Akademik İbrahim İbrahimovun 110 illik yubileyi AMEA-da qeyd edilib +FOTO=10

Akademik İbrahim İbrahimovun 110 illik yubileyi AMEA-da qeyd edilib +FOTO=10

Akademik İbrahim İbrahimovun 110 illik yubileyi AMEA-da qeyd edilib 

 

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Böyük zalında görkəmli alim, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Beynəlxalq tədbir AMEA, Riyaziyyat və Mexanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov görkəmli alim İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın AMEA-da keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Ölkəmizdə elmə və elm xadimlərinə hər zaman yüksək dəyər verildiyini deyən akademik Arif Həşimov müəllimi olmuş İbrahim İbrahimovun Azərbaycanda riyaziyyat elminin inkişafında, bu sahədə gənc mütəxəssislərin yetişdirilməsində göstərdiyi xidmətlərdən söz açıb, alimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, keçmiş SSRİ-də, o cümlədən dünyada tanınmış riyaziyyatçı alimlərimizdən olan İbrahim İbrahimovun rəhbərliyi altında ölkəmizdə həqiqi və kompleks dəyişkənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı kimi sahələrdə yüksək elmi nəticələr əldə olunmuşdur.

 

AMEA rəhbəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad olunduğunu deyərək, akademik İbrahim İbrahimovun növbəti yubileylərinin bu torpaqlarda keçiriləcəyini qeyd edib.

 

Akademik Arif Həşimov çıxışının sonunda görkəmli alimin 110 illik yubileyinə həsr edilmiş riyaziyyat və mexanikanın müasir problemlərinə dair beynəlxalq konfransın işinə uğurlar arzu edib.

 

Sonra Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Akademik İbrahim İbrahimovun həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, akademik İbrahim İbrahimovun riyaziyyat elminin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, İbrahim İbrahimov riyaziyyat sahəsində elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı alimdir. O, 170-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifi olmuşdur.

 

Misir Mərdanovun sözlərinə görə, görkəmli alim İbrahim İbrahimov 1939-cu ildə məşhur sovet riyaziyyatçısı A.Qelfondun elmi rəhbərliyi ilə namizədlik, 1946-cı ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Alim analitik funksiya vasitəsilə düzələn bəzi sistemlərin tamlığını tədqiq edərək riyazi analiz sahəsində klassik nəticələrə nail olmuşdur. Onun 1955-ci ildə “Ədədlər nəzəriyyəsinin əsasları”, 1957-ci ildə “Sıralar nəzəriyyəsinin əsasları” və 1962-ci ildə “Riyazi analiz kursu” dərslikləri çap edilmişdir. Akademik İbrahim İbrahimov 1950-1952-ci illərdə K.Rosse və İ.Privalov tərəfindən ali məktəblər üçün yazılmış “Diferensial və inteqral hesabı” adlı iki cilddən ibarət kitabı Azərbaycan dilinə tərcümə etmişdir.

Məruzəçi qeyd edib ki, İbrahim İbrahimov Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin prezidenti olmuşdur. Alimin əməyi dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilmiş, o, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və “Xalqlar Dostluğu” ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

 

“Akademik İbrahim İbrahimovun rəhbərliyi ilə 40-dan çox elmlər namizədi hazırlanmış, sonralar 6 tələbəsi elmlər doktoru elmi dərəcəsini almışdır. Alim daim öz tələbələrinə yüksək tələbkarlıqla yanaşmış, onların elmi potensialını artırmaqla yanaşı, bir şəxsiyyət kimi formalaşması üçün də böyük səylər göstərmiş, elmi-pedaqoji fəaliyyəti ilə gənclərə layiqli nümunə olmuşdur”, – deyə Misir Mərdanov bildirib. Baş direktor qeyd edib ki, onun dünyanın müxtəlif ölkələrində keçirilən bir sıra beynəlxalq konfranslarda riyaziyyat elminin ayrı-ayrı problemlərinə həsr olunmuş məruzələri daim öz elmi sanbalı ilə nüfuzlu alimlər arasında geniş marağa səbəb olmuşdur.

 

Misir Mərdanov çıxışının sonunda görkəmli alim şərəfli ömrünü riyaziyyat elminin tərəqqisinə həsr etdiyini söyləyib. O, İbrahim İbrahimovun öz prinsipiallığı, təvazökarlığı, sadəliyi ilə yanaşı, yeri gəldikdə sözünü qətiyyətlə deməyi bacaran, öz haqlı mövqeyindən dönməyən şəxsiyyət kimi onu tanıyanların qəlbində hər zaman yaşayacağını qeyd edib. Alimin Azərbaycan riyaziyyat elminə verdiyi töhfələri yüksək qiymətləndirərək, onun özündən sonra qoyub getdiyi zəngin irsin hələ uzun illər boyu tədqiq ediləcəyini vurğulayıb.

 

Konfransda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Yusif Məmmədov, "Lütfi Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü Rafiq Əliyev və Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı çıxış edərək görkəmli alimin yüksək insani keyfiyyətlərindən, Azərbaycan riyaziyyat elminə verdiyi dəyərli töhfələrdən danışıb, onunla bağlı xoş xatirələrini bölüşüblər.

 

Bildirilib ki, akademik İbrahim İbrahimov ömrü həyatından sonra da davam edən insanlardandır. O, yaşadığı dövrdə ölkənin ictimai-sosial həyatında, elm və təhsilin inkişafında mühüm rol oynayıb. Alimin Azərbaycanın ali məktəblərində riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xidmətləri olub. İbrahim İbrahimovun yetirmələri bu gün onun yolunu uğurla davam etdirir, riyaziyyat elminin nəzəri və praktiki məsələlərinin tədqiqi ilə məşğul olurlar.

 

Sonda alimin qızı professor Səidə İbrahimova atasının xatirəsinə göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Qeyd edək ki, üç gün davam edəcək konfrans işini 8 bölmədə davam etdirəcək, həmçinin 8 plenar məruzə dinləniləcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]