Xeyransa İsmayılova: Ruhlar şəhəri ndə ruhsuz bədənlər

Xeyransa İsmayılova: “Ruhlar şəhəri”ndə ruhsuz bədənlər

Xeyransa İsmayılova: “Ruhlar şəhəri”ndə ruhsuz bədənlər 


Xarabalığa dönmüş şəhərdə bir gün...

 

Qarabağın gözü Ağdam...İlk dəfə Qarabağ torpağına ayaq basacaqdım. Bir tərəfdən sevincli olmağıma baxmayaraq, digər tərəfdən isə kövrək idim. Ata-babalarım bu torpaqda yaşadığı üçün oranı görməyə tələsirdim. Çünki mən anadan olduqda Ağdam artıq işğal altında idi. Yola çıxdıqda ağlımda olduqca cavabsız suallar var idi. Babam hər zaman İslam Hacıyev küçəsindəki evlərindən hüznlə bəhs edərdi. O zamanlar uşaq olduğum üçün “məcburi köçkün” sözünün mənasını dərk etmirdim. 44 günlük muharibədə Ağdamın işğaldan azad edildiyini gördükdən sonra bunu daha yaxşı anladım.

 

Ağdama yaxınlaşdıqca içimdəki kövrək duyğu ilə qürurun sintenizini hiss etdim. 29 il sonra doğma ata-baba yurdlarına qayıdan insanların üzündəki ifadələri gördükcə qəhərə boğulurdum. Necə deyərlər: “Bir insanın üzündə daşıdığı ifadə, əynində daşıdığı geyimdən daha önəmlidir”. Yoxlanış məntəqəsindən keçdikdən sonra yol boyu xarabalıqlar bizi müşayiət edirdi. Yolboyu vaxtilə düşmən ordusunun qurduğu postların yerində sadəcə daş-kəsəklər qalmışdı.

 

İlk dayanacaq nöqtəmiz “Pənahəli xanın imarəti” oldu. Saraya diqqətlə baxdıqda özümü bir anlıq XVlll əsrdə hiss etdim. Xan ağ daşdan imarət tikdirmək əmrini verdikdən sonra şəhərin adı “Ağdam” yəni günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını daşımışdır. İndi bunu daha yaxşı anlamağa başlamışdım... İmarət qəbiristanlığında bəzi türbələr dağılmışdı.

 

 

 

 

Turla getdiyim üçün nəqliyyatda təxminən 45 nəfər var idi. Tur bələdçisi Ağdamda yalnız 3 saat vaxtımız olduğunu söylədi. İllərlə ata-baba yurdundan didərgin düşmüş Ağdam camaatı, mənim tək ilk dəfə bu şəhəri görməyə gələnlər üçün qoyulmuş vaxt çox az idi. Təxminən 5 saata yaxın yol gəlib ancaq belə mənzərə ilə qarşılaşmaq heç xoş olmadı. Hər məntəqədə təxminən 10- 15 dəqiqə zamanımız olduğu söylənildi.

 

Növbəti dayanacağımız isə “Şəhidlər Xiyabanı” oldu. Ayağımı torpağa basdıqdan sonra qəribə hisslər keçirməyə başladım. Hər zaman televiziyada gördüyüm o kadrları indi canlı görürdüm. Milli Qəhrəmanlar gözümün önündə sanki dirilmişdi. Yaqub Rzayev, Allahverdi Bağırov kimi komandirləri gördükdə Ağdamın həqiqətən də “Ruhlar şəhəri” olduğuna bir daha inandım. Erməni vandalları məzarları qazaraq ölülərə belə rahatlıq verməmişdilər. Hərçənd onlar “ölü” yox, “diri” idilər. Bu bəşəriyyətin haqq səsi idi... Turda bizə yoldaşlıq edən bir qadının qardaşı da Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Bir əlində Azərbaycanda matəm gülü olan qırmızı qərənfillər, digər əlində isə şəhid qardaşına nəzir etdiyi ehsanla bərabər məzarına doğru irəliləyirdi. Bu mənzərə məni çox üzdü. Bu an göz yaşlarım gözümdə dondu. Burada da bələdçinin zamanınız doldu deməsi ilə məkanı tərk etməyə başladıq.

 

 

 

Bir sonrakı dayanacağımız Ağdamın XIX əsrə aid məşhur tarixi-memarlıq abidəsi olan “Cümə məscidi” oldu. Bu məscid Qarabağın dini memarlığının monumental örnəklərindən biri olmuşdur. “Cümə məscidi” təmirə bağlı olduğu üçün sadəcə xaricdən baxmaqla kifayətləndik. Məscidin minarəsində dalğalanan Azərbaycan bayrağını gördükdə isə qürurlanmaqla bərabər dərin hüzn yaşadım. Bir anlıq bütün tarix gözümün önündə canlanmağa başladı. İlk xatırladığım kadr isə Xocalı faciəsində şəhid olanların Ağdam məscidinə gətirildiyi o məşhur fotolar oldu. İşğal dövründə ermənilər məscidi qismən dağıtmaqla bərabər, burada heyvanlar da saxlayıblar. Dini abidədə mal-qara saxlamaq yalnız “haylar”a məxsus ola bilərdi. Bu bəşəri cinayətdir. Cənab prezident İlham Əliyevdən sitat gətirərək bir daha vurğulamaq istərdim ki: “Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur”. Ermənilərin məscidi dağıtmama səbəbi isə Azərbaycan ordusunun mövqelərini daha yaxşı izləmək idi. Əfuslar olsun ki, burada da zamanımız məhdud idi.

 

 

 

Məscidi tərk etdikdən sonra son dayanacağımıza doğru yol aldıq. Yol boyu erməni vəhşiliyinə məruz qalmış günahsız evlər, daşlar, təbiət sanki bizə “illərdir yolunuzu həsrətlə gözləyirdik..Nəhayət gəldiniz.” deyə səsləyirdi. Bəzi həyətlərdə 90-cı illərdən qalan avtomobil qalıqları hələ də var idi. Bələdçimiz səyahət ərzində bizi məlumatlandırmağa davam edirdi. Dağıdılmış, yerlə-yeksan olmuş evlərini görən ağdamlıların gözlərində isə qəm-qüssə tüğyan edirdi.

 

Və nəhayət son dayancağımız Ağdamdan 5-6 km uzaqlıqda yerləşən Qarabağın məşhur, əsrarəngiz qalalarından biri-“Şahbulaq qalası”idi. Qala Pənahəli xan tərəfindən müdafiə məqsədilə XVIII əsrdə inşa olunmuşdur. Bəzi mənbələrə görə qalanın adı burada yerləşən gursulu bulağın adından- Şahbulağından götürülmüşdür. Hər tərəf yaşıllıq, gül-çiçəklə əhatələnmişdi. Qalanın bürclərindən Qarabağın görüntüsü insanı valeh etməklə kifayətlənməyərək, sanki bir başqa dünyaya aparırdı. Amma burada zaman məhdudiyyəti digər məkanlara nisbətən çox idi. Təxminən 2 saatdan artıq istirahət mərkəzində olduq. Digər abidələrə 10-15 dəqiqə amma qalaya bu qədər çox zaman ayrılması düşünürəm ki adil deyildi. Əvvəldə qeyd etdiyim kimi 45 ağdamlının buranın sakini kimi deyil, “turist” kimi gəlib qısa zaman ərzində gəzməyi məni olduqca məyus etdi. İsirahət mərkəzində qidaların paytaxtla müqayisədə baha olması da nəzərimdən qaçmadı. Bu kimi halların qısa zaman ərzində həllini tapacağına inanmaq istərdim...

 

Və beləcə bir neçə saatlıq Ağdam səyahətimiz sona çatdı. “Ruhlar şəhəri”ndən ruhsuz olaraq ayrıldıq. Cismən özümüzü daşısaq da ruhumuz burada əbədi qaldı...

 

Xeyransa İsmayılova
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]