Xalidə Nəsirovanın qurama dünyası adlı sərgi açıldı +FOTO=16

“Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi açıldı +FOTO=16

“Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi açıldı 

 

İyunun 28-də Azərbaycan Milli Xalça Muzeyində “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərginin açılış mərasimi keçirildi. Tədbirdə muzeyin direktoru Şirin Məlikova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Xalidə Nəsirovanın tələbəsi Fəridə Mustafayeva çıxış edərək həyatının 30 ildən çoxunu qurama sənətinə həsr edən sənətkarın yaradıcılığı, qurama sənəti və müasir dövrdə onun inkişafı istiqamətində görülən işlərdən danışdılar.

 

Xalidə xanımın fərdi retrospektiv sərgisində 40-a yaxın qurama nümunəsi təqdim olunur. Burada sənətkarın müəllifi olduğu əsərlərlə yanaşı, ona hədiyyə edilmiş XX əsrin əvvəllərinə aid quramalar da nümayiş etdirilir.

 

Bu bədii ənənəni müasir dövrdə yaşadan, ona özünəməxsus dəst-xətti ilə həyat verən azsaylı sənətkarlardan olan Xalidə xanımın quramalarının əksəriyyətini müxtəlif örtüklər, yastıq üzləri, dekorativ süfrələr, mozaik pannolar təşkil edir. O, həm də qurama araqçınlar, jiletlər və suvenir mütəkkələrin müəllifidir. İlk dövrlərdə yaratdığı quramalarında əsasən ipək parçalardan istifadə edən sənətkar sonralar müxtəlif növ parçalarla yaradıcılıq imkanlarını daha da genişləndirib. Əsasən mücərrəd üslubda işləyən Xalidə xanımın mürəkkəb və zəngin naxışlı kompozisiyalarının əsas mövzusu tarix, incəsənət, din və məhəbbətdir. Əsərlərini eskizsiz hazırlayan müəllifin yaradıcılığında buta və göz elementləri, kvadrat, üçbucaq formaları, kvadrat içərisində müxtəlif həndəsi naxışlar, memarlıq təsvirləri və digər ornament və təsvirlər üstünlük təşkil edir.

 

“Avroviziya 2012”, 100-dən çox qalstukdan hazırlanmış “İçərişəhərin sirləri”, insanları qədim abidələri qorumağa səsləyən “İmdad” adlı işləri və digər çoxsaylı quramalarında müəllifin özünəməxsus bədii axtarışları əksini tapıb. İxtisasca kimyaçı olan Xalidə Nəsirovnın yaratdığı ilk qurama isə 20 Yanvar faciəsinə həsr edilib və onun “Mənim dostlarım” adlı bu əsərində 3330 ədəd parça hissəsindən istifadə olunub.

 

Sərgi çərçivəsində mühazirələr, qurama üzrə ustad dərsi, tematik ekskursiyalar keçiriləcək.
“Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi 10 sentyabr 2022-ci il tarixinədək davam edəcək.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]