Soydaşımız Amerika Gitara Fondunun Beynəlxalq müsabiqəsində qalib gəlmişdir -

Soydaşımız Amerika Gitara Fondunun Beynəlxalq müsabiqəsində qalib gəlmişdir

 Nijni Novqorod şəhərində yaşayan klassik gitara ifaçısı, soydaşımız Rövşən Məmmədquliyev nüfuzlu GFA-2012 müsabiqəsində (Amerika Gitara Fondunun beynəlxalq müsabiqəsində) qalib gəlmişdir.
Rusiya nümayəndələri indiyə qədər üç dəfə GFA müsabiqəsinin qalibi olmuşlar. 1991-ci ildə Aleksey Zimakov, 2002-ci ildə Dmitri İllarionov, 2011-ci ildə isə Vladimir Qorbaç bu müsabiqənin birinci mükafatçısı olmuşdur.
Rövşən Şahbaz oğlu Məmmədquliyev 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. Klassik gitarada çalmağı Nijni Novqorod şəhərindəki 7 nömrəli uşaq incəsənət məktəbində öyrənmişdir. 2003-cü ildə o, M.A.Balakirev adına Nijni Novqorod musiqi kollecinə daxil olmuşdur. 2004-cü ildə həmin kolleci fərqlənmə ilə bitirərək M.İ.Qlinka adına Nijni Novqorod Dövlət Konservatoriyasına (Akademiyasına) daxil olmuş, 2009-cu ildə bu təhsil müəssisəsini fərqlənmə ilə bitirmişdir. Bütün bu illər ərzində o, M.İ.Qlinka adına Nijni Novqorod Dövlət Konservatoriyasının dosenti, sənətşünaslıq namizədi A.A.Petropavlovskinin sinfində oxumuşdur.
R.Məmmədquliyevin yaradıcılıq uğurları Rusiya, Fransa, Ukrayna, İtaliya, Portuqaliya, Polşa və digər ölkələrdə keçirilmiş müxtəlif müsabiqə və festivalların diplomları ilə qeyd edilmişdir. O, “Dionisi ilə keçən yay” (Voloqda şəhəri, 2001-ci il) və “Nijeqorodskaya vesna” (2002-ci il) yaradıcılıq məktəblərinin iştirakçısı olmuşdur. Rövşən Rusiyanın və xarici ölkələrin aparıcı musiqiçiləri L.Brauer (Kuba), F.Zanon (Braziliya), R.Dyens (Fransa), T.Perinq (Almaniya), M.Tamayo (Kuba), D.Pavloviç (Macarıstan), A.Vinitski (Rusiya) ilə yaradıcılıq görüşlərində və onların ustad dərslərində iştirak etmişdir.
R.Məmmədquliyevin yaradıcılıq uğurları Rusiya Prezidenti Vladimir Putinin mükafatı, Nijni Novqorodun meri Y.Lebedevin, Nijni Novqorod vilayətinin qubernatoru Q.Xodırevin, “Yeni adlar” beynəlxalq xeyriyyə proqramının təqaüdləri ilə qeyd edilmişdir. Rövşən həm də B.Spivakov Beynəlxalq Xeyriyyə Fondunun proqramlarının iştirakçısıdır.
Hazırda Rövşən Məmmədquliyev Nijni Novqorod Konservatoriyasının aspirantı və müəllimidir. O, Rusiyanın və xarici ölkələrin müxtəlif konsert meydançalarında tez-tez və uğurla çıxış edir.
2011-ci ildə Rövşən Məmmədquliyev “Con Anima” solo proqramından ibarət kompakt disk yazdırmışdır.(AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !