ADU-da beynəlxalq konfrans keçiriləcək. -

ADU-da beynəlxalq konfrans keçiriləcək.

Mayın 6-7-si tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda beynəlxalq elmi praktik konfrans keçiriləcək.
Konfransda yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın Qlazqo Universitetinin professoru, Təhsilin İdarəedilməsi Departamentinin və Dil Mərkəzinin direktoru Esther Daborn, Cənubi Koreyanın Seul şəhərində yerləşən Hankuk Xarici Tədqiqatlar Universitetinin Türkiyə-Azərbaycan Araşdırmalar Departamentinin direktoru Çong Jin-Oh, Rusiyanın Həştərxan Dövlət Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Olqa Yeqorova, ABŞ-ın Vaşinqton şəhərində yerləşən Tətbiqi Dilçilik Mərkəzinin direktoru, əlaqələndirici vitse-prezidenti Deborah Kennedi, Böyük Britaniyanın Suffolk Universitet şəhərciyinin İncəsənət və Humanitar Elmlər fakültəsində baş müəllim, İngilis dili üzrə kurs rəhbəri Paola Trimarko, Böyük Britaniyanın Esseks Universitetinin Beynəlxalq Akademiyasının direktoru, Bakalavr və Magistratura məzun diplomları kursunun rəhbəri, Davamlı Peşəkar İnkişaf (CPD) meneceri Nilufər Demirkan-Cons, Türkiyənin Ankara Universitetinin professoru, TÖMER Türk dili Mərkəzinin direktoru Məsud Dursun və Almaniyanın Frayburq Pedaqoji Universitetinin Alman dili və Ədəbiyyatı İnstitutunun professoru, Tədris və Araşdırma işləri üzrə prorektoru, Yazı Mərkəzinin direktoru Hans Verner-Huneke iştirak edəcək.
Konfransın plenar iclası 06 may 2013-cü il tarixində saat 15:00-da Azərbaycan Dillər Universitetində (Rəşid Behbudov 60, Akt zalı, III mərtəbə) başlayacaq.
Konfransın plenar iclasında ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov açılış nitqi ilə, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov isə təbrik nitqi ilə çıxış edəcəklər.
Sonra xarici qonaqlar konfrans iştirakçılarına təqdim ediləcək. Plenar iclasda əcnəbi mütəxəsislər məruzə ilə çıxış edəcəklər. ADU-nun Elmi İşlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişi haqqında məlumat verəcək.
Qeyd edək ki, beynəlxalq konfrans “Formal və qeyri-formal təhsildə xarici dil təliminin müasir problemləri”, “Xarici dil təlimində İKT: üstünlüklər və çətinliklər” və “Xarici dil təlimində innovativ metod və tələbələrin qabiliyyətlərinin qiymətləndirilməsi” mövzularından bəhs edən bölmələrdən ibarətdir. Konfransda 160-a yaxın məruzə dinləniləcək.
Həmin gün və mayın 7-də konfrans öz işini bölmələrdə davam etdirəcək.
Mayın 7-də konfransın bağlanışı olacaq. Bağlanışda bölmə rəhbərlərinin hesabatı dinləniləcək və yekun sənəd qəbul olunacaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !