Azər Həsrət : Erməni ağzıyla danışanlara istinad edənlərin... -

Azər Həsrət : Erməni ağzıyla danışanlara istinad edənlərin...

Biz qəribə millətik. Bəzən şəxsi qərəz üzündən düşmənə də istinad edənlərimiz olur. Təki bu düşmən bizim opponentimizə qarşı olsun. Düşmən olmasının heç dəxli yoxdur. Əsas odur ki, bu cür adamlar Azərbaycan hakimiyyətinə qarşı fikirlər səsləndirsin. Daha baxmırıq ki, bu adamın keçmişi nədir, nə üçün belə fikirlər səsləndirir.

Niyə baxmırıq? Bunu da anlamağa şəxsən çətinlik çəkərdim, amma çəkmirəm. Çünki anlayıram ki, biriləri üçün siyasi iddiaları hər zaman Azərbaycanın dövlət maraqlarından çox-çox yüksəkdə durur. Elə düşmən sözünə istinad edənlər də onlardır...

Bugünlərdə Rusiya Dumasının keçmiş üzvü, hazırda MDB Ölkələri İnstitutunun direktoru olan Konstantin Zatulinin fikirlərini Azərbaycan mediasında yenə də oxuduq. Adam, Rusiyada populyar olan, ermənilərə məxsus Regnum Agentliyinə müsahibə verib. Həmin müsahibəni də bizim bəzi media orqanlarımız xülasə şəklində Azərbaycan oxucusuna təqdim edib.

Bu Zatulin deyib ki, “Rusiyanın İlham Əliyevə etimadı itib”. Və bizimkilər də bu fikri başlığa çıxarıblar. Üstəlik də Zatulin müəllimin Azərbaycan hakimiyyətinin əleyhinə olan fikirlərini sıralayıblar və bununla da sübut etməyə çalışıblar ki, “Rusiya İlham Əliyevin əleyhinədir”. Ola bilərdi. Ancaq belə fikirləri Zatulin deyil, Rusiya hakimiyyətinin ən yüksək zirvəsində olanlardan kimsə ifadə etsəydi.

Və maraqlısı odur ki, bu Zatulin də sözünün sonunda Azərbaycanın uğurlarını dilə gətirməli olur: “İstənilən halda bu, iqtisadi cəhətdən uğurlu ölkədir”.

Ancaq Azərbaycan mediasında bu adama istinad edənlər nədənsə Zatulinin sonuncu fikrinə yer vermək istəməyiblər. Təbii ki, səbəbi bəllidir və üzərində dayanmağa dəyməz.

Bizim, əslində, bu mövzuya toxunmaqda məqsədimiz başqadır. Demək istədiyimiz odur ki, Zatulin kimi Azərbaycanda geniş oxucu kütləsinə tanış olmayan şəxslərə istinad etməklə, biriləri öz mahiyyətlərini bir daha təsdiq etmiş olurlar. Yəni kim olursa olsun, əgər Azərbaycan hakimiyyətini tənqid edirsə, qəhrəman, dürüst birisi kimi təqdim edilməlidir. Birilərinə görə əlbəttə.

Ancaq biz bu adamların mahiyyətini üzə çıxarmaqla həm dövlətimizə, həm də millətimizə fayda verəcəyimizi düşünürük. Ona görə də bu Zatulinin zatı haqqında bəzi bilgiləri oxucularımıza təqdim etmək istərdik.

Hər şeydən öncə qeyd edək ki, K.Zatulin Azərbaycanda arzuolunmaz şəxs elan edilib. Çünki bu adam Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa səfər etməklə bərabər oradakı cinayətkar rejimi rəsmən dövlət kimi tanıyır. Üstəlik bununla da yetinmir, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağı bir müstəqil dövlət kimi tanımağa çağırışlar edir.

Və bu adam iddia edir ki, “Dağlıq Qarabağ ən yüksək demokratiya standartlarına cavab verən bir dövlətdir”.

K.Zatulin Ermənistan mətbuatının ən çox istinad etdiyi Rusiya fəallarından biridir. Bu da təbiidir. Çünki adam Ermənistanın və ermənilərin ağzıyla danışır.

Bu adam həm də Rusiyanın işğal etdiyi Gürcüstan torpaqları – Abxaziya və Güney Osetiyanın lobbiçiliyini edir. Hələ bu azmış kimi Ukraynadakı Türk muxtariyyatı olan Krımla bağlı da dinc durmur.

K.Zatulin həm də Azərbaycan kimi ölkələrdə rus dilinə dövlət dili statusunun verilməsi üçün çağırışlar edən, buna çalışan birisidir.

K.Zatulin eyni zamanda Rusiya ərazisində bizə doğma olan tatarların, başqırdların dilini yasaqlamaq üçün dəridən-qabıqdan çıxan bir şəxsdir.

Bu adam Qazaxıstanı hələ də Rusiyanın tərkibində görür, Ukrayna və Belarus kimi ölkələri də içinə alan bir slavyan ittifaqı xəyalları ilə yatıb durur.

Göründüyü kimi, adam açıq-aşkar Türk düşməni, erməni dostudur. Elə isə belə bir şəxsin Azərbaycan dövləti, lap elə Azərbaycan hakimiyyəti, Prezidenti haqqında dediyi sözləri necə başa düşmək lazımdır? Yəqin ki, dediklərinin tərsinə. Yəni adam deyirsə ki, “Rusiyanın İlham Əliyevə etimadı itib”, deməli, biz belə anlamalıyıq ki, əslində, Rusiya İlham Əliyevə etimad göstərir. Sadəcə erməni dostu, Türk düşməni K.Zatulin ermənilərin ağzıyla danışdığı üçün belə bir arzusunu gerçəklik kimi qələmə verir. Anladıq. Bu zatulinlərin belə danışması təəccüb doğurmamalıdır.

Anlamağa çətinlik çəkdiyimiz, anlamaq istəmədiyimiz bir məsələ var ki, bu da Azərbaycanda birilərinin erməni ağzıyla danışanlara belə geniş istinad etməsidir. Üstəlik də belə adamların kimliyini bilə-bilə!

Biz siyasi mübarizənin, alternativ axtarışı və hakimiyyətə iddiaların əleyhinə deyilik. İstənilən normal ölkədə müxalifət olmalı və hakimiyyətə iddia etməlidir. O cümlədən Azərbaycanda da. Ancaq qəbul edə bilmədiyimiz məsələ budur ki, siyasi iddiaları olan kəsim öz mübarizəsində gərək ki, kişi kimi, düşmən dəyirmanına su tökmədən hərəkət etsin. Yəni erməni ağzıyla danışanlara istinad etməsin, arxalanmasın. Erməni ağzıyla danışanlara istinad edənlərin özləri də, yəqin ki, ermənilərdən fərqli deyillər...

Hə, Azərbaycanı tənqid edənlərin arasında obyektiv, sözünə güvənilə biləcək şəxslər tapmaq çətindirsə, bundan da yəqin ki, dərs almaq pis olmazdı. Ən azından mən belə düşünürəm... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !