AMEA-nın müxbir üzvü Misir Mərdanov: Akademik İbrahim İbrahimov Azərbaycan riyaziyyat elminin dünya səviyyəsinə yüksəldilməsi üçün əhəmiyyətli işlər görüb +FOTO=2

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Akademik İbrahim İbrahimov Azərbaycan riyaziyyat elminin dünya səviyyəsinə yüksəldilməsi üçün əhəmiyyətli işlər görüb” +FOTO=2

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Akademik İbrahim İbrahimov Azərbaycan riyaziyyat elminin dünya səviyyəsinə yüksəldilməsi üçün əhəmiyyətli işlər görüb” 


AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Akademik İbrahim İbrahimov riyaziyyat sahəsində elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı alimdir”

 

Bu fikirləri AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

 

O, görkəmli alimin Azərbaycan riyaziyyat elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, İbrahim İbrahimov riyaziyyat sahəsində elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı alimdir. Akademik 170-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifi olmuşdur.
Misir Mərdanovun sözlərinə görə, akademik İbrahim İbrahimov 1939-cu ildə məşhur sovet riyaziyyatçısı A.Qelfondun elmi rəhbərliyi ilə namizədlik, 1946-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Alim analitik funksiya vasitəsilə düzələn bəzi sistemlərin tamlığını tədqiq edərək riyazi analiz sahəsində klassik nəticələrə nail olmuşdur. Onun 1955-ci ildə “Ədədlər nəzəriyyəsinin əsasları”, 1957-ci ildə “Sıralar nəzəriyyəsinin əsasları” və 1962-ci ildə “Riyazi analiz kursu” dərslikləri çap edilmişdir. Akademik 1950-1952-ci illərdə K.Rosse və İ.Privalov tərəfindən ali məktəblər üçün yazılmış “Diferensial və inteqral hesabı” adlı iki cilddən ibarət kitabı Azərbaycan dilinə tərcümə etmişdir.

 

Akademik İbrahim İbrahimovun Azərbaycan riyaziyyat elminə verdiyi töhfələrdən söz açan Misir Mərdanov bildirib ki, alim kompleks və həqiqi dəyişənli funksiyaların konstruktiv nəzəriyyəsi sahəsində dövrün görkəmli riyaziyyatçıları M.V.Keldış, S.N.Bernşteyn, S.M.Nikolski, A.O.Qelfond, M.A.Lavrentyev və başqaları ilə yaxından elmi əlaqələr saxlayaraq, bu sahədə Azərbaycanda yeni nüfuzlu bir məktəb yaratmağa nail olmuşdur. Alimin kompleks və həqiqi dəyişənli funksiyalar nəzəriyyəsinin müxtəlif problemlərinə həsr olunmuş tədqiqatları arasında “Karleman” probleminin həlli mühüm yer tutur. O, akademik Keldışla birlikdə Nyuton interpolyasiya sırasının bütün tam funksiyalar sinfində yığılması üçün dəqiq əlamət tapmış, Qelfondla birlikdə isə interpolyasiya nəzəriyyəsinin metodları vasitəsilə “İki nöqtə haqqında problem” adlı məsələni həll etmişdir.

 

O, qeyd edib ki, akademik İbrahim İbrahimov Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin prezidenti olmuşdur. Alimin əməyi dövlət tərəfindən hər zaman layiqincə qiymətləndirilmiş, o, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və “Xalqlar Dostluğu” ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatına və “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
“Akademik İbrahim İbrahimovun rəhbərliyi ilə 40-dan çox elmlər namizədi hazırlanmış, sonralar 6 tələbəsi elmlər doktoru elmi dərəcəsini almışdır. Alim daim öz tələbələrinə yüksək tələbkarlıqla yanaşmış, onların elmi potensialını artırmaqla yanaşı, bir şəxsiyyət kimi formalaşması üçün də böyük səylər göstərmiş, elmi-pedaqoji fəaliyyəti ilə gənclərə layiqli nümunə olmuşdur”, – deyə Misir Mərdanov bildirib. Qeyd edib ki, onun dünyanın müxtəlif ölkələrində keçirilən bir sıra beynəlxalq konfranslarda riyaziyyat elminin ayrı-ayrı problemlərinə həsr olunmuş məruzələri daim öz elmi sanbalı ilə nüfuzlu alimlər arasında geniş marağa səbəb olmuşdur.

 

AMEA-nın müxbir üzvü Misir Mərdanov böyük elm fədaisinin şərəfli ömrünü riyaziyyat elminin tərəqqisinə həsr etdiyini dilə gətirib. O, akademik İbrahim İbrahimovun Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərdən olduğunu, onun öz prinsipiallığı, təvazökarlığı, sadəliyi ilə yanaşı, yeri gəldikdə sözünü qətiyyətlə deməyi bacaran, öz haqlı mövqeyindən dönməyən şəxsiyyət kimi onu tanıyanların qəlbində hər zaman yaşayacağını qeyd edib. İbrahim İbrahimovun Azərbaycan riyaziyyat elminə verdiyi töhfələri yüksək qiymətləndirərək, onun özündən sonra qoyub getdiyi zəngin irsin hələ uzun illər boyu tədqiq ediləcəyini vurğulayıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]