Romada Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti sərgisi açılmışdır -

Romada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılmışdır

Xüsusi müxbirimiz xəbər verir ki, martın 5-də Heydər Əliyev Fondunun, “Baku” jurnalının ingilisdilli versiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etmişlər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva MAXXİ Milli Müasir İncəsənət Muzeyinə gəldilər.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Muzeyin prezidenti xanım Covanna Melandri arasında görüş oldu.
Görüşdə “Bakıya uçuş” sərgisinin Romada keçirilməsindən məmnunluq ifadə edildi, bu sərginin Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlığa töhfə olduğu vurğulandı. Bundan əlavə, MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə Heydər Əliyev Mərkəzi arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edildi.
Sonra Mehriban xanım Əliyeva MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə tanış oldu. Qeyd edildi ki, avanqard, qeyri-ənənəvi üslubda yaradılan bina 2010-cu ilin iyununda istifadəyə verilmişdir.
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışında iştirak etdilər.
Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyinin prezidenti Covanna Melandri Azərbaycanın birinci xanımının tədbirdə iştirakını məmnunluqla qeyd edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə çıxış etdi.
Leyla xanım Əliyeva “Bakıya uçuş” sərgisinin bu dəfə dünya memarlığının şah əsəri - Romada açıldığını vurğuladı. Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd etdi ki, müsəlman Şərqində ilk dəfə 1918-ci ildə qadınlara seçib-seçilmək hüququ Azərbaycanda verilmiş, müsəlman qızları üçün ilk dünyəvi məktəb Bakıda açılmış, Şərqdə ilk opera və balet də bizim ölkəmizdə səhnələşdirilmişdir. “İyirmi ildən çoxdur müstəqil olan ölkəmiz hazırda sürətlə inkişaf edir”, - deyən Leyla xanım Əliyeva Azərbaycanın artıq ilk peykini səmaya buraxdığını diqqətə çatdırdı. Heydər Əliyev Fondunun vitse-prezidenti “Bakıya uçus” sərgisinin əhəmiyyətindən də danışaraq dedi:
-“Bakıya uçuş” sərgisi mənim üçün çox mühüm və doğmadır. İncəsənət həmişə həyatımın mühüm bir hissəsi olmuşdur. Çox şadam ki, bu sərgi dünya ictimaiyyətinə Azərbaycanın müasir incəsənəti barədə daha dolğun məlumat verə bilər. Digər binaya keçəndə siz 21 rəssamın əl işlərini görəcəksiniz. Bunların bəziləri artıq özlərini təsdiq etmiş, digərləri isə hələ gənc və perspektivli rəssamlardır. Burada yüzdən artıq əsər təqdim olunur. Bunların arasında videolar, installasiyalar, fotoşəkillər, performanslar və heykəllər də vardır. Sərgi başlayandan biz Avropanın bir çox şəhərində – London, Paris, Berlin, Moskvada olmuşuq. Qarşıda bizi hələ daha çox gözəl şəhərlər gözləyir. Lakin səmimi deməliyəm ki, Romada olmaq xüsusi hisslər yaradır”.
Sərginin kuratoru Erve Mikaelof burada təqdim edilən əsərlərin orijinallığından danışdı. Azərbaycanda çoxlu istedadlı gənclərin olduğunu vurğulayan Erve Mikaelof bu gənclərin istedadının sərgi vasitəsilə bütün dünyaya təqdim edildiyini bildirdi.
Daha sonra “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanışlıq oldu.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyətə malik bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin sintezi olan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək mümkündür. Sərgidə Altay Sadıxzadənin, Aida Mahmudovanın, Əliyar Əlimirzəyevin, Rəşad Ələkbərovun və başqalarının əsərləri özünəməxsus üslubu ilə iştirakçıların diqqətini cəlb edir. Bu əsərlərdə incəsənətin dövrümüzün aktual mövzularına toxunulur, eksperimental yanaşmalardan istifadə edilir. Bu əsərlər fərqli forma və rənglə diqqəti çəkir. Müasir incəsənətin bu maraqlı nümunələri qeyri-adi düşüncənin əksi olaraq, maraqlı işlənmə texnikası ilə seçilir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Bununla yanaşı, sərgi Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində atdığı addımların nə qədər uğurlu olduğunu bir daha təsdiqləyir. Belə layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir. Sərginin ovqatı həm də onu nümayiş etdirir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət olmuşdur, ölkəmizdə mədəniyyətin inkişafı, azad yaradıcılıq imkanlarının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir.
Sərgiyə gələn qonaqlara buradakı rəssamların əsərlərinin bukletləri, “Baku” jurnalının, “Əli və Nino” əsərinin ingilis dilli versiyası, Azərbaycan haqqında videoçarxın olduğu disklər hədiyyə olunur. Romada açılan “Bakıya uçuş” sərgisi martın 26-dək davam edəcəkdir.
Martın 5-də axşam Romada “Bakıya uçuş” sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilmişdir.(AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !