Leyla Əliyeva: Baku jurnalının beş yaşı var. Bu illər axtarışlar və tapıntılar dövrü olmuşdur -

Leyla Əliyeva: “Baku” jurnalının beş yaşı var. Bu illər axtarışlar və tapıntılar dövrü olmuşdur”

 “Baku” jurnalının beş yaşı var. Bu illər axtarışlar və tapıntılar dövrü olmuşdur. Bu illərin ən böyük tapıntısı sizsiniz, bizim mehriban və qədirbilən oxucularımız! Biz sizə qədim və həmişə müasir olan Bakının gözəlliklərini göstərmişik, sizi Azərbaycanın tarixi və mədəniyyəti, ənənələri və mətbəxi ilə, taleləri bizim şəhərlə bağlı olan qeyri-adi insanlarla tanış etmişik. Biz öz arzu və niyyətlərimizi sizinlə bölüşmüşük, jurnalımızın üz qabığını çevirib onu vərəqləyən hər kəsə maraqlı səyahətlər, özünü mehriban dost kəşf etmiş əsl Kolumb kimi hiss etmək imkanı təklif etmişik.
Bu sözləri “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla xanım Əliyeva nəşrin 5 illiyinə həsr olunmuş xüsusi buraxılışına giriş sözündə yazmışdır. Ötən 5 il ərzində “Baku” jurnalının Azərbaycanımızın dünyada tanınmasında böyük xidmətləri olmuşdur.
Siz mavi dalğalı Xəzərin sahilində qərar tutan, qala divarlarından süzülüb gələn səba yelinin həzin nəğməsinə dalan, hamının heyran qaldığı gözəllər gözəli Bakını görmüsünüzmü?
Siz sirli əfsanələri özündə yaşadan, hər qarışı əsrarəngiz nağıllar aləmini xatırladan, çox qədim və eyni zamanda, müasirlik təcəssümünə çevrilmiş Bakının tacı sayılan İçərişəhəri, Qız qalasını seyr etmisinizmi?
Siz gündən-günə gözəlləşən, əsl cənnətə çevrilən bu cənub şəhərinin sabaha inamla addımlayan sadə, məğrur və gülərüz insanları ilə xoş ünsiyyətdən zövq almısınızmı?
Siz qonaqpərvərliyi və tolerantlığı ilə şöhrət qazanmış, duzlu, məzəli söhbətləri ilə ürəkləri ofsunlayan mehriban bakılıların zəngin süfrəsinə qonaq olub ləziz yeməklərdən dadmısınızmı?
Siz qəlbləri riqqətə gətirib ürəklərə hakim kəsilən Azərbaycan tarını, kamanını, qavalını, ecazkar muğamını dinləyib şirin xəyallara dalmısınızmı?
Əgər bütün bunlar hələ sizə nəsib olmayıbsa, heç düşünmədən nəfis “Baku” jurnalının səhifələrini vərəqləyin. Tam əmin ola bilərsiniz ki, jurnalı oxuduqca ilk baxışdan sanki illər boyu tanıdığınız, hər guşəsinə yaxından bələd olduğunuz Bakını özünüz üçün yenidən kəşf edəcəksiniz. “Baku” sizi bu şəhərin zəhmətkeş, istedadlı və maraqlı adamları ilə bir daha görüşdürəcək, qədim və müasir məkana unudulmaz qiyabi səyahətiniz zamanı əvəzsiz bələdçinizə çevriləcəkdir.
Bu illər ərzində jurnal öz nəfis tərtibatlı səhifələrində Bakı və bakılılar barədə neçə-neçə maraqlı layihələrə, oçerk və müsahibələrə, fotoreportajlara yer ayırıb. Yarandığı ilk gündən “Baku” müqəddəs bir məqsədə xidmət edir: Azərbaycanı, onun qədim paytaxtını, xalqımızın xoş məramını, tükənməz arzularını, insanpərvər əməllərini, mədəniyyətini və incəsənətini dünyaya tanıtmaq, milli mənəvi sərvətimizi qiymətləndirmək, milli sənət nümunələrini layiqincə təbliğ etmək. Son illər həm də ingilis dilində nəşr olunaraq dünyanın bir çox ölkələrində geniş yayılan “Baku” jurnalının və onun baş redaktoru Leyla xanım Əliyevanın bu sahədə rolu əvəzsizdir. Nəşrin hər sayına ön söz yazan Leyla xanım səmimiyyəti və ülvi hissləri, inandırmaq və maraq oyatmaq bacarığı ilə oxucunu dərhal ələ ala bilir, qəlbinə yol tapır. Leyla Əliyevanın bu və digər müsbət keyfiyyətləri, peşəkarlığı və əzmkarlığı, incə zövqü nəşrdəki bütün yazıların ümumi qayəsində açıq-aşkar hiss olunur.
Həmkarlarım yaxşı bilirlər ki, orijinal tərtibatlı bu jurnalın hər bir səhifəsinin arxasında gərgin yaradıcılıq axtarışları, günlərlə, bəzən həftələrlə çəkilən zəhmət, yuxusuz gecələr durur. Müasir informasiya texnologiyaları dövründə jurnal nəşr etməklə böyük uğura imza atmaq heç də asan iş deyildir. Maraqlıdır ki, “Baku” haqqında rəy söyləyən əcnəbi mütəxəssislər, peşəkar jurnalistlər Leyla xanımın şəxsi keyfiyyətlərini və bacarığını, onun demokratik dəyərlərə bağlılığını, həqiqəti olduğu kimi əks etdirməyə meyilliliyini yüksək qiymətləndirirlər. Yeri gəlmişkən, Leyla xanım Əliyeva həm də xeyriyyəçi kimi böyük hörmət qazanmışdır. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Leyla Əliyevanın şəxsi təşəbbüsü ilə kimsəsiz, xəstə və əlil uşaqlara yardım aksiyaları, xeyriyyə konsertləri təşkil edir.
Tam məsuliyyətlə demək olar ki, beş yaşlı “Baku” Azərbaycan həqiqətlərinin parlaq aynasına çevrilib. Jurnal ölkəmizin inkişaf dinamikasına dair faktları, xalqımızın tarixini əks etdirən qiymətli əlyazmalarını özünəməxsus şəkildə dünya oxucularına çatdırmaqda çox mühüm rol oynayır. Jurnalın səhifələrində ulu öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycanın sabaha inamla addımlaması geniş təcəssüm olunur. Oxucular respublikamızın ildən-ilə artan siyasi nüfuzuna, sosial-iqtisadi və mədəni inkişafına heyran qalırlar. Nəşrin yazdıqları həyat həqiqətləri ilə tam üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü müdrik siyasət bütün sahələrdə sanballı bəhrələr verir. Prezident İlham Əliyev respublikanın bütün bölgələrinin hərtərəfli inkişafına qayğı göstərdiyi kimi, Bakının da mədəni-sosial inkişafını daim diqqət mərkəzində saxlayır. Həqiqətən də son illər Bakı tanınmaz dərəcədə dəyişib, abadlaşıb, paytaxt sakinlərinin həyat şəraiti və yaşayış səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.
İnsan təbiətin şah əsəridir! Bu fikir nəşrin hər sayının ana xəttini təşkil edir desək, yanılmarıq. Müasirlərimiz - Azərbaycanın adlı-sanlı elm və sənət adamları, ziyalılar, din xadimləri “Baku” jurnalının müntəzəm qonaqlarıdır. Onların hər biri öz bənzərsiz həyat hekayətini danışır, müasir inkişaf üçün qədim ənənələrə sadiqliyin vacib olduğunu vurğulayır. Xarici ölkələrdə yaşayıb-yaradan həmyerlilərimiz də nəşrin əhatə dairəsindən kənarda qalmayıb. Əgər bu məşhurların adlarını yazmalı olsaq, uzun bir siyahı alınar. Nəzərə alsaq ki, belə adamların sayı yüzlərcədir, deməli, “Baku” bizi maraqlı yazılarla hələ çox sevindirəcəkdir.
Bu illər ərzində “Baku” jurnalında dərc olunmuş bütün yazılar bilgi verməklə yanaşı, həm də oxucunu düşünməyə vadar edir. Müəlliflərin və yazı qəhrəmanlarının söz-söhbətindəki sətirarxası gizli bir sualı da sezməmək mümkün deyil: Belə qədim tarixi olan millət, belə qəhrəman sərkərdələr, ziyalılar, sənətkarlar və nəhayət, dahi şəxsiyyətlər yetirmiş xalqı mənfur qonşular hansı əsasla kobud və geridəqalmış adlandırırlar? Onlar bizi dünyaya belə tanıtmaq istəsələr də, bu xülyalar bir-birinin ardınca puça çıxıb. Bu cəfəngiyatı alt-üst edənlərdən biri də məhz “Baku” jurnalı və onun yaradıcı kollektividir. Leyla Əliyeva öz xeyirxah əməlləri ilə xalqımız barədə söylənilən haqsızlıqların üstündən qırmızı qələmlə xətt çəkərək azərbaycanlıları dünya miqyasında tanıtmaq üçün əvəzsiz iş görür.
Jurnalda dərc olunmuş yazılardan birinin qəhrəmanı belə bir fikir söyləmişdi: “Azərbaycanlı, xüsusən də bakılı olmaq, bu şərəfli adı daşımaq hər adama nəsib olmur. Ona görə də çalışın həm bu adı, həm də torpağınızı qoruyun!” Leyla xanım Əliyeva və 5 yaşı tamam olmuş “Baku” jurnalı məhz bu ideyanın daşıyıcısıdır. Əminik ki, Leyla Əliyevanın Vətən sevgisi, doğma torpağa bağlılıq kimi ülvi hissləri çoxları üçün əsl vətəndaşlıq nümunəsi olacaqdır.(AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !