ADU və Qlazqo Universiteti arasında tələbə mübadilsi haqda müqavilə imzalandı. -

ADU və Qlazqo Universiteti arasında tələbə mübadilsi haqda müqavilə imzalandı.

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri çərçivəsində Qlazqo Universitetində olmuşdur. Rektor, professor Səməd Seyidov səfər zamanı Qlazqo Universitetinin rektoru, professor Anton Musqatelli, Qlazqo Universitetinin prorektoru, professor Andrea Nolan, Qəbul Departamenitinin rəhbəri, Sosial elmlər fakültəsi, Təhsil fakültəsinin rəhbərləri ilə və Xarici əlaqələr departamentinin rəhbəri ilə görüşlər keçirib, əməkdaşlığın mümkün sahələri haqqında fikir mübadiləsi aparılıb.
Görüş zamanı ADU və Qlazqo Universiteti arasında magistratura pilləsində tələbə mübadiləsi haqqında müqavilə imzalandı. Sənədi Qlazqo Universitetinin rektoru, professor Anton Musqatelli və ADU – nun rektoru, professor Səməd Seyidov imzaladılar. Müqaviləyə əsasən, universitetlərarasi ikitərəfli əməkdaşlıq çərçivəsində ADU-nun tələbələri təhsillərini bu universitetdə davam etdirmək fürsəti qazanırlar. Bundan başqa, əməkdaşlığa həm də elmi və universitet əməkdaşlarının qarşılıqlı mübadiləsi, birgə konfransların təşkili, kitab və jurnal nəşrləri daxildir.
Sonra ADU-nun rektoru, professor Səməd Seyidovun Qlazqo Universitetinin tələbələri ilə görüşü oldu. Azərbaycanın regionda hər sahədə lider ölkə olduğunu bildirən ADU-nun rektoru, respublikamızda və bölgədə baş verən proseslərin Britaniya təhsil cəmiyyətinə çatdırılmasında, eyni zamanda, bu ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsi və təhsil təcrübələrindən istifadə edilməsində bu əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırdı.
Qeyd edək ki, bununla yanaşı, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın İpsviç şəhərində yerləşən Suffolk Universitetində, həmçinin Esseks Universitetində görüşlər keçirmişdir. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanovun iştirakı ilə ADU-nun rektoru, professor Səməd Seyidov və Suffolk Universitet Şəhərciyinin rektoru, professor Mayk Saks iki universitet arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamışlar.
Həmçinin nümayəndə heyətinin rəhbəri, rector Səməd Seyidov Esseks Universiteti və Azərbaycan Dillər Universiteti arasında olan 2+2 layihəsinin gedişi haqda müzakirələr aparıb. Xatırladaq ki, ADU ilə Esseks universiteti arasında müqaviləyə əsasən ADU – nun Pedaqoji fakültəsinin tələbələri iki illik bakalavr təhsilinin qalan iki ilini sözügedən universitetdə davam etdirə bilərlər. Razılaşmaya görə, təhsilini bitirən tələbələrə həm ADU-nun, həm də Böyük Britaniya universitetinin ikili diplomlar verilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !