İlham Əliyev Bakıda yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksinin açılışında iştirak etmişdir -

İlham Əliyev Bakıda yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksinin açılışında iştirak etmişdir

Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılışda iştirak etmişlər.

Yeraltı avtomobil dayanacağının üstündə müasir istirahət parkı kompleksi Bakı şəhərinin simasının daha da yeniləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı kompleksdə inşaat işlərinin gedişini daim nəzarətdə saxlamışdır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə park kompleksi haqqında məlumat verdi. Bildirildi ki, dövlətimizin başçısının Bakıda park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən bu ərazidə xüsusi layihə əsasında müasir səviyyədə yeni istirahət kompleksi salınmışdır.

Diqqətə çatdırıldı ki, bu kompleks şəhərin içərisində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın uzunluğu bir kilometr, eni isə 150 metrdir. Parkın 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənmişdir. Burada ən müasir tələblərə cavab verən 5 fəvvarə kompleksi quraşdırılmışdır. Parkın girişində və çıxışında quraşdırılan fəvvarənin ətrafında oturacaqlar qoyulmuşdur. Bu da parkda müxtəlif tədbirlər keçirməyə imkan verəcəkdir. Kompleksdə 7 yeraltı keçid inşa olunmuşdur. Keçidlərdə 24 eskalator quraşdırılmışdır. Hər bir keçiddə əlillərin hərəkəti üçün xüsusi qurğu quraşdırılmışdır. Bundan başqa, avtomobillərini yeraltı dayanacaqda saxlayanların parka rahat qalxmaları üçün 14 lift fəaliyyət göstərəcəkdir. Dayanacaqda piyadaların parka çıxışı üçün də 32 keçid vardır. Parkın işıqlandırma sistemi də müasirdir. Bunun üçün yeni yarımstansiya quraşdırılmışdır. Kompleksin inşası zamanı Səməd Vurğun, Füzuli, Mirzağa Əliyev və Şixəli Qurbanov küçələri genişləndirilmişdir. Parkın ətrafındakı binalarda və ərazilərdə də əsaslı şəkildə abadlıq və quruculuq işləri indi də davam etdirilir. Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi artıq başa çatmışdır.

Qeyd edildi ki, park kompleksinin 35 min kvadratmetrlik ərazisinə münbit torpaq tökülmüş, geniş yaşıllıq zolağı salınmış, 2 minə yaxın ağac, 10 mindən çox bəzək kolu, çoxlu gül və çiçək əkilmişdir. Yaşıllıq zolaqları avtomatik sistemlə suvarılır.

Parkda üç yay kafesi də fəaliyyət göstərəcəkdir. Bütün gün ərzində açıq olacaq yeraltı avtomobil dayanacağının müxtəlif istiqamətlərdən beş giriş-çıxışı vardır. Buradakı naviqasiya sistemində 3500 detektordan və bir çox başqa elementlərdən istifadə olunmuşdur. Yeraltı avtomobil dayanacağına və texniki xidmət otaqlarına video sistemlə vizual nəzarət olunacaqdır. Bu sistem çərçivəsində 297 gecə-gündüz görmə qabiliyyətli statik kamera quraşdırılmışdır. Yeraltı dayanacaqda avtomatik yanğınsöndürmə və havalandırma sistemləri yaradılmışdır. Beləliklə, yeraltı dayanacaqda avtomobillərin təhlükəsizliyi ən yüksək səviyyədə nəzərə alınmışdır.

Vurğulandı ki, aparılan tikinti hesabına Şəmsi Bədəlbəyli küçəsi 770 metr uzadılaraq Azərbaycan Dövlət Dram Teatrının qarşısındakı meydana çatdırılmışdır. Bu yol birtərəfli və üçzolaqlı olacaqdır. Səməd Vurğun küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 212 metrlik ərazi də yenidən qurulmuşdur.

Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraitdən razılığını bildirdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !