Naxçıvan Dövlət Universitetində bilik yarışması keçirilmişdir -

Naxçıvan Dövlət Universitetində bilik yarışması keçirilmişdir

Naxçıvan Dövlət Universitetində (NDU) Beynəlxalq tələbə həftəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” bilik yarışması üzrə tələbələr arası I seçim turu keçirilmişdir.
NDU-nun media mərkəzindən AzərTAc-a bildirmişlər ki, tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev ümummilli lider Heydər Əliyevin siyasi kursunun bugünkü layiqli davamından, ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurundan danışmışdır. Qeyd olunmuşdur ki, 1939-cu il noyabrın 17-də Praqa şəhərində faşizm əleyhinə mitinqdən sonra 9 tələbə və müəllim edam edilmişdir. 1941-ci ildən başlayaraq həmin gün Londonda Beynəlxalq Tələbələr Günü kimi qeyd edilməyə başlamışdır. İndi də bu gün bütün dünyada milli tələbə birlikləri tərəfindən qeyd edilməkdədir. Ölkəmizdə isə bu tarix ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən bəri keçirilir.
Sonra universitet gənclər təşkilatının sədri Arzu Abdullayev yarışmanın şərtləri və qaydaları haqqında ətraflı məlumat vermişdir.
Doqquz komandanın iştirakı ilə keçirilən yarışmada 45 tələbə iştirak etmişdir. Üç mərhələdə keçirilən gərgin bilik yarışmasının qalibi olan “Əlincə” komandası Bakı şəhərində keçiriləcək final turuna vəsiqə qazanmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !