Elçin Mirzəbəyli: Asıb kəsməklə iş bitmir...

Elçin Mirzəbəyli: Asıb kəsməklə iş bitmir...

Elçin Mirzəbəyli: Asıb kəsməklə iş bitmir...  

 

Mollakratiyanın Böyük Britaniyadakı tör-töküntülərinin Londondakı Azərbaycan səfirliyinə hücumundan sonra peşəkarların mediada, eləcə də sosial şəbəkələrdə yol verdikləri yanlışlıqlar, tələm-tələsik və subyektiv ehtimallar üzərində qurulan reaksiyalar haqqında fikirlərimi dəyərli oxucularla bölüşmək istəyirəm.

 

Hadisədən sonra yol verilən ilk yanlışlıq “Mehdinin nökərləri” qruplaşmasının nəyin bahasına olursa-olsun İranla, xüsusilə də Qumda yerləşən anti-Azərbaycan ideoloji mərkəzləri ilə əlaqəli olmadığını sübuta yetirməklə bağlı oldu. Bu məsələdə “cadugər” axtarmaq niyyətində deyiləm, amma belə tələm-tələsik reaksiyalar, baş verənlərin arxasında dərin “geosiyasi gedişlər”, mürəkkəb kombinasiyalar axtarmaq niyyəti ictimai rəydə qısamüddətli də olsa çaşqınlıq yaratdı və belə bir çaşqınlığın baş verə biləcəyini proqnozlaşdıran “Qum saatları” zəhərli ideoloji zərrəciklərini sosial şəbəkələrin Azərbaycan seqmentinə “ifraz etməyə” başladılar. “Dedim”, yazdım”, “xəbərdarlıq etdim” kimi məsələləri qabartmayacağam, çünki media mənsubu olduğum üçün yaranmış vəziyyətə PROBLEMLƏRİMİZ kontekstindən yanaşmağa üstünlük verirəm. Bütün bunlar bir daha sübuta yetirdi ki, dəqiq, təsdiqlənmiş informasiyaya malik olmadan subyektiv ehtimalları, fərziyyələri ictimai rəyə gerçəklik kimi ötürmək olmaz və belə yanlışlıqların aradan qaldırılması obyektiv həqiqətin, dəqiq informasiyanın əldə olunmasından daha çox vaxt aparır. Bu baxımdan, qənaətimə görə, xüsisilə də bəlli bir oxucu, dinləyici kütləsi olan peşəkar resursların və insanların ictimaiyyəti təmkinli olmağa çağırması, ehtimallardan, fərziyyələrdən çəkinməsi və vaxt itirmədən baş verənlər haqqında dəqiq məlumatların əldə edilməsi üçün araşdırmalara başlaması, məlumat əldə edən kimi bunu xəsislik etmədən digər peşəkar resurslarla və insanlarla bölüşməsi ən doğru seçimdir.

 

Nəzərə çarpan digər yanlışlıq isə diplomatların və səfirlk əməkdaşlarının ittiham edilməsi ilə bağlıdır. Necə düşündüyümüzdən və yanaşmağımızdan asılı olmayaraq, səfirlikdə çalışan insanlar, diplomatlar döyüşçü deyillər və belə hallarda təlimata uyğun davranmaq onların vəzifə borclarıdır. Təlimat isə diplomatların və səfirlik əməkdaşlarının təhlükəsizliklərinin təmin olunması üçün onların hadisə baş verən ərazidən təxliyyə olunmalarını tələb edir. Çünki səfirliyə hücum edənlər özləri ilə soyuq, yaxud odlu silah da gətirə, səfirlik əməkdaşlarına xəsarət yetirə bilərdilər. Bu yerdə, fikirlərimə qarşı əks-arqument sürəcək insanların “qəhrəmanlıq”, “fədakarlıq” kimi protokola və müvafiq təlimatlara daxil olmayan epitetlərdən istifadə etməməyi tövsiyyə edirəm. Söhbət diplomatların və təhlükəsizliyə cavabdeh olan şəxslərin təlimata uyğun davranışından və vəzifə səlahiyyətlərini yerinə yetirmələrindən gedir, mənəvi keyfiyyətlərdən, həm hüquqi, həm də diplomatik fəaliyyət müstəvisində ölçülə bilməyən kriteriyalardan yox!

 

Bununla yanaşı, məlum olduğu kimi Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, nümayəndəlik binalarının toxunulmazlığına və diplomatik nümayəndəlik əməkdaşlarının təhlükəsizliyinə yerləşmə dövləti, indiki halda Böyük Britaniya təminat verir. Sözügedən Konvensiyanın 22-ci maddəsində qeyd olunur:

 

“1. Nümayəndəlik binaları toxunulmazdır. Yerləşmə döv¬lətinin hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu binalara daxil ola bilməzlər.

 

2. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

 

3. Nümayəndəliyin binaları, avadanlıqları və bu binalardakı digər əmlak, həmçinin nümayəndəliyin nəqliyyat vasitələri axtarış, müsadirə və həbs icra hərəkətlərində immunitetdən istifadə edir”.
Göründüyü kimi, Azərbaycanın Londondakı səfirliyinin binasının hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin, yəni Böyük Britaniyanın xüsusi vəzifəsidir. Bu o deməkdir ki, Azərbaycan diplomatları, o cümlədən Londondakı diplomatik nümayəndəliyinin əməkdaşları Böyük Britaniya hökumətinin xüsusi vəzifəsini yerinə yetirə bilməzlər və onların buna heç səlahiyyəti də çatmır. Bu baxımdan, “ay mən belə vurardım, belə yıxardım” kimi qeyri-peşəkar mülahizələri bir kənara qoyub, diplomatlarımızın yanında olduğumuzu bəyan etsək, daha yaxşı olar. Azərbaycanı dünyanın müxtəlif ölkələrində təmsil edən, erməni diasporu və lobbisinin, eləcə də bizə düşmən kəsilən erməni xislətlilərin təzyiq və təhdidləri ilə qarşı-qarşıya qalan həmvətənlərimiz bilməlidirlər ki, təkcə dövlətimiz deyil, ictimaiyyətimiz də onların yanındadır. Şübhəsiz ki, hamı kimi diplomatları da tənqid etmək olar, amma belə ekstrimal vəziyyətlərdə yox. Onlar üçün ictimai dəstək çox önəmli bir motivasiyadır. Adamları həvəsləndirmək lazımdır, asıb kəsməklə iş bitmir...

 

Elçin Mirzəbəyli

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]