Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib

Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq Layihəsi çərçivəsində Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib.
Beynəlxalq Forumun məqsədi bitki sağlamlığı və bitki mühafizəsi məsələlərinə diqqəti yönəltmək, bu sahədə planlaşdırılan dəyişikliklər, o cümlədən yaxın gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.


Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko, həmçinin Latviya, Litva respublikalarının rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə AQTA sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sisteminin institusional dəyişikliyi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən söz açıb. Qlobal və milli səviyyədə bitki mühafizəsinin önəminə diqqət çəkən sədr qeyd edib ki, bitki sağlamlığının təmin olunması məhsuldarlığın yüksəldilməsi, beynəlxalq ticarətin asanlaşdırılması və ekoloji tarazlığın qorunması üçün olduqca əhəmiyyətli məsələyə çevrilir. Bunu nəzərə alaraq, ötən dövr ərzində ölkəmizdə də bitki sağlamlığı və bitki mühafizəsi sahələrində hüquqi bazanın təkmilləşdirilməsi, müvafiq sahədə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, Bakı və regionlarda müasir tələblər əsasında ən mürəkkəb analizlərin aparılması məqsədilə 5 fitosanitar laboratoriya qurulub, nəzarət sahəsində ilk dəfə virusoloji və bakterioloji müayinələr aparmağa imkan verən molekulyar-bioloji bölmələri yaradılıb. Bitki sağlamlığı sahəsində ölkə üzrə idxal tələbləri, həmçinin beynəlxalq standartlar əsasında bir sıra fitosanitar norma və qaydaları hazırlanaraq hüquqi aktların dövlət reyestrinə daxil edilib, 30-dan çox karantin tətbiq edilən zərərvericinin risk təhlili aparılıb, 23 ölkəyə virus və bakteriyalarla bağlı yeni idxal tələbləri göndərilib, 5 ölkə ilə beynəlxalq sənəd imzalanıb. Bundan əlavə, ilk dəfə olaraq ölkədə zərərvericilərin mövcudluğunun və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə Milli Monitorinq Planı hazırlanaraq uğurla icra olunub.

Q.Təhməzli forum iştirakçılarını AQTA tərəfindən həyata keçirilən innovativ həllər barədə də məlumatlandırıb: “Artıq ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilmiş, elektron sistem vasitəsilə həyata keçirilməkdədir. Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, artıq respublika ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyildir. Belə ki, AQTİS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icazə verilmiş məhsulların idxal olunmasını təmin edir.” Müvafiq sahədə yeni çağırışlar və perspektivlərə də toxunan sədr əlavə edib ki, qarşıda bitki sağlamlığı sahəsində hüquqi islahatların dərinləşdirilməsi və beynəlxalq tələblərə tam uyğunlaşdırılması, fitosanitar nəzarət və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və innovativ həllərin geniş tətbiqi, özəl sektorun bitki sağlamlğının təmin olunmasında rolunun və məsuliyyətinin artırılması məqsədilə müvafiq mexanizmlərin formalaşdırılması kimi mühüm hədəflər dayanır.

Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko, Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Edvards Ratnieks, Litvanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin direktoru Sergeyus Fedotovas və digər natiqlər də çıxış edərək, bitki sağlamlığınin kainat üçün əhəmiyyəti və bitki mühafizəsi üzrə zəruri tədbirlər haqda fikirlərini bölüşüblər.
Daha sonra forum işini iki sessiya üzrə davam etdirib. Sessiyalarda “Azərbaycanda bitki mühafizəsi sisteminin təkmilləşdirilməsi”, “Bitki sağlamlığı üzrə hüquqi çərçivənin və idarəetmənin təkmilləşdirilməsi”, “Azərbaycanın bitki sağlamlığı statusunda özəl sektorun rolu”, “İT sisteminin AQTA və özəl sektorun ehtiyacları üçün istifadə perspektivləri” və s. mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” layihəsi AQTA tərəfindən Latviyanın Dövlət Bitki Mühafizə Xidməti və Litvanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidməti ilə əməkdaşlıqla həyata keçirilir. Layihəninin ümumi məqsədi qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir. 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]