Azərbaycan Dillər Universiteti və Oslo Universiteti: Əməkdaşlıqda yeddi illik nailiyyətlər və təcrübələr -

“Azərbaycan Dillər Universiteti və Oslo Universiteti: Əməkdaşlıqda yeddi illik nailiyyətlər və təcrübələr”

Mayın 20-də Azərbaycan Dillər Universitetində “Azərbaycan Dillər Universiteti və Oslo Universiteti: Əməkdaşlıqda yeddi illik nailiyyətlər və təcrübələr” mövzusunda konfrans keçirildi. Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Skjonsberq, Norveçin Azərbaycandakı keçmiş səfiri Yon Ramberq iştirak edirdi.
Konfransda açılış nitqi ilə çıxış edən rektor, professor Səməd Seyidov Azərbaycan Dillər Universitetinin Azərbaycanda unikal ali təhsil ocağı olduğunu, 6 minə yaxın tələbənin bu universitetdə təhsil aldığını və universiteti bitirdikdən sonra istər xarici ölkələrdə, istərsə də Azərbaycanda yüksək səviyyəli kadrlar kimi fəaliyyət göstərdiklərini söylədi. O, 7 il bundan öncə gələcək əməkdaşlıq, tələbələrin təhsil almaları üçün Norveçə göndərilməsi, Norveçli müəllimlərin Azərbaycan Dillər Universitetində Norveç dilinin tədris olunması haqqında hələ düşünüldüyü təqdirdə bu gün artıq universitetdə Norveç dilinin uğurla tədris olunduğunu dedi. Rektor universitetdəki Skandinaviya mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı və Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin artıq sərbəst şəkildə Norveç dilində danışa bildiklərini, Norveç mədəniyyətinə yaxından bələd olmaq imkanlarına sahib olduqlarını qonaqların diqqətinə çatdırdı. Səməd Seyidov ADU tələbələrinin Norveçin bir sıra universitetlərində təhsil almaq imkanlarının olmasının uğurlu əməkdaşlığın nəticəsi olduğunu bildirdi. O, bu layihənin gələcəyə yol açdığını, bu iki ölkə arasında müxtəlif mədəniyyətlərin mövcud olduğunu və uğurlu siyasətin, müasir dünyagörüşünün anlaşıqlı atmosfer çərçivəsində dostluq əlaqələrinin yaranmasına gətirib çıxartdığını bildirdi.
Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Skjonsberq çıxışında tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi. O, ADU ilə Oslo Universitetinin əməkdaşlığının eyni zamanda Azərbaycan və Norveç münasibətlərinə də təsir göstərdiyini dedi. Səfir layihənin yüksək nəticələr verdiyini, təhsil sahəsində yeni ideyalara yol açdığını dilə gətirdi.
Sonra ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova və layihə rəhbəri Vibeke Roggen “Tədris və imtahan islahatları üzrə Pilot proqramı daxil olmaqla, layihə və onun nəticələri” mövzusunda təqdimatla çıxış etdilər. Layihə rəhbəri Vibeke Roggen layihənin 2006-cı ildə ADU və Aqder Universiteti arasında başlamasını xatırlatdı və onun göstərdiyi nəticələrdən, 2007-ci ilin 2 may tarixində Skandinaviya mərkəzinin açılışından, kitabxananın zənginləşdirilməsindən, Azərbaycan və onun təhsil sistemi haqqında ətraflı məlumatların əldə edilməsindən söz açdı.
Daha sonra Norveçin Azərbaycandakı keçmiş səfiri Yon Ramberq çıxış edərək konfransa uğurlar arzu etdi.
Norveçin Aqder Universitetində magistratura pilləsində təhsil alan ADU-nun tələbəsi Nigar Lətifova “ Azərbaycan və Norveçdə tələbə olmaq” mövzusunda çıxış etdi. ADU-nun məzunu Nigar Lətifova Norveçdə qazandığı təcrübədən danışdı. ADU-nun ona Norveç dilini, mədəniyyətini öyrənmək üçün imkan yaratdığını bildirdi. Aqder Universitetində isə akademik mənbələrdən yararlanmağı və tənqidi düşünmə qabiliyyətinə yiyələndiyni deyən N. Lətifova hər iki universitetdə qazandığı əhəmiyyətli akademik təcrübələrdən Azərbaycan və Norveçdə istifadə etdiyini və bunun gələcək inkişaf üçün vacib amil olduğunu söylədi.
Plenar iclasdan sonra bölmə iclasları başladı. Hazırda konfrans öz işini bölmələrdə davam etdirir.
Qeyd edək ki, konfransdan öncə ADU-nun rektoru, professor Səməd Seyidov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Skjonsberq, eyni zamanda Norveçin Azərbaycandakı keçmiş səfiri Yon Ramberq ADU və Oslo universiteti arasında layihə rəhbəri Vibeke Roggen, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında dərs deyən Norveçli müəllimləri qəbul edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !