ADU-da Nigar Rəfibəylinin 100 illiyi qeyd edildi. -

ADU-da Nigar Rəfibəylinin 100 illiyi qeyd edildi.

Mayın 23-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və Jurnalistika fakültəsinin tələbələrinin və Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, Nigar Rəfibəylinin nəvəsi Günel Anarqızı və tələbələr iştirak edirdi.
Tədbirdə bildirildi ki, Nigar Rəfibəyli milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Ana vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib. Qeyd olundu ki, N. Rəfibəylinin yaradıcılığında təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları, müharibə və müharibə əleyhinə mövzulara da toxunulub. Eyni zamanda, N. Rəfibəylinin həyatının bəzi məqamlarını özündə ehtiva edən ədəbi-bədii kompozisiya nümayiş olundu.
Tədbirdə N. Rəfibəylinin həyat və yaradıcılığının müxtəlif dövrlərini özündə əks etdirən slayd da təqdim olundu.
Tələbələrin ifasında N. Rəfibəylinin dillər əzbəri olan “Ala gözlüm“, “Aman ayrılıq”, “Dağları duman alanda“ kimi şeirlərinə bəstələnmiş mahnılar ifa olundu, şeirləri səsləndirildi.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək N. Rəfibəylinin Azərbaycan ədəbiyyatına verdiyi tövhədən danışdı. Prorektor bildirdi ki, o yalnız şair deyil, həm də gözəl ana və ictimai xadim kimi yaddaşlarda qalıb. Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva da çıxışında N. Rəfibəylinin həyat və yaradıcılığından bəhs etdi.
Sonda N. Rəfibəylinin nəvəsi Günel Anarqızı çıxış edərək keçirilən tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirdi və əməyi keçənlərə minnətdarlıq etdi.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 04 mart 2013-cü il tarixində Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !