Hümbət Həsənoğlu – 67

Hümbət Həsənoğlu – 67

 Hümbət Həsənoğlu – 67

 


Bu gün – iyunun 21-də tanınmış yazıçı-filosof, yüksək intellekt sahibi, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Sumqayıt “Dostlar klubu"nun təsisçisi və rəhbəri Hümbət Həsənoğlunin ad günüdür – 67 yaşı tamam olur. Onu səmimiyyətlə təbrik edərək, haqqında iki il əvvəl – 65 illik yubileyində yazdığım oşerki məmnuniyyətlə yenidən dostların diqqətinə çatdırıram.

Azərbaycanın vətənpərvər oğlu, "yerüstü" sərvəti!


Ensiklopedik biliyi, dərin erudisiyası ilə iki rus professorunu xaricdə "nokaut" edən, üç vəzifəli moskvalını gecə yarısı xəstə çarpayısına saldıran, ermənilərin Sumqayıta köməyini təşkil edən, 33 qəpiyə... maşın alan sumqayıtlı göz həkimi

Doktor Hümbət Quliyev dünyanın 40-a qədər ölkəsində olub, müxtəlif beynəlxalq tədbirlərdə, simpoziumlarda iştirak edib. Ancaq hara yolu düşübsə, "dövlət əhəmiyyətli bir yüklə" gedib, elə həmin yüklə də Vətənə qayıdıb. Ancaq elə gedib-gəlib ki, heç bir ölkənin gömrükxanası o "yük"ə qadağa qoya, əlindən ala, müsadirə edə bilməyib. Çünki Hümbət Quliyev o "yük"ü hər yerə maşın, qatar, təyyarə baqajında yox, daha etibarlı yerdə - ürəyində apara bilib, ürəyində də Azərbaycana qaytarıb. O mühüm, hər zaman onun üçün xoş olan "yük"... Vətən məhəbbəti, Azərbaycan sevgisi olub.


Həkim Hümbət Quliyev gənc, istedadlı bir göz həkimi kimi 16 il vətəndən uzaqlarda rus və alman həmkarları ilə birgə işləyib, yüksək peşəkarlığı sayəsində ad-san qazanıb. Çünki həmişə atasının tövsiyəsinə əməl etməyə çalışıb: "oğul, hansı sənətin, peşənin qulpundan yapışırsansa, yapış, harda olursansa, ol, ancaq azərbaycanlı olduğunu, Vətənin adını uca tutmağı unutma!". Hələ orta məktəbdə oxuyarkən isə atası onunla dostcasına söhbət edərkən demişdi: "oxumaq-oxumamaq öz işindir, ancaq bil ki, yaxşı bir sənət sahibi olsan, el-oba içində başın uca olar, sayılıb-seçilərsən. Oxumasan, uzaq başı mənim kimi sürücü olacaqsan".
Məktəbli Hümbət onsuz da yaxşı oxuyurdu və çox sevdiyi atasının sürücü sənətinə hörmətlə yanaşsa da, qətiyyən sürücü olmaq fikrində deyildi. O, atasını sevindirmək, onun arzusuna əməl etmək üçün elə onun tövsiyəsi ilə həkim olmaq istəyirdi. Ona görə də Sumqayıtın 17 nömrəli orta məktəbinin "gözü" sayılan Hümbət orta təhsilini əla qiymətlərlə başa vurub, əvvəlcə Azərbaycan Dövlət Tibb İnstitutunda, daha sonra isə Saratov Tibb Universitetinin hərbi-tibb fakültəsində təhsil alaraq, göz həkimi ixtisasına yiyələnir. Yeganə azərbaycanlı olaraq 6 il (1979-1985-ci illərdə) Moskva vilayətindəki Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında göz həkimi, sonralar isə elə oradaca baş həkim, Leninqrad Hərbi-Tibb Akademiyasının göz xəstəlikləri kafedrasında oftalmoloq kimi çalışır.
“O gənc azərbaycanlını baş həkim təyin edin... O, hər şeyi öncədən görür!"
...Sovet dövrü olduğundan Saratov Tibb Universitetini qırmızı diplomla başa vuran Hümbət Quliyevin təyinatı ümidverici, perspektivli göz həkimi kimi Moskva vilayətindəki Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasına verilir. İşlədiyinin ilk həftəsi "ÇP" ilə başlayır. Belə ki, təsadüfən poliklinikanın fizioterapevtik kabinetinə daxil olanda gözləmədiyi mənzərə ilə qarşılaşır. Görür ki, kabinetin xanım müdirinin həyat yoldaşı və onun iki dostu (sən demə, onlar yüksək çinli rəhbər şəxslər imiş) kvars lampasının gur, parlaq işığı altında şirin söhbət edirlər. Bunu görən gənc həkim özündən yaşlı olan həmin adamlara ötkəm səslə təpinərək, kabineti dərhal tərk etməyi tələb edir. Təbii ki, tanımadıqları, qəfil peyda olan "Qafqaz naturalı" gənc bir həkimin onlardan həyəcanla, həm də əmr şəklində kabinetdən çıxmağı tələb etməsi onların heç birinin xoşuna gəlməyib, narazılıq doğursa da və deyinsələr də, əmrə tabe olmuşdular. Kvars lampası söndürüldükdən sonra dəhlizə - o üç nəfərin yanına çıxan gənc həkim onlara bildirir ki, "düz 5 saatdan sonra sizin hər birinizin gözlərinizdə dözülməz ağrılar başlayacaq, hətta gözlərinizi aça da bilməyəcəksiniz. Ona görə də təcili olaraq bura, poliklinikaya gəlməli olacaqsınız. Sizin üçünüz üçün burda ayrıca palata təşkil ediləcək. Lazım olan dərmanlar aptekdə hazırlatdırılacaq və sizə bir tibb bacısı da təhkim ediləcək. Sizin gözlərinizə necə və hansı ardıcıllıqla göz damcıları tökməyi o tibb bacısına izah edəcəyəm. Məni gecə vaxtı axtarmayın, tibb bacısı nə lazımdırsa, edəcək".
Tam sağlam, heç nədən, həmçinin gözlərindən şikayəti olmayan həmin üç nəfər rusun gənc azərbaycanlı həkimin dediklərinə şübhə və bəlkə də məsxərə ilə yanaşdıqları, hətta ürəklərində söydükləri də sifətlərindən aydın duyulurdu. Həkimin onlara vəziyyəti izah etməsinə baxmayaraq, təzə "dostları" onun dediklərini ciddi qəbul etməyərək, onunla həvəssiz xudahafizləşərək, ayrılırlar.

Gənc həkim isə dediyi kimi də edir: palataya üç yanaşı çarpayı qoydurur və hərəsinin başında "üç müşketryor"u yola salarkən öyrəndiyi soyadlarını yazdırır. Aptekdə xüsusi dərmanlar hazırlatdırdıqdan və növbətçi tibb bacısını təlimatlandırdıqdan sonra Hümbət həkim işdən çıxıb, evə qayıdır.
Həqiqətən də gənc həkimin dediyi kimi olur. 5 saatdan sonra onların hər biri öz evində yatmağa hazırlaşarkən gözlərində başlanan ağrılardan evdə fırfıra kimi fırlanmalı olurlar. Və çox keçmədən təcili yardım maşınları gecənin qaranlığında "miqalka" ilə Moskvanın müxtəlif istiqamətlərindən sürətlə həmin poliklinikaya tərəf şütüyürlər. Və həmin üç nəfər palatada öyrənir ki, onları poliklinikada saatbasaat gözləyirlərmiş və təəccüb edirlər ki, hər biri üçün soyadları yazılmış çarpayılar hazırlanıb. Tibb bacısı lazım olan prosedurları edəndən sonra "üç müşketyor" tədricən özlərinə gəlirlər...
Məsələ onda idi ki, Hümbət həkim yaxşı bilirdi ki, insan gözünün, xüsusən gözün buynuz qişasının kvars lampasının ultrabənövşəyi şüalarına münasibəti tamamilə spesifikdir. Belə ki, adam özü hiss etmədən göz həmin şüaları yığır və yalnız müəyyən vaxt keçdikdən sonra ona kəskin reaksiya verir. Bu, metal qaynağına baxmaq kimi bir şeydir. Təyin olunmuş 5 saatın dəqiqliyinə gəldikdə isə, Hümbət həkim həmin vaxtı onların kvars işığında nə qədər oturduqlarını öyrəndikdən sonra gözlərinə ultrabənövşəyi şüanın nə vaxt təsir edəcəyini təxmini olaraq hesablamışdı.
Məhz həmin hadisədən sonra Hümbət Quliyev göz həkimi kimi məşhurlaşmışdı. Və çox maraqlıdır ki, iki ildən sonra poliklinikaya baş həkim məsələsi müzakirə ediləndə həmin rəhbər şəxslərdən biri demişdi: “O azərbaycanlını təyin edin, o hər şeyi öncədən görür!”
Almaniyadakı hərbi qospitalda ermənilərin Sumqayıta köməyi necə təşkil edildi?..
İstedadı və geniş təcrübəsi ilə diqqəti cəlb edən Hümbət həkim 1987-ci ildə Almaniyadakı Sovet Hərbi Qospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsinə göndərilir. 6 il orda səmərəli fəaliyyət göstərərək, dərin bilyi və yüksək peşəkarlığı ilə alman və sovet həmkarlarının nüfuzunu, müalicə etdiyi yüzlərlə xəstənin ehtiramını qazanır. Orda çalışdığı vaxt artıq Azərbaycandan onu narahat edən xəbərlər alırdı - ermənilər Qarabağ iddiası ilə təxribatlar törədir, kəndlərə silahlı hücumlar edilirdi. Gənc və qeyrətli bir azərbaycanlı kimi vətənində baş verən hadisələrə biganə qala bilməyən Hümbət həkimin təklifi ilə rus və alman dostları-həmkarları öz vəsaitləri hesabına xeyli dava-dərman, müxtəlif tibbi avadanlıq alaraq, onları Sumqayıta göndərmək qərarına gəlirlər. Bu humanitar, xeyirxah işdə qospital rəhbərliyi də öz köməkliyini əsirgəmir. 10-15 gün ərzində bir vaqon tutacaq qədər dava-dərman, tibbi avadanlıq toplanır. Onları Azərbaycana göndərmək üçün iri bir TIR maşını sifariş edilir. Lakin maşın qospitalın həyətinə daxil olanda Hümbət həkim və dostları görürlər ki, o həcmdə dava-dərmanı TIRa yığmaq onların işi deyil, köməkçi fəhlə qüvvəsi çağırmaq isə yaddan çıxıb. Belə olduqda Hümbət həkim qısa müddətdə qazandığı hörmət-nüfuzdan, qospital rəisinin özünə olan xüsusi hörmətindən istifadə edərək, ona gözlənilməz təklif etməli olur. Qospital rəisi azərbaycanlı həmkarının təklifindən əvvəlcə çaşqın halda qalsa da, sonra gülümsünüb, razılaşır. Və... həmin günlərdə qospitalda müalicəsi başa çatan 9 nəfər erməni əsgər neçə gün ərzində toplanılaraq, qablaşdırılmış dava-dərmanın, Almaniya istehsalı olan müxtəlif tibbi avadanlığın Sumqayıta göndəriləcəyini bilmədən bir-neçə saat ərzində onları həvəslə maşına yükləyirlər.
İşin "yaxşı getdiyini" görən qospital rəisi arada gülümsəyərək, Hümbət həkimdən zarafatla soruşur ki, indi o ermənilər bilsə ki, yüklədikləri dava-dərman hara gedir, nə edərlər? Hümbət həkim dərhal əlini dodağına apararaq deyir ki, ya maşına od vurub yandırarlar, ya da Sumqayıta "kömək" etdikləri üçün öz qollarını kəsərlər, başlarını daşa-divara vurarlar.
...Həmin tibbi yardım Azərbaycandan xeyli uzaqda olan, lakin qəlbi daim vətən həsrəti, vətən sevgisi ilə döyünən gənc həkim Hümbət Quliyevin öz doğma xalqına, Sumqayıta göstərdiyi ilk sanballı humanitar yardımı idi.


Almaniya sərgüzəşti
Yüksək peşəkarlığa malik bir həkim kimi Hümbət Quliyevin səsi-sorağı qospitaldan kənara da yayılmışdı. Və bir gün qospitalın rəisi artıq göz xəstəlikləri şöbəsinin müdiri olan Hümbət həkimə yaxınlaşıb deyir ki, hərbçi olmayan, "mülki" bir almanın gözlərinə baxmaq lazımdır. Onsuz da son vaxtlar pasientləri arasında adi almanlar da olduğundan baş həkimin tanımadığı o adamla bağlı ona telefonda deməyib, kabinetinə gəlməsi Hümbət həkimi təəccübləndirmişdi.
Birazdan onun qapısını orta boylu, azacıq şişman, çox da yaşlı olmayan bir nəfər döyərək, içəri daxil olur. O kim idisə, onu bir nəfər də müşayiət edirdi. Müşayiətçi bildirdi ki, "şefin" gözündə xeyli vaxtdır ki, problem yaranıb, ancaq onu müalicə edən yerli həkimlər dərdinə əlac edə bilməyiblər və məhz haqqında çox eşitdikləri Hümbət həkimə müraciət etmək qərarına gəliblər. Bunu deyərək, o, yeni pasientin xəstəlik tarixçəsini həkimə təqdim edir. Həqiqətən də şişman adamın gözləri ilə bağlı ciddi problemləri var imiş. Hümbət həkim onu diqqətlə müayinə edib, müalicəyə başladıqdan bir həftə sonra xəstənin görmə problemləri tam aradan qalxdı. Ona görə də çox qısa müddətdə həkim və xəstə arasında xoş ünsiyyət yaranmışdı. Gözü tam sağaldığı üçün çox razı qalan həmin adam gənc həkimə bir xahişinin də olduğunu demişdi - mümkünsə, həyat yoldaşına da baxsın. Bir-neçə gün ərzində onun xanımının da gözlə bağlı problemləri həll edildi. Və onlar həkimə dərin minnətdarlıq edərək, onunla çox mehribanlıqla ayrıldılar.
3 il sonra iki alman dövləti - Demokratik və Federativ Almaniya arasından onları ayıran divar götürüldü və vahid dövlət yaradıldı. O dövrdə alman televiziyaları dünyanın ən güclü təhlükəsizlik qurumlarından biri olan Demokratik Almaniyanın Təhlükəsizlik Komitəsi - "Ştazi” və onun rəhbəri cənab Milke haqqında çox danışırdılar. Xüsusən vurğulayırdılar ki, onu sifətdən heç kim tanımır, onu görmək heç kimə müyəssər olmayıb. Və bir gün axşam Almaniyanın ARD televiziya kanalında "Ştazi"nin tutulan şefini, cənab Milkenin şəklini göstərdilər. Hümbət həkim onu dərhal tanıdı - o, keçmiş pasiyenti, həmin şişman adam idi. Şəksiz o idi! Hümbət həkim vaxtilə kimi müalicə etdiyini heyrətlə yada saldı.
...Bir gün qospitalın rəisi Hümbət həkimə bildirir ki, alman dostlar onların ikisini də şam yeməyinə dəvət ediblər, ancaq bu barədə başqa heç kəs bilməməlidir. Həmin axşam onlar üçün xüsusi maşın göndərildi. Nə qospital rəisi, nə də Hümbət həkim hara aparıldıqlarını bilmədilər. Çünki yolun çox hissəsi meşəlikdən keçirdi. Qonaqları xüsusi ehtiramla bir evə apardılar. Orda böyük bir kabinetə daxil olanda onları hündürboy bir alman böyük nəzakətlə qarşıladı. Qospital rəisi yanında olsa da, Hümbət həkim narahat idi - axı, bura haradır, bunlar kimdirlər, onun bu adamlara nə aidiyyatı ola bilər?
Qısa tanışlıqdan sonra kabinetin sahibi olan alman ayağa qalxıb dedi:
- Olduqca xoşdur ki, qeyri-adi bacarığa, istedada malik olan azərbaycanlı göz həkimi Hümbət Quliyev çox illərdir ki almanlara da yüksək ixtisaslı kömək göstərir. Biz onun bu əməyini yüksək qiymətləndiririk və bu münasibətlə onu xüsusi medalla təltif etmək qərarına gəlmişik.
Hümbət həkimin qətiyyən gözləmədiyi təntənəli təltifdən sonra hamı başqa bir otağa dəvət edildi. 10-12 nəfərlik yemək süfrəsi arxasında xeyli müddət azərbaycanlı göz həkiminin şərəfimə xoş söz deyildi, "sağlıqlar" deyilərək, badələr qaldırıldı. Evə qayıdarkən hələ də ona yuxu kimi görünən qonaqlığın, təltifin nə məqsədlə olduğunu başa düşməyə çalışaraq, qospital rəisindən soruşmuşdu ki, biz harda idik, bu "nə yuxuydu" belə?
O isə astaca bildirmişdi ki, biz Almaniya Demokratik Respublikasının Təhlükəsizlik Komitəsinin hansısa bir qurumunda olduq. Onların təltif etdikləri medal isə xüsusi hallarda və ancaq alman xalqı qarşısında böyük xidmətləri olan adamlara verilir. Və o, qısa bir müddətdə Almaniyada mahir bir göz həkimi kimi məşhurlaşmış azərbaycanlı həmkarına məsləhət görür ki, hara getdikləri və medal haqda heç kimə danışmasın.
Sən demə, həmin qonaqlıq və medal Hümbət həkimin məşhur pasiyentinin onu müalicə etdiyinə görə xüsusi minnətdarlıq ifadəsi imiş.


1 markaya - 33 qəpiyə alman maşını?..
Bunu çoxları yaxşı xatırlayır ki, vaxtilə sovet adamının maşın alması çox müşkül məsələ idi. Ona görə də Almaniyada işləyərkən maaşı yaxşı olduğundan Hümbət həkim maşın almaq fikrinə düşür. Ancaq atası Həsən kişi çox gözəl, mahir sürücü olsa da, orta məktəbdə oxuyarkən bütün fikrini dərslərə verdiyindən, atasından heç vaxt maşın sürməyi öyrətməsini xahiş etməmişdi. Yəqin bunu daha çox atası istəməmişdi, fikirləşmişdi ki, "uşağın başı maşına qarışar, dərslərdən soyuyar". Bu səbəbdən də atası onu maşına həvəsləndirmək istəmirdi, deyirdi ki, maşına baş qoşsan, elə mənim kimi sürücu olacaqsan. O isə oğlunu həkim görmək arzusundaydı.
Və təbii ki, maşın almamışdan əvvəl Hümbət həkim onu sürməyi öyrənməli idi. Bu məqsədlə də ilk olaraq ucuz bir köhnə maşın almaq, sürməyi öyrəndikdən sonra isə təzəsini almaq qərarına gəlir. Fikrini qonşu nevroloji klinikada işləyən dostu Hansa bildirir. Vaxtilə onun da həyat yoldaşının gözündəki problemi uğurla aradan götürdüyündən möhkəm dostlaşmışdılar. Tez-tez bir-birinin evinə get-gəlləri də olurdu. Hans dostunun istəyinə başını yüngülcə tərpətməklə, "baxmaq, axtarmaq lazımdır" deyə cavab vermişdi. Aradan bir neçə gün keçdikdən sonra xəbər tutur ki, dostu Hans onu axtarır. (O vaxtlar hələ mobil telefonlar yox idi). Hans onunla görüşərək, deyir ki, bir maşın tapmışam, gedək baxaq. Və o, Hümbət həkimi özünün işlədiyi klinikanın sıra ilə düzülmüş maşın qarajlarından birinin qarşısına gətirir və soruşur:
- Sənin bir markan var?
- Varımdır, necə ki?...
- Ver onu mənə.
Hans bir qarajın qapılarını taybatay açır və deyir:
- Bax, bəyənirsən?
İçəridə demək olar ki, təzə bir alman markalı maşın vardı. Hans cibindən maşının açarını çıxarıb, gülə-gülə deyir:
- Doktor, bu maşını mən indicə sənə bir markaya satdım.
Hümbət həkim sovet təfəkkürü ilə böyüdüyündən Hansın bu cür "alış-veriş"ilə razılaşmaq istəməsə də, onun bunu sidq ürəklə, səmimiyyətlə etdiyini görüb çox çək-çevirdən sonra nəhayət ki maşını elə həmin bir alman markasına almaq məcburiyyətində qalır. Sonralar həmin maşınla Sumqayıta gələndə atası onun qiyməti ilə maraqlananda oğlu gülərək "33 qəpiyə!" deyəndə Həsən kişi təbii ki inanmır - "33 qəpiyə də heç maşın olar?" - deyir. (O vaxt bir bir alman markası sovet pulu ilə cəmi 33 qəpik idi. Bir sovet rublu üç markaya dəyişdirilirdi. İndi tamam tərsinədir).
Hümbət həkim əhvalatı atasına danışdıqdan sonra kişi məsələnin nə yerdə olduğunu anlayır və təəccübündə qalaraq, başını bulayaraq gülümsünür.


Həyata yeni baxış, yeni fəaliyyət sahəsi
Almaniyada çalışdığı dövrlərdə o, yaranmış şəraitdən və vaxtdan səmərəli istifadə etməklə 1991-ci ildə Berlin Biznes Məktəbində Sovet məkanı üçün o zamanlar tamamilə yeni olan sahibkarlıq işinin sirlərini öyrənir, bu sahədə ilk peşəkar azərbaycanlı mütəxəssis kimi Azərbaycana qayıdır. Və 14 il ayrı düşdüyü doğma Sumqayıtda ilk Biznes Mərkəzinin təsisçisi və 5 ildən çox prezidenti olur.
1997-1999 -cu illərdə Respublikanın Prezident Adminstrasiyası nəzdində Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində departament rəhbəri vəzifəsində çalışdıqdan sonra 5 il Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Sumqayıt Sahibkarlar Assosiasiyasının sədri olub. Və artıq 10 ildən çoxdur ki doktor Hümbət Quliyev respublika üzrə Sahibkarlığın Regional Araşdırma Mərkəzinin sədridir. O, özünün yüksək intellekti və zəngin iş təcrübəsinin nəticəsi olaraq Türkiyə, Rusiya, ABŞ, Braziliya, İspaniya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr edilmiş tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir.
1987-92-ci illərdə Almaniyada çalışması, hər bir işdə alman dəqiqliyinə və işgüzarlığına vərdişi, yüksək elm və mədəniyyətin daha böyük uğurlara yol açdığnı reallıqla qəbul etməsi onun həyata və cəmiyyətə baxışlarında da pozitiv fərqlərə səbəb olmuş, daim inamla və əzmlə yüksəkliyə, irəliyə can atmaq istəyi doğurmuşdur.
Maraqlıdır ki, Azərbaycanın dünyada daha yaxşı tanınmasına, onun qədim milli-mədəni, məişət ənənələrinə xarici ölkələrdə də ehtiram yaradılması işinə öz töhfəsini vermək üçün o, hətta ideya müəllifi olduğu, "Sumqayıt dolması" adlandırdığı "ikiqat dolma"nı da kəşf edib. Dolma ilə bağlı erməni iddialarının son 25 ildə nifrətlə xatırladıqları Sumqayıt tərəfindən boykot edilməsi üçün isə "Sumqayıt dolması" artıq YUNESKO-da Azərbaycan brendi kimi qeydə alınmaq üçün təqdim edilmişdir.


O, rus professorlara necə "master-klass" dərsi verdi
Hümbət Quliyevi az-çox tanıyanlar yaxşı bilir ki, o, çoxcəhətli istedada, dərin erudisiyaya və zəngin həyati təcrübəyə malik adamdır. Və o, bütün situasiyalarda birinci, qalib olmağı asanlıqla bacarır. Ensiklopedik bilikləri, həyata özünün orijinal fərdi baxışı, doğru-düzgün analiz etmək bacarığı hər yerdə - gəzib-dolaşdığı bütün ölkələrdə, tanış olduğu minlərlə xarici adamlar arasında Azərbaycanın adının yüksək tutulmasında, vətənimizə, xalqımıza hörmətlə yanaşılmasında ona mühüm kömək olur. Səmimiliyi və sadə davranışı ilə inam qazanaraq, yaxşı ünsiyyət qura bilmək bacarığı ona və onun şəxsində Azərbaycana çoxlu dost qazandırır. Onun dərin zəkası, yüksək şəxsi keyfiyyətləri, fenomen yaddaşı ona bütün vəziyyətlərdə ölkəmizi üstün olaraq tanıtmaqda və sevdirməkdə mühüm rol oynayır.
...Bir dəfə Türkiyədə dincələrkən ər-arvad olan iki rus professorun özlərini çox ağıllı, təkəbbürlü aparmasını sakitcə müşahidə edən Hümbət həkim çox keçmədən onlara əsl "master-klass" dərsi verməli olur. Belə ki, çimərlikdəki qonşularının türklərlə türk dilində danışdığını görərək, onu yerli adam hesab edərək, ona qarşı biganəliklə krossvord həll etməyə başlayırlar. Moskvalıların digər yerlərdən olanlara həmişə yuxarıdan aşağı baxdıqlarını hamı yaxşı bilir. Bu iki ər-arvad da moskvalı ədası ilə birlikdə krossvordun cavablarını axtarırdılar. Onlar krossvord həll etməkdən daha çox ətrafdakılara, xüsusilə də türk xidmət personalına özlərinin elmli-ziyalı olduqlarını göstərmək istəyir, buna görə də hərdən gözlərini yanlarındakı adama zilləyirdilər. Onlar çox çətinliklə üç sualdan birinə cavab tapdıqda uşaq kimi sevinir və yəqin düşünürdülər ki, heyf bu türk onların necə ağıllı olduğunu başa düşmür. Növbəti sual professorları çox çətin vəziyyətə salmışdı. Onların cavabları krossvordun xanalarına uyğun gəlmirdi. Hümbət həkim onların professor "savadsızlıqlarına" dözməyib, başına çəkdiyi günlüyü bir az qaldırıb, onların axtardığı sualın cavabını təmiz rus dilində deyəndə o rus "obrazovannılar" şoka düşərək, döyüküb qalmışdılar. Hümbət həkimin həmin çətin sualın ardınca digər iki sualın da cavabını onlara elmi cəhətdən xırdalayanda hər ikisinin alt çənəsi sinələrinə düşmüşdü. Rusca danışa bilən "türk gənc" onların bayaqdan tapa bilmədikləri digər sualları da cavablandırıb, ayağa qalxaraq, dənizə üzməyə gedəndə onlar tanımadıqları "vunderkind"in arxasınca təəccüblə baxırdılar.
Təbii ki, 10 il Rusiyada yaşaması, orada Universitet və Akademiya bitirməsi, dünyanın xeyli ölkəsində olması, hər zaman elmi-ədəbi kitablar oxuyaraq, öz üzərində daim işləməsi Hümbət həkimin ensiklopedik bilklərini daha da zənginləşdirmişdi və nail olduğu geniş bilik dairəsi lazım gəldikdə ona krossvord həllində də çox yarayırdı.
Dənizə çimməyə gedərkən qalibanə şəkildə, tələbə kimi baxdığı həmin ər-arvad professor Hümbət həkim geri qayıdanda onu gülərüzlə, ayaq üstə qarşılamış və onun kimi istedadlı bir türk oğlu ilə tanış olduqlarından məmnunluqlarını bildirdmişdilər. Sonrakı günlərdə də oteldə hər dəfə qarşılaşanda onlar bu türk oğlu ilə çox böyük hörmət və ehtiramla salamlaşırdılar.

N.Nərimanov da, A.Çexov da yazıçılığa həkimlikdən başlamışdılar...
Nadir, hərtərəfli istedada, ensiklopedik biliklərə malik həkim-yazıçı Hümbət Quliyevlə hər dəfə görüşəndə bilirəm ki, o yenə də öz müsahibini qeyri-adi düşüncələri, mülahizələri ilə heyrətləndirəcək, sevindirəcək. Axı, o, bir ziyalı kimi çox unikal, hər şeyə pozitiv, analitik mövqedən baxıb, çoxlarımızın müşahidə edə bilmədiyimizi, fərqinə varmadığımızı görə bilən bir adamdır. O, dahi hind yazıçısı Rabindranat Taqor kimi gülün, çiçəyin, böcəyin, kəpənəyin, qarışqanın, hətta daşın, ağacın, yarpaqların nə dediyini, bizə nə pıçıldadığını çox aydın duya, eşidə bilən, başa düşən bir psixoloq, bioloq və filosofdur, müdrik adamdır. Təsadüfi deyil ki, heç kəsin gözləmədiyi halda cəmi 3 il əvvəl onun yazıçılıq istedadı Vezuvi vulkanı kimi püskürərək, ətrafa maraqlı hekayələr, esselər, statuslar yaydı. Onun qələmindən çıxan müxtəlif səpgili yazlara maraq o qədər artdı ki, qısa bir zamanda onun Azərbaycanda 4 və Türkiyədə 3 hekayələr, esselər, statuslar kitabı nəşr edildi. Və, çox haqlı olaraq feysbuk izləyiciləri onu orujinal statuslar müəllifi kimi "Statusman" adlandırdılar. Və bu gün feysbukda verilən statusların müasir bir ədəbi janr səviyyəsinə yüksəlməsində həkim-yazıçı Hümbət Quliyevin rolu kifayət qədər böyükdür.
Bəli, Hümbət həkimi tanıyanların hamısı bilir ki, bu adam olduqca orijinal düşüncələr, fikirlər, ideyalar "generatorudur". Ən maraqlı, ən yeni, qeyri-adi fikirlər onun beynindən-düşüncəsindən minerallarla zəngin saf bulaq suyu kimi "dərin qatlardan" süzülərək gəlir.
Bu gün Hümbət həkim həm şəfaverici bir təbib, həm də adamları mənən saflaşdıran, onların gözündə bütün canlıları daha da canlandıran, unikal bir göz həkimi kimi hamının "gözünü" təbiətə, dünyaya açmağı, neqativ baxışları da pozitiv səmtə yönəltməyi bacaran bir şəxsiyyətdir.
Və onu da qətiyyətlə, Hümbət həkimə böyük ehtiramla etiraf etmək lazımdır ki, o, bütün doğmalar, dost-tanış tərəfindən görüşünə, bir-birindən maraqlı sözünə-söhbətinə daim ehtiyac duyulan, söhbətlərindən doyulmayan istəkli bir adam, sədaqətli, etibarlı, qayğıkeş bir dostdur. Təsadüfi deyil ki, məhz o, Sumqayıt ziyalılarını öz ətrafında birləşdirən "Dostlar klubu"nun sədridir.


Hörmətli Hümbət həkim!

Ad gününüz - hər günü xalqa sədaqətlə, ləyaqətlə xidmətdə yaşanmış ömrünüzün 67 illiyi mübarək!

Rəhman ORXAN

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]