ADU-da Laçın rayonunun işğalına həsr olunmuş Ölümsüz insanlar pyesi tamaşaya qoyuldu. -

ADU-da Laçın rayonunun işğalına həsr olunmuş “Ölümsüz insanlar” pyesi tamaşaya qoyuldu.

Mayın 17-də Azərbaycan Dillər Universitetində Azərbaycanın mədəniyyət və arxeologiya abidələri ilə zəngin bölgəsi Laçın rayonunun ermənilər tərəfindən işğalına həsr olunmuş “Ölümsüz insanlar” pyesi tamaşaya qoyuldu. Tamaşa pyesin müəllifi Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə keçirildi. Tamaşa universitetin Pedaqoji və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində təhsil alan tələbələrin ifasında nümayiş olundu. Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev və müəllim-tələbə heyəti iştirak edirdi.
İlk öncə tamaşanın ideya rəhbəri Sədaqət Musayeva çıxışında ADU rektoru, professor Səməd Seyidovun rəhbərlik etdiyi universitetdə tələbələrin yüksək səviyyəli təhsili ilə yanaşı, hər bir tələbənin müxtəlif sahədə qabiliyyətlərini üzə çıxarmaq istiqamətində də geniş imkanlar yaratdığını söylədi. S. Musayeva bunun nəticəsi olaraq, tələbələrlə müəllimlərin birgə əməyinin sonunda təqdirəlayiq nəticələr əldə edildiyini xatırlatdı.
Tamaşada Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Azərbaycanlıların məruz qaldığı qırğınlar, dinc əhaliyə qarşı törədilən vəhşiliklər, Azərbaycan gənclərinin qeyri-bərabər döyüş şəraitində düşmənə sinə gərmələri, Azərbaycan qadınının ər-igidlərlə vətən uğrunda çiyin-çiyinə vuruşmaqları əks olunmuşdu.
Tamaşanın nümayişindən sonra prorektor Ələddin Əliyev Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının hər zaman mənəvi-əxlaqi, vətənpərvər mövzulara toxunduqlarını və bu yöndə ciddi tədbirlərlə tələbələri maarrifləndirdiklərini söylədi. Tələbələrin təqdim etdikləri tamaşanı bəyəndiyini söyləyən prorektor onların hər bir səhnəni Qarabağ yanğısı ilə ifa etdiklərini vurğuladı. Ələddin Əliyev bu tamaşanın Qarabağda səhnələşdirilməsi arzusuyla tələbələrə uğurlar arzuladı.
Sonda tələbələr vətənpərvər ruhda yazılmış “Cənab leytenant” mahnısı ilə tədbirə yekun vurdular.
Qeyd edək ki, Laçın mayın 18-i 1992-ci ildə ermənilər tərəfindən işğal olmuşdur. 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. Bütün var dövlətlərimizi yeraltı və yerüstü sərvətlərimiz talan-qarət edilmiş, torpaqlarımız hərraca qoyulmuş, ata-baba qəbirstanlıqlarımız düşmən tapdağı altında qalmışdır. Rayonun 65507 nəfər əhalisi Respublikanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür. Erməni işğalından öncə Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik
şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və s. mövcud olmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !