AMADA inkişaf etmiş, qabaqcıl antidopinq təşkilatları sırasındadır

AMADA inkişaf etmiş, qabaqcıl antidopinq təşkilatları sırasındadır

İsveçrənin Lozanna şəhərində baş tutan illik qlobal tədbirlər çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) bir sıra ikitərəfli görüşlər keçirib və Azərbaycanın dopinqlə mübarizə sahəsində mövcud təcrübəsini bölüşüb.


Belə ki, iyun ayının 9-dan başlayaraq qlobal səviyyədə antidopinq sahəsinin aparıcı təşkilatlarının - Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) Baş Assambleyası və workshop formatında panel çıxışlar sessiyası, Ümumdünya Antidopinq  Agentliyinin (ÜADA) illik simpoziumu və Beynəlxalq Test Agentliyinin iclası keçirilib. AMADA-nın direktoru Şəfəq Hüseynli və Agentliyin əməkdaşları bu qurumların tədbirlərində iştirak edib.


Xüsusilə qeyd edək ki, iNADO-nun Baş Assambleyası çərçivəsində inkişaf etmiş milli antidopinq təşkilatlarının qapalı görüşü keçirilib. Bu iclaslarda yalnız qabaqcıl təcrübəyə malik milli antidopinq təşkilatları iştirak edir. Hansı ki, onların ölkələrində apardığı antidopinq siyasəti digər ölkələr üçün model kimi göstərilir. ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiya, Yaponiya, Norveç, İsveç, Niderland, Danimarka, Fransa, Almaniya, İsveçrə, Belçika kimi ölkələrin milli antidopinq təşkilatlarının nümayəndələrinin qatıldığı görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli də çıxış edib. Görüşdə qlobal antidopinq siyasəti barədə müzakirələr aparılıb və atılacaq addımlar barədə qərarlar qəbul edilib.


Həmin görüşdə Şəfəq Hüseynli çıxış edərək bildirib ki, idmançı hüquqlarının qorunması antidopinq sahəsinin daim aktual məsələlərindən biridir. Şəfəq Hüseynli qeyd edib ki, idmançı hüquqlarının qorunması ilə bağlı həyata keçirdiyi beynəlxalq layihə bu sahədəki vəziyyəti ətraflı təhlil etməyə imkan verib. Layihənin nəticələrə göstərdi ki,  antidopinq icraatları zamanı idmançı hüquqlarının qorunması ilə bağlı bir sıra təkmilləşdirmələrə ehtiyac var. Şəfəq Hüseynli Azərbaycan təcrübəsini bölüşərək bildirib ki, AMADA idmançıların pulsuz hüquqi yardımla təmin edilməsi layihəsini artıq 2019-cu ildən həyata keçirir. Lakin hazırda dünya üzrə milli antidopinq qurumlarının təxminən 80%-də pulsuz hüquqi yardımla bağlı proqram mövcud deyil. Şəfəq Hüseynli AMADA-nın digər milli antidopinq təşkilatları ilə öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayaraq bu istiqamətdə əhəmiyyətli addımların atılması zərurətini qeyd edib.


Həmçinin, AMADA-nın dopinq vasitələrinin qanunsuz dövrüyyəsi ilə mübarizə sahəsində əlaqədar dövlət qurumları ilə əməkdaşlıq təcrübəsi diqqət mərkəzində olub. Belə ki, Şəfəq Hüseynli bildirib ki, AMADA bu istiqamətdə hüquq mühafizə orqanları və digər aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq edir və effektiv iş mexanizmi qurub. Qurumlar arasında imzalanan memorandumlarla isə bu əməkdaşlığın hüquqi bazası formalaşdırılıb. Xüsusi ilə gömrük orqanları ilə əməkdaşlıq formatı və görülən birgə işlər ölkələrin milli antidopinq təşkilatlarının marağına səbəb olub. Bir çox təşkilatlar bu təcrübədən istifadə etmək istədiklərini bildiriblər. Elə bu təcrübənin nəticəsidir ki, Azərbaycan və Avstraliya milli antidopinq qurumları arasında birgə layihəyə başlanılıb. Hər iki dövlətin antidopinq qurumları gömrük orqanlarının nümayəndələri ilə birgə dopinq vasitələrinin dövriyyəsinin qarşısının alınması istiqamətində iş mexanizmi üzrə qaydalar hazırlamağı qərarlaşdırıb. Sözügedən qaydalar bütün dünyada antidopinq təşkilatları və gömrük orqanları ilə bölüşüləcək. Şəfəq Hüseynli dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizəni daha da gücləndirmək üçün ÜADA-nın və Ümumdünya Gömrük Təşkilatının əməkdaşlığı genişləndirilməsini təkilf edib. Bu, dünyada milli antidopinq qurumları ilə yerli gömrük orqanları arasında əməkdaşlığa da öz təsirini göstərəcək.


Həmçinin, tədbirlər çərçivəsində AMADA-nın direktoru Şəfəq Hüseynli bir sıra ölkələrin milli antidopinq təşkilatlarının  rəhbərləri ilə ikitərəfli görüşlər keçirib və bu zaman fikir və təcrübə mübadiləsi aparılıb. Görüşlərdə antidopinq sahəsində gender bərabərliyi mövzusu xüsusi diqqət mərkəzində olub. Şəfəq Hüseynli bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihə və sədrlik etdiyi Gender Bərabərliyi Komitəsinin fəaliyyəti ilə bağlı məlumat verib. Bir çox ölkələr layihəni dəstəklədiklərini və  iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.


Həmçinin, iNADO və ÜADA-nın workshop formatında aparılan panellərdə davam edən müzakirələrdə hazırda antidopinq sahəsi üçün mühüm əhəmiyyət kəsb edən, o cümlədən ÜADA-da idarəçilik islahatları, milli antidopinq qurumların əməliyyat müstəqilliyi və onların ÜADA-nın ali qurumu olan Təsisçilər Şurasında təmsil olunması, struktur dəyişiklikləri və digər aktual məsələlər müzakirə olunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]