"Mədəni gənclik layihəsinin budəfəki ünvanı Akademik Musiqili Teatr olub (AZpress.AZ, Minə Türksoy, +FOTO=5)

"Mədəni gənclik” layihəsinin budəfəki ünvanı Akademik Musiqili Teatr olub (AZpress.AZ, Minə Türksoy, +FOTO=5)

"Mədəni gənclik” layihəsinin budəfəki ünvanı Akademik Musiqili Teatr olub (AZpress.AZ, Minə Türksoy, +FOTO=5)

 

Gənclərin incəsənətə marağının artırılması məqsədilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Mədəni gənclik” layihəsinin budəfəki ünvanı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı olub.

 

AZpress.AZ saytının xəbərinə əsasən bildiririk ki, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin əməkdaşı Cəfər Həsənov layihənin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Mədəniyyət Nazirliyi ölkəmizdə mədəniyyətin inkişafı üçün bir sıra layihələr həyata keçirir. Bu layihələrdən biri də “Mədəni gənclik” layihəsidir. Layihə çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında tamaşalar və konsertlər izləyə biləcəklər. Həmçinin, sadəcə baxmaqla kifayətlənməyəcək, kollektivlə görüşəcək, sorğuda iştirak edərək ən çox bəyəndikləri teatrı, tamaşanı, rejissoru, aktyor və aktrisaları qiymətləndirmək imkanı qazanacaqlar.

 

Daha sonra layihə çərçivəsində teatrda “Paris Notr-Dama ithaf” tamaşası oynanılıb.
Dünyaşöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi "Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşa tarixin ən gözəl memarlıq nümunəsi olan Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
“Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklinə görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

 

Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

 

Bu dəfə tamaşada rolları Əməkdar artist Nadir Xasiyev, aktyorlar Nicat Əli, Mehriban Zaliyeva, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Murad Əliyev, Ofeliya Məmmədova, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, Cəbrayıl Cəbrayılov, həmçinin xor və balet truppasının artistləri ifa ediblər.

 

Qeyd edək ki, 2019-cu ilin noyabrından Akademik Musiqili Teatrın repertuarına daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır. Onu da qeyd edək ki, "Mədəni gənclik" layihəsi çərçivəsində Akademik Musiqili Teatrda ikinci tamaşa iyunun 7-də saat 19:00-da dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası olacaq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]