Hümbət Quliyev: Son təbəssüm (hekayə)

Hümbət Quliyev: Son təbəssüm (hekayə)

Hümbət Quliyev: Son təbəssüm (hekayə) 

 

Sovet dövrü idi, Tibb Universitetinin beşinci kursunda oxuyurdum. Qrup yoldaşım olan bir rusla yoldaşlıq edirdim. O, yerli idi. Bir gün son mühazirədən qayıdarkən o, mənə dedi ki, getdiyimiz küçəyə yaxın bir yerdə qocalar evi var, anası orada işləyir. Əlavə etdi ki,anası bu gün növbətçidir, ona nəsə çatdırmalıdır. Mənə dedi; istəyirsənsə, bir yerdə gedək? Etiraz etmədim. Qocalar evində məni anası ilə tanış etdi. Onların bir- biri ilə söhbətinə mane olmamaq üçün onlardan aralandım. Həkim marağımdan qocalar olan palatalara baş çəkdim. Mən həyatda da, klinikalarda da çoxlu ahıl insanlar görmüşdüm,və düşünürdüm ki, məni təəccübləndirmək çətindir.

 

Qarşımda açılan mənzərələr və duyduqlarım məni sarsıtmışdı. Təfəkkürüm gördüklərinə etiraz edirdi. Bütün həyata baxışım,dünyagörüşüm alt- üst olmuşdu. Qocalar evində vəziyyətin bu dərəcədə dözülməz olacağını təsəvvür edə bilməzdim. İllərlə yataqdan dura bilməyən və məhdud personalın qulluq çatdıra bilmədiyi ahıl insanlarla dolu olan bir məkan. Cavanlar burada işləmək istəmədiyindən personal da yaşlı idi, çox işlərə sadəcə gücləri catmırdı, gördüyüm bir- iki kişi sanıtar da ayıq deyildilər və onların sifətindən başa düşdüm ki,bu hal onlarda daimidir.

 

Palatadakı vəziyyəti və xüsusən olan üfunəti söz təsvir etmək gücündə deyildi. Bu insanlar burada sadəcə ölümlərini gözləyirdi. Acınacaqlı vəziyyətə görə heç Əzrail də deyəsən bura ayaq basmaq istəmirdi.

 

Diqqətimi pəncərənin yanındakı çarpayıda uzanmış bir ahıl kişi cəlb etdi. Daha doğrusu onun qızarmış gözləri.

 

Burada deyim ki,mən ikinci kursdan göz həkimi olmağı qərarlaşdırmışdım və imkan düşən kimi vaxtımı göz xəstəlikləri kafedrasında keçirirdim. Qocaya yaxınlaşıb onun gözlərinə baxdım. Personaldan öyrəndim ki, Stepan Petroviç müharibə veteranıdır, igidliyə görə çoxlu orden və medalları da var. On beş ildən çoxdur ki,buradadır, heç kimi yoxdur. Yaşı doxsanı keçib,son beş ili yataqdan durmur.
Gözlərindəki vəziyyət belə idi; uzun müddət göz qapaqlarının gözlə təmasda olan hissəsi iltihabi proseslərdən deformasiyaya uğrayıb və adi halda gözdən əks istiqamətdə yönələn kirpiklər gözə yönəlib. Bu kirpiklər gözü qıcıqlandıraraq ağrı doğururdu. Uzun müddət qalan bu qıcıqlanmadan da gözlər qızarmışdı.Hər göz qırpımda narahatlıq yarandığından o, daha çox gözüyumulu olmağı üstün tutur. Hər gözü açmaq məcburiyyətində vurğuladığım acı hal təkrar olunurdu.Amma bu yazdıqlarımın qorxunc olmağına baxmayaraq, bu halın müalicəsi olduqca asan idi. Sadəcə olaraq gözə yönələn kirpikləri kökündən çıxarmaq lazım idi. Bunun üçün xüsusi kirpik maqqaşı, böyüdücü lupa və dezinfeksiya edici göz damcıları lazım idi.

 

Qocalar evini ağır hisslərlə tərk edəndən sonra dostumdan bəhanə ilə ayrılıb göz xəstəlikləri kafedrasına getdim. Personal məni yaxşı tanlyırdı. Xüsusi qabda mənə lazım olan hər şeyi götürüb qocalar evinə qayıtdım. Orada fikrimi dostumun anasına çatdırdım. O, çox təəccüblənsə də mənə etiraz etmədi. Mən Stepan Petroviçin hər iki gözünü ona illərlə zülm edən əyri kirpiklərdən azad etdim.
İndi sonrakı hadisəni sizə nəql edirəm: Pavel İvanoviç hər dəfə gözlərini qırpdıqca anlayırdı ki, gözləri daha ağrımır. Qıraqdan bunu müşayət etmək çox maraqlı idi. O, əvvəl bunu başa düşə bilmirdi, yoxlamaq üçün o, gözlərini təkrar- təkrar qırpırdı. Müsbət halından o, yavaş- yavaş dirçəlirdi.Ağrının daha olmayacağına hələ də inanmayan Strpan Petroviç gözlərini açıb mənə diqqətlə baxdı. Hə,mən onun kipriklərini çıxarda- çıxarda onu tərifləmişdim. Onun igid əsğər olduğunu bildiyimi,onun qəhrəmanlıqlarını eşitdiyimi ona demişdim. O, gözlərini daha da iri açıb əllərinin ikisini də birdən mənə uzatdı. Mən elə iki əlimlə də onun əllərini qarşıladım. Amma bir olay məni təəccübləndirdi. Bu çox qoca, çəlimsiz, həyat əlamətləri tam zəifləmiş insan mənim əllərimi sıxırdı! Və bu onda alınırdı! O, mənim əllərimi sıxır və... buraxmaq istəmirdi.

 

Bir müddətdən sonra o, əllərimi buraxıb,məmnuniyyətlə gözlərini qırpmaqda davam etdi. Uzun illərin həsrətindən sonra nəhayət ki,aldığı məmnunluqdan onun üzündə təbəssüm əmələ gəldi. Bu mənim ömrümdə gördüyüm ən gözəl təbəssüm idi. Bu təbəssümə təəccübünü gizlədə bilməyən dostumun anası arxadan məni qucaqladı. Mən Stepan Petroviçlə sağollaşıb palatadan çıxanda dostumun anası göz yaşlarını saxlaya bilmədi:- Doktor, çox sağ olun, son on beş ildə onun üzündə gördüyüm ilk təbəssüm idi.

Üç gündən sonra dostum mənə dedi ki, Stepan Petroviç dünyasını dəyişib. Hamını təəccübləndirən də o, olub ki,onun ruhunun tərk etdiyi çöhrəsində təbəssüm olub…

Hümbət Həsənoğlu

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]