ADU-da beynəlxalq konfrans keçirilir. -

ADU-da beynəlxalq konfrans keçirilir.

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda beynəlxalq elmi praktik konfrans öz işinə başladı. İki gün davam edəcək konfransda yerli mütəxəssislərlə yanaşı, Cənubi Koreyanın Seul şəhərində yerləşən Hankuk Xarici Tədqiqatlar Universitetinin Türkiyə-Azərbaycan Araşdırmalar Departamentinin direktoru Çong Jin-Oh, Rusiyanın Həştərxan Dövlət Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Olqa Yeqorova, ABŞ-ın Vaşinqton şəhərində yerləşən Tətbiqi Dilçilik Mərkəzinin direktoru, əlaqələndirici vitse-prezidenti Deborah Kennedi, Böyük Britaniyanın Suffolk Universitet şəhərciyinin İncəsənət və Humanitar Elmlər fakültəsində baş müəllim, İngilis dili üzrə kurs rəhbəri Paola Trimarko, Böyük Britaniyanın Esseks Universitetinin Beynəlxalq Akademiyasının direktoru, Bakalavr və Magistratura məzun diplomları kursunun rəhbəri, Davamlı Peşəkar İnkişaf (CPD) meneceri Nilufər Demirkan-Cons, Türkiyənin Ankara Universitetinin professoru, TÖMER Türk dili Mərkəzinin direktoru Məsud Dursun və Almaniyanın Frayburq Pedaqoji Universitetinin Alman dili və Ədəbiyyatı İnstitutunun professoru, Tədris və Araşdırma işləri üzrə prorektoru, Yazı Mərkəzinin direktoru Hans Verner-Huneke iştirak edir.
Konfransın plenar iclasında çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov konfrans iştirakçılarını salamlayaraq, konfransın əhəmiyyəti haqqında danışdı. Rektor Səməd Seyidov beynəlxalq konfransın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illliyinə həsr olunduğunu bildirdi. O, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi xidmətlərdən söz açdı. Rektor qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda xarici dilin öyrənilməsinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən danışan Səməd Seyidov qeyd etdi ki, universitetdə Avropanın, eləcə də Asiya ölkələrinin 15-ə yaxın dili tədris olunur: “Azərbaycan Dillər Universiteti unikal bir təhsil ocağıdır. Dövlətin bu universitetə xüsusi diqqət və qayğısı var”.
Azərbaycanın təhsil sistemində ADU-nun özünəməxsus yer tutduğunu vurğulayan rektor burada gedən prosesləri yeni ideyaları inkişaf etdirmək, elmdə mütərəqqi fikirləri üzə çıxarmaq baxımından yüksək qiymətləndirdi. Rektor Səməd Seyidov konfransın işinə uğurlar arzuladı.
Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili söbəsinin müdiri İlham Mustafayev çıxış edərək ADU-nun Azərbaycanda aparıcı ali təhsil ocağı olduğunu bildirdi və Təhsil naziri Mikayıl Cabbarovun salamlarını konfrans iştirakçılarına çatdırdı.
Milli Məclisin deputatları Nizami Cəfərov, Asim Mollazadə, Elmira Şabanova və Bəxtiyar Sadıqov öz çıxışlarında ADU-nun xarici dillərin öyrənilməsində, Azərbaycanını dünyaya tanıdılmasında mühüm rol oynadığını qeyd etdilər. Çıxış edənlər konfrasın xarici dillərin öyrənilməsi istiqamətində mövcud olan problemlərin aradan qaldırılmasında önəmli rol oynayacağını söylədilər.
Daha sonra Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayevin moderatorluq etdiyi plenar iclasda Rusiya Federasiyasının Həştərxan Dövlət Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Olqa Yeqorova “Blended learning- the way to train language professionals of today” ( Qarışıq tədris- hazırki dövrün peşəkarlarının dilin tədrisindəki metodları), ABŞ-ın Tətbiqi Dilçilik Mərkəzinin direktoru, əlaqələndirici vitse-prezidenti Deborah Kennedi “A model for Teaching English for the Workplace” (İş yerlərində İngilis dilinin tədrisinin nümunəsi), Böyük Britaniyanın Suffolk Universitet şəhərciyinin İncəsənət və Humanitar Elmlər fakültəsində baş müəllim, doktor, İngilis dili üzrə kurs rəhbəri Paola Trimarko “Learning and Teaching with Dexter Coder” (Dekster Coder ilə öyrənmə və öyrətmə), Almaniyanın Frayburq Pedaqoji Universitetinin Alman dili və Ədəbiyyatı İnstitutunun professoru, Tədris və Araşdırma işləri üzrə prorektoru, Yazı Mərkəzinin direktoru Hans Verner-Huneke “Learning a second or additional language: The case of German. Language users worl-wide, economic importance, cultural strength, lernability” (İkinci və ya əlavə dilin öyrənilməsi: Alman dilinin vəziyyəti. Dünya miqyasında dil istifadəçiləri, iqtisadi əhəmiyyəti, mədəni mövqeyi ), Cənubi Koreyanın Seul şəhərində yerləşən Hankuk Xarici Tədqiqatlar Universitetinin Türkiyə-Azərbaycan Araşdırmalar Departamentinin direktoru Çong Jin-Oh “Utilizing software program and internet in language education: Case of Hankuk University of Foreign Studies’ s e-class and language software” (Dil təhsil sistemində kompyuter proqramı və internetdən istifadə: Hankuk Xarici Tədqiqatlar Universitetinin virtual tədrisi və dil proqramı təminatı ), məruzə ilə çıxış edəcək.
ABŞ-ın Tətbiqi Dilçilik Mərkəzinin direktoru, əlaqələndirici vitse-prezidenti Deborah Kennedi “A model for Teaching English for the Workplace” (İş yerlərində İngilis dilinin tədrisinin nümunəsi) mövzularında məruzə ilə çıxış edəcəklər.

Qeyd edək ki, beynəlxalq konfrans “Formal və qeyri-formal təhsildə xarici dil təliminin müasir problemləri”, “Xarici dil təlimində İKT: üstünlüklər və çətinliklər” və “Xarici dil təlimində innovativ metod və tələbələrin qabiliyyətlərinin qiymətləndirilməsi” mövzularından bəhs edən bölmələrdən ibarətdir. Konfransda 160-a yaxın məruzə dinləniləcək.
Bu gün və mayın 7-də konfrans öz işini bölmələrdə davam etdirəcək.
Mayın 7-də konfransın bağlanışı olacaq. Bağlanışda bölmə rəhbərlərinin hesabatı dinləniləcək və yekun sənəd qəbul olunacaq
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !