Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Həştərxan vilayəti qarşısında xidmətlərinə görə mükafatı təqdim edilmişdir -

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı təqdim edilmişdir

sentyabrın 12-də Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva qurumun Həştərxan bölməsinin üzvləri ilə görüşmüşdür.
Əvvəlcə Leyla Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir edilmiş məktəbin binası ilə tanış olmuşdur. Yenidənqurma işləri zamanı iki yeni korpus tikilmiş, yeni mebel gətirilmiş, sinif otaqları ən müasir avadanlıqla təchiz edilmişdir.
Leyla Əliyeva sinif otaqlarını gözdən keçirərək, şagirdlər üçün yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, hazırda məktəbdə 650 şagird təhsil alır. Bu şagirdlərin 32-si azərbaycanlıdır. Məktəbdə 20 sinif otağı vardır. Burada 42 müəllim işləyir.
Leyla xanım Əliyeva görüşdə çıxış edərək bildirmişdir ki, RAGT- nin Həştərxan bölməsi ən fəal regional bölmələrdən biridir. O vurğulamışdır ki, RAGT Həştərxanda çoxlu layihə, o cümlədən təhsil sahəsində layihələr həyata keçirmişdir. Leyla xanım Əliyeva demişdir: “RAGT, demək olar, beş ildir mövcuddur. Məqsədimiz Rusiyada yaşayan azərbaycanlı gəncləri bir araya gətirməkdir. Bu gün RAGT- nin 60-dan çox regional bölməsi vardır”.

RAGT- nin regional bölmələrinin Azərbaycanın milli bayramlarını qeyd etdiklərini, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini təbliğ etdiklərini, respublikamızın həqiqətlərini yaydıqlarını bildirən Leyla xanım Əliyeva vurğulamışdır: “Biz inanırıq ki, münaqişə tezliklə öz ədalətli həllini tapacaqdır, bütün qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar”.
RAGT- nin sədri qeyd etmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda “IDEA” adlı beynəlxalq kampaniya başlanmışdır. Ötən dövrdə bu kampaniya çərçivəsində çoxlu maraqlı layihə həyata keçirilmiş, təxminən 60 min ağac əkilmiş, konfranslar, seminarlar keçirilmişdir. Çıxışının sonunda Leyla Əliyeva demişdir: “Mən sizi bu hərəkata fəal qoşulmağa və öz təkliflərinizi bölüşməyə dəvət edirəm”.
Təşkilatın Həştərxan regional bölməsinin sədri Elvin Hüseynov bu görüşə görə vilayətin azərbaycanlı gəncləri adından Leyla xanım Əliyevaya minnətdarlığını bildirərək demişdir ki, RAGT- nin Həştərxan vilayətindəki bölməsi öz sıralarında regionun ictimai-siyasi həyatında fəal iştirak edən 350-dən çox gənci birləşdirir. E.Hüseynov vurğulamışdır ki, Həştərxan Vilayət Administrasiyası 2010-2011-ci illərin yekunlarına görə şəhərin gənclər təşkilatları arasında ən yüksək qiyməti məhz RAGT- nin regional bölməsinə vermişdir.
Sonra Leyla xanım Əliyeva tədbir iştirakçılarının və RAGT-nin üzvlərinin suallarını cavablandırmışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.

 

***

 

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 12-də Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni medalının təqdim edilməsi mərasimi olmuşdur.
Mərasimdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd etmişdir ki, həştərxanlıları Azərbaycanla ümumi Xəzər dənizi birləşdirir və bizim məqsədimiz hamımızı əhatə edən təbiəti qorumaqdır. Qubernator demişdir: “Həştərxanlılar tarixən həmişə Azərbaycan xalqına məhəbbətlə yanaşmışlar. Buna görə də hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası ürək açır. Bugünkü tədbirlər – Dostluq körpüsünün, Uşaq şəhərciyinin açılışı, müqəddəs knyaz Vladimirin gələcək abidəsi yerində təməl daşının qoyulması bunu təsdiq edir”.
O, Həştərxanda həyata keçirilmiş layihələrə, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəldilmiş səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna həştərxanlılar adından minnətdarlığını bildirmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva yüksək mükafata görə təşəkkür edərək demişdir: “Həştərxan gözəl şəhərdir, lakin burada mənə daha çox xoş gələn insanlardır. Çünki sizin hərarətinizi duymamaq mümkün deyildir. Qarşıda bizim hələ çox layihələrimiz olacaqdır”.

X X X

Mükafatın təqdim edilməsindən sonra Rusiya və Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı olmuşdur. Səhnəyə, həmçinin Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlu çıxmışdır. Onun çıxışı gurultulu alqışlarla qarşılanmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !