Vilayət Quliyev: Xan qızı rus müstəmləkəçiliyinin insanın həyatını necə faciəyə çevirdiyini öz taleyində yaşamışdı

Vilayət Quliyev: Xan qızı rus müstəmləkəçiliyinin insanın həyatını necə faciəyə çevirdiyini öz taleyində yaşamışdı

Vilayət Quliyev:  Xan qızı rus müstəmləkəçiliyinin insanın həyatını necə faciəyə çevirdiyini öz taleyində yaşamışdı

 

Qarabağın “üç şaireyi-möhtərəməsindən” (Firidun bəy Köçərli) biri – Xan qızı Xurşudbanu Natəvan (1832-1897) rus müstəmləkəçiliyinin insanın şəxsi həyatını necə faciəyə çevirdiyini öz taleyində yaşamışdı.

 

Hələ atası Mehdiqulu xanın həyatda olduğu 1845-ci ilin əvvəlində Qafqaz ordusu Baş Qərargah zabiti, kapitan A. Prujanovski Qafqazın mülki hissə üzrə baş hakimi general-adyudant A.İ.Neydqarta xidməti qeydində Xanın yeganə qızının necə və kimə ərə verilməsi ilə bağlı mülahizələrini təqdim etmişdi: “...Qarabağ bəyləri öz maraqlarını güdərək Mehdiqulu xanın qızının gələcək nikahında yaxından iştirak etmək istəyirlər. Mehdi xanın oğlu yoxdur. Yalnız 15 yaşında (əslində 13!) bir qızı var. İndiki halda həm xan özü, həm də bütün bəylər bu qızı hələ də İranda qalan xan ailəsi üzvlərindən birinə ərə verməyi düşünürlər. Amma bir şərtlə ki, kürəkən köçüb Qarabağa gəlsin, qayınatasının yanında yaşasın. Yalnız belə olduğu təqdirdə xanın mülklərinin irsən qızına keçməsi ilə bağlı hökumətin razılığını almaq məsələsini qaldırmaq mümkündür. Çünki Mehdiqulu xan İrandan qayıdandan sonra mülkləri şəxs olaraq özünə verilib, ölümündən sonra isə xəzinənin ixtiyarına keçməlidir. Mehdiqulu xan işi məhz onlar istəyən şəkildə həll edəcəyi ilə bağlı bəylərin qarşısında and içib. Onlar da sırf siyasi məqsədlərlə, gələcəyi göz önünə alıb nikah məsələsinə çox ciddi maraq göstərirlər. Məqsəd ondan ibarətdir ki, sonuncu yerli xanın nəsli kəsilməsin. Əgər oğlu yoxdursa, kürəkəninə, yaxud nəvələrinə arxalanmaq mümkün olsun. Ən tədbirli Qarabağ bəyləri belə fikirdədilər ki, başlarının üstündə həmişə özlərindən olan bir şəxs dayanmalıdır. Bu adamlara xanın İranda böyüyən, Rusiyanın qüdrətinə, yaxud rus himayəsinin faydasına şübhə ilə yanaşan qohumlarından bir varis lazımdır. Rusların təsiri altında dəyişmiş, düşüncə və adət-ənənələrə münasibətində onlara bənzəyən varis nə Mehdiqulu xanın özünü, nə də Qarabağ bəylərini təmin edir” (tərcümə mənimdir-V.Q.)

 

General Neydqart bu xidməti qeydi 1845-ci il martın 17-də hərbi nazir A.İ.Çernışevə göndərmiş, sonuncu isə aprelin 4-də imperator I Nikolaya təqdim etmişdi. Yalnız I Nikolay sənədə “Быть по сему!” dərkənarı qoyandan sonra hələ uşaqlıq aləmindən ayrılmayan Xurşudbanuya rus ssenarisi üzrə ər axtarılmağa başlanmışdı. Uzun axtarışlardan sonra Xan qızını özündən 24 yaş böyük və birinci nikahla evli olan qumuq əsilli rus zabiti Xasay xan Usmiyevə ərə vermək qərara alınmışdı...

 

P.S.. Daha ətraflı bu kitabda oxumaq mümkündür...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]