Müasir İncəsənət Mərkəzində rusiyalı gənc rəssamların sərgisinin açılışı olmuşdur. -

Müasir İncəsənət Mərkəzində rusiyalı gənc rəssamların sərgisinin açılışı olmuşdur.

2013-cü il mayın 9-da Müasir İncəsənət Mərkəzində Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisinin açılışı olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva açılışda iştirak etmişdir.
Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov tədbiri giriş sözü ilə açaraq sərginin böyük maraq doğuracağına əminliyini ifadə etmişdir.
Sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edən Rusiyanın Əməkdar İncəsənət Xadimi, Beynəlxalq Proqramlar Direktorluğunun direktoru Tatyana Şumova Bakıda olmaqdan məmnunluğunu bildirmişdir. Qeyd etmişdir ki, Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisi iki ölkə arasında humanitar əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəkdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olmuşlar. Heydər Əliyev Fondu, Rusiyanın Xarici İşlər və Mədəniyyət nazirlikləri, Rusiya Mədəniyyət Fondu və Beynəlxalq Proqramlar Direktorluğunun təşkilatçılığı ilə keçirilən sərgidə Beynəlxalq Səyyar İncəsənət Akademiyasında təhsil alan 8 gənc rəssam iştirak edir. Bundan başqa, sərgidə Rusiya Rəssamlar İttifaqının üzvü, bu ölkənin Əməkdar Rəssamı Aleksandr Pokrovskinin də rəsm əsərləri vardır.
Layihə iştirakçıları mayın 2-dən Bakıdadırlar. Sərgidəki əsərlərin hamısı yalnız 5-6 gün ərzində ərsəyə gəlmişdir. Burada gənc rəssamların 64 əl işi vardır. Sərgi iki həftə davam edəcəkdir. Əsərlərdə əsasən Bakı Bulvarı, sahilyanı ərazi, İçərişəhər, tarixi abidələr, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu əks olunmuşdur. Rəsm əsərləri yağlı boya ilə kətan və karton üzərinə işlənmişdir. Əsərlər orijinallığı və rəng koloriti ilə diqqəti cəlb edir.
Ekspozisiya ilə tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin işinə uğurlar diləmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !