Rusiya Uşaq Allerqoloqları və İmmunoloqları Assosiasiyasının vitse-prezidenti, Professor Yuri Smolkin Azərbaycanla bağlı gələcək planları barədə danışıb - FOTO

Rusiya Uşaq Allerqoloqları və İmmunoloqları Assosiasiyasının vitse-prezidenti, Professor Yuri Smolkin Azərbaycanla bağlı gələcək planları barədə danışıb - FOTO

23 may 2022-ci ildə Azərbaycan Respublikası  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq elmi seminarda Yuri Smolkin yaxından iştirak edib. Tədbirdən sonra Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilara Zamanova Rusiya Uşaq Allerqoloqları və İmmunoloqları Assosiasiyasının vitse-prezidenti, Professor Yuri Smolkindən Azərbaycanla bağlı gələcək planları barədə müsahibə alıb.


- Yuri Solomonoviç, peşəkar fəaliyyətiniz barədə oxucularımıza məlumat verərdiniz.


Mən N.İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Pediatriya fakültəsində təhsil almışam. 1980-ci ildə Universiteti bitirdikdən sonra uşaq bağçası və internat məktəbdə uşaq həkimi, sonra 5 il sahə pediatrı vəzifəsində çalışmışam. 1988-ci ildə pediatriyada anesteziologiya və reanimasiya üzrə rezidenturanı bitirdikdən sonra yenidoğulmuşların reanimasiya şöbəsində işləmişəm. 1989-cu ildən 2003-cü ilə qədər Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Moskva Elmi-Tədqiqat Pediatriya və Uşaq Cərrahiyyə İnstitutunda kiçik elmiş işçidən başlayaraq, aparıcı elmi işçiyə qədər yüksəlmiş, burada namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişəm. 110-dan artıq çap əsərinin müəllifi və immunologiya üzrə beynəlxalq monoqrafiyanın həmmüəllifiyəm. Spesifik immunoterapiya aparılarkən endogen opioid sisteminin rolunun, uşaqlarda atopik xəstəliklər zamanı immunoqlobulin reseptorlarının B-limfositlərin səthində paylanması xüsusiyyətlərinin müəyyən edilməsi kimi elmi nailliyyətlərim var.
 

- Yuri Solomonoviç, necə oldu ki, bu tədbirə qatılmaq üçün Azərbaycana gəldiniz?
 

-Əvvəla, qeyd edim ki, mən bir-sıra elmi tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlmişdim. Bakı şəhərində olduğum zaman  Mərkəzi Gömrük Hospitalında “Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq elmi seminarda çıxış etmək üçün dəvət aldım. Yüksək səviyyədə təşkil edilmiş bu  tədbirə dəvət aldığım üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sədri Ceyhun Məmmədova dərin minnətdarlığımı bildirirəm. Mənim bu elmi seminarda sadəcə mühazirə oxumaq istəyim var idi, lakin bu seminar böyük, genişmiqyaslı tədbirə, kifayət qədər həkimlərin iştirak etdiyi konfransa çevrildi.  Bu, ümid etməyə əsas verir ki, bütün bunlar əməkdaşlığımızı qarşılıqlı maraqlar çərçivəsində davam etdirmək istəyinə səbəb olacaq.


- Siz Şuşaya həsr olunmuş konfrans çərçivəsində də çıxış etmək üçün məruzə planlaşdırırsınız. Bu nə vaxt gözlənilir?


-Bəli, əvvəla onu qeyd edim ki, 2019-cu ildə Azərbaycan Allerqoloqlar və Rusiya Allerqoloqları Assosiasiyasının birgə konfransı keçirilib. Bu konfrans aprel ayında baş tutmuşdu və çox uğurlu oldu. Biz bu ilin aprelində daha bir tədbir keçirməyi planlaşdırırdıq, lakin təəssüf ki, məlum səbəblərdən uçuş cədvəllərində dəyişikliklər planlarımızı pozdu. Lakin bu, bizə mane ola bilmədi. İndi biz Şuşaya həsr olunmuş konfrans çərçivəsində allergiyanın diaqnostikasının prinsipləri ilə bağlı məruzə etmək qərarına gəlmişik.


- Yuri Solomonoviç, gələcəkdə tibb sahəsində Azərbaycanla əməkdaşlığı necə görürsünüz?


- Biz belə tədbirləri müntəzəm olaraq keçirməyə hər zaman hazırıq. Necə deyərlər, vəzifənin necə qoyulacağından asılı olaraq. Şuşa - mənim ürəyimi qoyub getdiyim şəhərdir...


Bundan başqa, gələcəkdə Rusiya İmmunoloqlar Assosiasiyası ilə Mərkəzi Gömrük Hospitalı arasında təcrübə mübadiləsinin aparılması istiqamətində birgə tədbirlərin keçirilməsini  nəzərdə tuturuq.


Müsahibəni apardı
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]