xeyirli işlərə yaxınlaşdıran Əjdahanın rəqsi ilə açıq elan olundu.
Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu gün ADU-da “Açıq kitabxana”nın və Çin Mərkəzinin açılış mərasiminin qeyd olunduğunu bildirdi. O, vurğuladı ki, bu, Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq məhz ADU-nun təşəbbüsü ilə baş tutmuşdur. Belə ki, Azərbaycanda ilk dəfə olaraq ADU-da “Açıq kitabxana” bu gündən istifadəyə verilir. Hazırda mindən çox kitab açıq şəkildə həm universitet tələbələrinin, həm də ümumilikdə maraqlananların ixtiyarındadır.
Tədbirdə, bununla yanaşı Çin Mərkəzi haqda danışan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxışında dünayanın 15-ə yaxın ölkəsinin mədəniyyətlərini və tarixini əks etdirən mərkəzlərin mövcud olduğu ADU-nun təhsil sisteminin ayrılmaz bir hissəsi olaraq inkişaf etdiyini söylədi. Rektor Səməd Seyidov bu gün açılan Çin Mərkəzinin, o cümlədən ADU-da fəaliyyət göstərən digər mərkəzlərin universitet tələbə və müəllimləri ilə yanaşı, eyni zamanda ölkənin başqa universitetləri, ümumilikdə xarici dillərlə maraqlanan bütün insanlar üçün açıq olduğunu vurğuladı. Səməd Seyidov Azərbaycan və Çin Xalq Respublikası arasındakı geniş, dərin tarixə malik münasibətləri qeyd edərək Çin Mərkəzinin fəaliyyətinin bu istiqamətdə atılmış önəmli bir addım olduğunu nəzərə çatdırdı. O, bildirdi ki, ADU-da fəaliyyət göstərən mərkəzlər yalnız dil öyrətməyə xidmət göstərmir, həmçinin ölkələrarası əlaqələrin inkişafına səbəb olur. Səməd Seyidov ADU-nun nümayəndə heyətinin ÇXR-nın Siçuan Universitetində əməkdaşlığa dair müqavilələr imzaladığını və qarşılıqlı müəllim-tələbə mübadilələri əsasında əlaqələrin əsasının qoyulduğunu xatırlatdı.
Sonra simvolik qırmızı lent kəsilib və qonaqlar mərkəzlə yaxından tanış oldular.
Daha sonra Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsui çıxış edərək Azərbaycan Çin arasındakı diplomatik əlaqələrin qurulmasından 21 il sonra da dostluq münasibətləri inkişaf etməkdə olduğunu söylədi. O, Çin Mərkəzinin açılışının və sonrakı fəaliyyətinin inkişaf etməkdə olan əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını və bundan sonra da oynayacağını bildirdi. Xun Tsui bugünkü tədbirin münasibətlərin uğurlu inkişafna nümunələrdən biri olduğunu diqqətə çatdırdı.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Əhmədov ADU-da Çin Mərkəzinin açılması ilə tələbələrin Çin dili və mədəniyyətini mənimsəyəcəklərini bildirdi. O, vurğuladı ki, bu, təkcə tədris mərkəzi deyil, eyni zamanda Çin-Azərbaycan dostluğunun əhəmiyyətli bir köşkünə çevriləcək. Əli Əhmədov dedi ki, Çin və Azərbaycan dövlətləri arasında bütün sahələrdə, xüsusilə siyasi sahədə çox səmərəli əməkdaşlıq mövcuddur və belə bir mərkəzin yaradılması eyni zamanda dövlətlərarası münasibətlərin inkişafına da öz töhvəsini verəcək”. Çinin dünyaya verdiyi töhvələrdən danışan Əli Əhmədov hələ XII əsrdə Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında müəllifin Çin gözəlini tərənnüm etdiyini də xatırlatdı.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, professor Ziyad Səmədzadə Çinə səfərlərindən bəhs etdi və səfərlərdən olan təəssüratlarını 50-ə yaxın elmi məqalədə və 4 kitabda cəm etdiyini vurğuladı. O, Çinin iqtisadi baxımdan dünyaya verdiyi töhvələrdən söz açdı. Ziyad Səmədzadə Azərbaycan və rus dillərində nəşr olunmuş “Çin qlobal dünya iqtisadiyyatında” adlı kitabını yenicə açılan Çin Mərkəzinə hədiyyə etdi.
Daha sonra çıxış edən ÇXR-nın Siçuan Universitetinin fəxri professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Asəf Hacıyev də öz növbəsində ADU-da Çin Mərkəzinin açılışının ölkələrarası əlaqələrin inkişafında oyanacağı böyük rolundan danışdı. Asəf Hacıyev ADU-nun yüksək təhsillə bağlı gözəl ideyaların irəli sürüldüyü al təhsil ocağı olduğunu dilə gətirdi.
Sülh mədəniyyəti İnstitutunun rektoru, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının Prezidenti Engel Taqirov mədəniyyətlərin kəsişdiyi təhsil məkanında olmaqdan məmnun olduğunu söylədi. O, rektor Səməd Seyidovun “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının ümumi iclasının qərarına əsasən “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının həqiqi üzvü seçilməsini elan etdi və akademik diplomu təqdim etdi.
Çin Məkrəzinin müdiri Rafiq Abbasov isə Çin mərkəzini strukturu, fəaliyyəti, gələcək planlarından danışdı. O, bu mərkəzin nəinki tədrisə xidmət göstərdiyindən, həmçinin Çin dili və mədəniyyətinin öyrənilməsində də böyük rol oynadığını qeyd etdi. O, çıxışında Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Çin münasibətlərinin bugünkü dövrümüzdə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsindən, Çinlə aparılan uğurlu diplomatik əlaqələrdən, məktublaşmalar, müsahibələr, səfərlərdən və bu addımların verdiyi səmərəli nəticələrdən söz açdı.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərlərindən görüntülər təqdim olundu. Daha sonra ADU-nun Çin mərkəzinin fəaliyyətini, bu günə kimi gördüyü işləri əks etdirən fotoşəkillər nümayiş olundu. Tədbirdə Milli Çin mahnılarının mahir ifaçısı, Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın ifasında kliplər göstərildi. ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri Çinin milli mahnısı “Molixua” (əyləncəli mahnı) ifa etdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !