Bəxtiyar Sadıqov... Azərbaycan qəzetinin baş redaktoru, Milli Məclisin deputatı -

Bəxtiyar Sadıqov...“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı

Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi sinədəftər, parlaq, analitik, konkret faktlara əsaslanan, təkcə insanların beyninə deyil, qəlbinə də güclü təsir edən nitqləri daim rəğbət və məhəbbətlə qarşılanır. Hər bir Azərbaycan vətəndaşı öz Prezidentinin siyasi, publisistik, diplomatik, yeri gələndə emosional çalarlı çıxışlarını böyük məmnuniyyətlə dinləyir və bəhrələnir. Azərbaycan ordusunun yaranmasının 94-cü ildönümü münasibətilə dövlət başçısı daha bir tarixi və yaddaqalan çıxış etdi. Onun nitqində səslənən "Biz gələcəyimizi özümüz yaradırıq" sözləri hər kəsin qəlbində güclü əks-səda doğuraraq sonsuz qürur və məmnunluq doğurdu.

Uzun müddət Azərbaycan xalqı öz taleyinə sahiblik edə bilməyib! Ona müstəmləkə münasibəti bəsləyib, əvəzinə qərarlar qəbul edib və həyata keçiriblər. Hamısına da "xalqın adından" möhürünü vurmaqla!

Uzun müddət Azərbaycanı "kiçik qardaş" sayıblar! Arxada torpağını pay-püş ediblər, ərazisinə özgə millətləri məkrli məqsədlərlə köçürərək muxtar vilayət yaradıblar. Sonra onları üstümüzə qısqırdıb "bu torpaqlar bizimdir", - deyə ərazi qoparmalarını dəstəkləyiblər.

Uzun müddət Azərbaycana "adı sənin, dadı mənim" prinsipi ilə hökmranlıq edənlər neft sərvətlərini, kənd təsərrüfatı məhsullarını "ittifaq büdcəsinə" toplayaraq əvəzində bizə "malades" söyləyiblər. Mərkəzdən isə geriyə qəpik-quruş qaytarmaqla ölkənin sürətli inkişafına imkan verməyiblər. Bizə isə Abşeronun neftlə çirklənərək yararsız vəziyyətə düşən torpaqları qalıb. Cəmi bircə dəfə - 1918-ci ildə müstəqil yaşamaq, taleyinə sahib durmaq imkanı olub. Lakin bu sərbəstliyin ömrü cəmi 23 ay çəkib. Şimaldan əsən qırmızı taun "müstəqillik ömrünü" yarıda qırıb...

Artıq iyirmi bir ildir ki, müstəqil Azərbaycanda yaşayırıq, öz taleyimizin sahibi və gələcəyimizin qurucularıyıq. İstəklərimizi gerçəkləşdirməkdən ötrü zəruri olan bütün şərtlər var, hədəflərimiz bəllidir. Akademik Ramiz Mehdiyev "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərində bu barədə yazır: "Bu gün Azərbaycanda inkişafın məqsədi dəqiq müəyyənləşib, hansı istiqamətdə hərəkət etməyimizi və sonrakı nəsillər üçün necə gələcək qurmaq niyyətində olduğumuzu bilərək irəliləyirik. Keçən əsrin 90-cı illərində Heydər Əliyevin etdiyi seçim ilə müasir Azərbaycanın siyasi, iqtisadi və sosial-mədəni sahələrdə inkişaf istiqamətləri müəyyənləşmişdir. Bir daha təsdiq olunmuşdur ki, güclü, qüdrətli dövlət qurmaq, zamanın axarından geri qalmamaq üçün siyasi və iqtisadi transformasiya, yeni intellektual nəslin formalaşması, innovasiyalar, cəmiyyətin səfərbər edilməsi zəruridir. Bu halda Azərbaycan modernləşir, iqtisadi cəhətdən sürətlə inkişaf edir".

Öz taleyinin sahibi olmaq nə deməkdir? Bunun bəzi detallarına diqqət yetirək:

Azərbaycanın konkret ərazisi var və BMT-yə müstəqil dövlət kimi daxil olub!

Sərhədlərini özü qoruyur, ərazisində başqa dövlətin hərbi bazası və əsgəri yoxdur!

Xalqın iradəsini əks etdirən Konstitusiya hazırlanaraq referendum yolu ilə qəbul edilib və hamı Əsas Qanun və onun əsasında hazırlanan qanunlarla yaşayır!

Dövlət başçısı demokratik, açıq səsvermə yolu ilə seçilir, şəffaf şəraitdə fəaliyyət göstərir.

Vətəndaş cəmiyyəti formalaşıb, insanlar dövlət idarəetməsində yaxından iştirak edirlər.

Dövlətin, xalqın bu günü və gələcəyi ilə bağlı taleyüklü qərarlar ümumxalq müzakirəsi və səsverməsi yolu ilə qəbul edilir.

Müstəqilliyin 20 ili ərzində dövlətin normal və sərbəst fəaliyyəti, insanların firavan yaşayışının təminatı üçün çox vacib problemlər həllini tapmışdır. Ən əsası 3 mühüm məsələ:

Enerji təhlükəsizliyi;

Nəqliyyat təhlükəsizliyi;

Ərzaq təhlükəsizliyi təmin edilmişdir. Bu da dövlətin müstəqilliyi üçün son dərəcə zəruri şərtdir.

Ölkəmizin valyuta ehtiyatı 50 milyard dolları ötmüşdür. Bu isə o deməkdir ki, Azərbaycan heç kimin qapısına gedib borc istəmir və onun müqabilində qoyulan hansısa şərtə əməl etmək, üzərinə milli maraqlara zidd öhdəliklər götürərək yerinə yetirmək məcburiyyətində qalmır!

Əksinə, Azərbaycanın kredit reytinqi ilbəil yüksəlir. Artıq sərmayə qoyulan ölkədən, xaricə sərmayə yatıran dövlətə çevrilib. Həm də sərmayəni inkişaf etmiş Avropa dövlətlərinə qoymağa başlayıb!

Daxili məsələlərdə dövlət başçısının möhkəm iradəsinə söykənən və xalqın mənafeyinə hesablanan hədəflər müəyyənləşib.

Azərbaycan təbii sərvətlərinin üzərində tam sərəncamçıdır. Yeddi ixrac boru kəməri ilə nefti və qazı dünya bazarına çıxarılır. Həm ixrac kəmərlərinin marşrutlarının seçilməsində, həm də satış qiymətlərində yalnız milli maraqlar rəhbər tutulur. Düşünülmüş, sürətli və davamlı inkişaf konsepsiyası əsasında iqtisadiyyat dayanmadan yüksəlir, ümumdaxili məhsul istehsalı artır. Artıq bütün dünya inkişafın Azərbaycan modelini qəbul və təqdir edir. Bu model dünyanı maliyyə və iqtisadi böhran bürüdüyü vaxtda belə həyatiliyini və davamlılığını göstərdi, ölkədə böhranın təsiri cüzi şəkildə duyuldu. Hər il ardıcıl şəkildə əməkhaqları və pensiyalar, sosial ödənişlər artır, xalqın real gəliri yüksəlir. Tikinti, quruculuq, abadlıq, yaşıllaşdırma işləri sürətlə davam edir. Paytaxt Bakı, regionlar yenidən tikilib qurulur, yollar çəkilir, körpülər salınır, su, kanalizasiya xətləri yenilənir, texnoparklar yaradılır.

Azərbaycan daxili və xarici siyasətini özü müəyyənləşdirir, bu zaman yalnız dövlət maraqları əsas götürülür. Dövlətlərarası münasibətlərdə başlıca prinsiplər mehriban qonşuluq, bərabərhüquqlu əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq, milli maraqlardır.

Gələcək hədəflərimiz də bəllidir və dövlət başçısı cənab İlham Əliyevin nitq və çıxışlarında bu barədə dəfələrlə bəyan edilib. Elmin və İKT-nin inkişafı ən mühüm istiqamətlərdəndir. Azərbaycan neftsiz dövrə hazırlaşır! Bunun üçün neft kapitalının insan kapitalına çevrilməsi, qeyri-neft sektorunun inkişafı yönümündə dövlət proqramları və zəruri tədbirlər icra olunur. Ölkənin ərazi bütövlüyünün bərpası bir nömrəli problemdir. Məsələnin sülh yolu ilə həllinə çalışmaqla bərabər, Cənubi Qafqazın ən güclü və modern ordusu da məhz bizdə yaradılmışdır!

Azərbaycan öz taleyini özü həll edib, gələcəyini özü yaradırsa, bu, həm də çox böyük məsuliyyət deməkdir. Hər bir vətəndaşın üzərinə düşən məsuliyyət!

Siyasi, iqtisadi, mədəni, mənəvi, idman və digər sahələrdə uğurlarımız çoxdur, lap çox! Bu o deməkdir ki, düz yoldayıq! Bu o deməkdir ki, Heydər Əliyev siyasi kursunun alternativi yoxdur və bu kursdan dönməməliyik! Eyni zamanda:

Birgə səylə sabitliyi qorumalı, bu asudə, rahat və təhlükəsiz günlərin qədrini bilməliyik!

Dövləti maraqlar daim üstün olmalı, xalqımızın mənafeyini şəxsi mənafeyimizdən də yüksək tutmağı bacarmalıyıq!

Dünya erməniliyinə, antiazərbaycançı şəbəkəyə, milli mənafeyi satanlara qarşı barışmaz olmalı, birgə mübarizə aparmalıyıq!

Hər kəs işlədiyi sahədə vicdanla çalışmalı, qazanılan uğurlara şəxsi töhfəsini verməlidir!

Öz gələcəyinin qurucusu olmaq, müstəqil dövlətin azad vətəndaşı kimi ömür sürmək necə də şərəfli və fəxarətlidir!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !