Nargis jurnalının rəsmi təqdimatı olmuşdur Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişdir -

“Nargis” jurnalının rəsmi təqdimatı olmuşdur Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişdir

Yanvarın 13-də “Four Seasons Hotel Baku” otelində rus dilində nəşr edilən “Nargis” jurnalının ilk nömrəsinin rəsmi təqdimatı olmuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak etmişlər.
AzərTAc xəbər verir ki, jurnalın baş redaktoru Ülviyyə Rəhmanova çıxış edərək yeni nəşrin məqsəd və vəzifələrindən danışmışdır. Bildirilmişdir ki, “Nargis” incəsənət, moda və yeni brendlər aləmində oxucuların əsl bələdçisinə çevriləcəkdir. Oxucular bu nəşrin səhifələrində incəsənət və moda aləmində baş verən yeniliklər, müasir meyllər barədə dolğun məlumat əldə edə biləcəklər. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılıqları haqqında məqalələr yer alacaqdır.
Nəfis tərtibatı, zövq oxşayan dizaynı ilə Azərbaycan mətbuatına yeni nəfəs gətirən “Nargis” jurnalının ilk nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın eksklüziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer almışdır. Bu nömrədə, həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunmuşdur.
Digər çıxış edənlər də “Nargis” jurnalının məziyyətlərindən danışmışlar. Qeyd edilmişdir ki, jurnalda təkcə dünyanın məşhur brendləri barədə deyil, həmçinin Azərbaycanın bölgələrinin milli geyimləri haqqında da ətraflı məlumat verilmişdir. “Milli geyimlərin izi ilə” bölməsində Bakı, Şəki, Lənkəran, Gəncə, Şamaxı, Naxçıvan, Ağdam, Göyçay rayonları üzrə milli qadın geyimlərinin xüsusiyyətləri, bəzək elementləri və sair haqqında geniş söhbət açılmışdır.
Bildirilmişdir ki, jurnal rübdə bir dəfə, 368 səhifə ilə oxucularının görüşünə gələcəkdir.
Tədbir mədəni proqramla davam etmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !