Yaponiyada azərbaycanlı pianoçunun konserti böyük maraqla qarşılanmışdır -

Yaponiyada azərbaycanlı pianoçunun konserti böyük maraqla qarşılanmışdır

 İyulun 27-də Yaponiyanın Yokohama şəhərinin “San hato” konsert salonunda azərbaycanlı pianocu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın konserti olmuşdur.
“Piano Yokoyama” musiqi məktəbinin təşkilatçığı ilə keçirilən konsertdə şəhərin musiqisevərləri, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları və diasporumuzun nümayənədələri iştirak etmişlər.
G.Səfərovanın ifası yerli dinləyicilər və tanınmış musiqiçilər tərəfindən böyük maraqla qarşılanmışdır.
Konsertdə Avropa, Azərbaycan və Yaponiya bəsətəkarlarının klassik musiqi əsərləri səslənmişdir. İohan Sebastyan Baxın “Çakona”, Debussinin “Prelüdlər”, Xəyyam Mirzəzadənin “Ohne”, Akira Nişimuranın “İşıq və sükut” və Piazollanın “Alfredo Qobbinin səyahəti” əsərlərinin məharətli ifası tamaşaçıların gurultulu alqışlarına səbəb olmuşdur.
Həmin konsertdə G.Səfərova ilə bərabər yapon pianoçu Ryu Saito da çıxış etmişdir. Onun ifasında Bethovenin “Sonata”, Şopenin “Polonez”, Şubertin “Nokturn” əsərləri təqdim olunmuşdur.
Konsertdən sonra AzərTAc-ın xüsusi müxbiri ilə təəssüratlarını bölüşən Tokio Texnoloji Universitetinin professoru Laribi Besma demişdir : “Çox gözəl musiqi axşamı və gözəl ifa idi. Gülnarə Səfərova Azərbaycan piano sənətini Yaponiyada çox gözəl və çox fəal təqdim etdi. Siz özünüz də dinləyicilərin Gülnarənin ifasını necə hərarətlə qarşıladığının şahidi oldunuz. Mən deyərdim ki, Gülnarə bu əsərləri ifa etmirdi, onlarla yaşayırdı. Maraqlı konsertə görə ona minnətdarlığımı bildirir, uğurlar arzulayıram”.
Göstərdikləri diqqətə görə tamaşaçılara minnətdarlığını çatdıran Gülnarə Səfərova isə bildirmişdir ki, yaponlar musiqini dinləmək və ifaçının zəhmətini qiymətləndirmək bacarıqları ilə seçilirlər. Bu mənim Yaponiyada ikinci konsertim olsa da, artıq Yokohama da məni yaxşı tanıyırlar. Düşünürəm ki, belə konsertlər həm də Azərbaycan mədəniyyətini Yaponiyada tanıtmaq baxımından əhəmiyyətlidir. Bütün dinləyicilərə, xüsusən Azərbaycan səfirliyinin əməkdaşlarına təşəkkürümü bildirirəm.(AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !