Ziyadxan Əliyev: GERÇƏKLİYƏ MİFOLOJİ VƏ SİMVOLİK BAXIŞIN İŞIĞINDA

Ziyadxan Əliyev: GERÇƏKLİYƏ MİFOLOJİ VƏ SİMVOLİK BAXIŞIN İŞIĞINDA

Ziyadxan Əliyev: GERÇƏKLİYƏ MİFOLOJİ VƏ SİMVOLİK BAXIŞIN İŞIĞINDA

 

Artıq iyirmi beş ilə yaxın bir müddətdə müasir tutumlu təşəkkülünü hər hansı siyasi göstəriş və təpki olmadan həyata keçirən Azərbaycan təsviri sənəti ustaları heç şübhəsiz bu günkü yaradıcılıq axtarışlarının müstəqilliyinə və özünəməxsus müasir nəticələrinə görə bu işi hələ ötən əsrin altmışıncı-yetmişinci illərində gerçəkləşdirən bir çox sənətkarların, o cümlədən də görkəmli fırça ustası Rasim Babayevin (1927-2007) axtarışlara yönəli səylərini unutmurlar.

 

O dövrdə “sosialist realizmi” bədii prinsipinin ideologiyaya köklənmiş dar çərçivəsini dağıtmaqla özlərinin həyata baxışlarını adi – hər hansı patetika və süni pafosdan uzaq süjetlərlə ifadə etməkdə israrlı olan “Abşeron məktəbi” nin müxtəlif yaşlı nümayəndələrinin (M.Mircavadov, T.Cavadov, F.Xəlilov, K.Əhməd, M.Zeynalov, R.Muradov, Ə.Əliyev və b.), eləcə də onların əqidə dostu olan Rasim Babayevin avanqard rəssamlığın milli ənənələrlə qovuşağını müxtəlif təpkilərə baxmayaraq dünyamızın təzadlı hadisələrinin ifadəsinə yönəltməsi bu gün zaman distansiyasından çox maraqlı və cəlbedici olmaqla, bəzən zamanına görə hətta bir qədər inanılmaz görünür...

 

Tanışlıq üçün deyək ki, Rasim Babayev ixtisas təhsilini əvvəlcə Azərbaycan Dövlət rəssamlıq məktəbində (1945-1949), sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1949-1956) almışdır. Əlavə edək ki. o, həmin dövrün çox nüfuzlu təhsil ocaqlarından sayılan bir institutda oxusa da, hamı kimi sonda buranı bitirməsi haqqında diplom almamışdı. Buna səbəb onun diplom mövzusu olaraq, kommunist rejiminin patetik çağırışlarından uzaq bir tutumda -“sosialist realizmi” ruhuna uyğun olmayan bir əsər yaratmaq istəyi olub. Əslində tələblərə cavab verə biləcək bir bədii görkəmdə olan “Balıqçılar” tablosundakı obrazlarda formalizm əlamətləri görən, obrazların sovet adamından çox kapitalizm mühitinin adamlarına oxşadığını bəhanə gətirən institutun rektoru F.Modorovla diplomçu arasında narazılıq yaranmışdı. Tələblərinin tələbə tərəfindən yerinə yetirilmədiyini görən institutun rəhbərliyi də Rasim Babayevin altı illik təhsilini ona diplom əvəzinə, bir arayış verməklə “dəyərləndirib”. Amma diplomsuzluq onun sonrakı uğurlu yaradıcılığına mane ola bilməyib. Elə onun bu səyləri də zamanında yüksək dəyərləndirilib. Təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə ona “Azərbaycan SSR əməkdar rəssamı” və “Azərbaycan SSR xalq rəssamı” fəxri adları verilmişdir.

 

Rasim Babayevin yaradıcılığı kifayət qədər təzadlı olub, desək, yanılmarıq. Yuxarıda qeyd etdiyimiz kimi o, ötən əsrin əllinci illərində Azərbaycanın rəssamlıq məkanında çox məşhur olan “Abşeron məktəbi”nə yaxın olmuşdur. Bunun əsas səbəblərindən biri onun həmin məktəbin liderlərindən sayılan Mircavad Mircavadov və Tofiq Cavadovla xala oğlu olması olması idi. Amma sonralar əqidə dostları ilə birlikdə apardıqları eksperimentlərlə evə qazanc gətirməyən Rasim Babayev anasının təkidilə “Abşeronçu”lardan ayrılır. Bundan sonra onun yaradıcılığında daha çox “sosialist realizmi” bədii prinsipi çərçivəsinə sığışan və qazanc gətirə biləcək mövzular yer almağa başlayır. Əllinci illərin sonunu və altmışıncı-yetmişinci illəri əhatə edən həmin dövrdə rəngkarlıq təhsili almasına baxmayaraq, əsasən qrafika sahəsində fəaliyyət göstərən Rasim Babayev bir çox rəssamların cansıxıcı tutumda təqdim etdiyi motivləri, eləcə də tarixi məkanları, məşhur şəxsiyyətlərin və müasirlərinin portretlərini çox maraqlı və yaddaqalan forma-biçimdə təqdim etməklə, həmin əsərlərin Azərbaycan qrafika sənətinin əvəzsiz nümunələrinə çevrilməsini şərtləndirdi. Rəssamın həmin qrafik nümunələri sırasında “Neft çənləri” (1958), “Neftin doldurulması” (1958), “Qara şəhər”(1958), “Daşkəsən yollarında” (1961), “Fəhlənin portreti” (1962), “Qobustan” (1964), “Xınalıq” (1964), “Dəvələr” (1966), “Qaçaq Nəbi” (1969), “Köhnə Bakı” (1970), “Kənd” (1970), “Qədim qəbristanlıq” (1970), “Rəssam Ələkbər Rzaquliyev” (1970) və s. adlarını çəkmək olar. Bu yerdə deyək ki, Moskvada rəngkarlıq sahəsində təhsil alan gənc rəssamın yaradıcılığa qrafika əsərləri ilə başlamasına ilk növbədə linoqravüra texnikasında məşhur “Köhnə Bakı” silsiləsini yaratmış Ələkbər Rzaquliyevlə qapı bir qonşu olması səbəb olmuşdu.

 

Yuxarıda adları çəkilən dəzgah qrafikası nümunələrinin kompozisiya tutumu, motivin obrazlı və lakonik biçimdə təqdimatı, faktura rəngarəngliyi heyrətamiz dərəcədə özünəməxsus və yaddaqalandır. Geniş bədii ümumiləşdirmələrə baxmayaraq ərsəyə gətirilən bu əsərlərdə motivi və yaxud insanları səciyyələndirə biləcək məqamların cizgi ilə ifadə olunmuş görüntüsündə müəllifin yüksək ustalığı müşahidə olunmaqdadır. Görünür məhz bu cür əsərlərə rəğmən zamanında “rəssamlıqda nəyi yox, onu necə çəkmək daha önəmlidir” fikrini söyləyiblər.

 

Yaxşı haldır ki, Rasim Babayev qrafikada nümayiş etdirdiyi orijinallığı - həyata obrazlı baxışı həmin illərdə yaratdığı rəngkarlıq əsərlərində təkrarlaya bilmişdir. Onun “Torpaq” (1963) əsəri bunu təsdiqləyə biləcək nümunələrdəndir. Sumqayıt kimyaçılarına həsr olunmuş bu tabloda rəssamın çoxlarının gözündə adiləşən sənaye motivinə bənzərsiz görüntü verilmişdir. Bozumtul Abşeron torpağının cadar-cadar olmuş sinəsində yüksələn bəyaz çənlərin təsviri üfiq xəttinin məntiqli seçimi ilə müəllif tablonun monumentallığına nail olmuşdur.

 

Onun gerçəkliyə münasibətində səciyyəviliyin əldə olunması ənənəsi digər əsərlərində də müşahidə olunur. Buna görünənlərə - hadisə və motivlərə obrazlı görkəm verməklə yetişən rəssamın bütünlükdə tablolarını fəlsəfi tutuma bələyə bilməsi də onun bütün sonrakı yaradıcılığı boyu müşahidə olan bədii-estetik məziyyətlərdəndir. Rasim Babayevin “Torpaq”la yanaşı, “Səma” (1968), “Qobustan” (1962), “Sahil” (1965), “Yol” (1966), “Yaxın Şərq” (1967), “Təcavüz” (1970), “Ailə” (1971), “Çayçı Məmməd” (1971), “Səyyah” (1974), “Ordu” (1978), “Div və qadın” (1979), “Qatil” (1981), “Qapı” (1982), “Müharibə” (1983), “Novruz” (1983), “Şərəf lövhəsi” (1985), “Qadın və div” (1986), “Faciə” (1987), “Adəm və Həvva” (1988), “Yüklü dəvə” (1992), “Bəla” (1997), “Divlər” və s. əsərlərində nümayiş etdirdiyi mifoloji və simvolik tutumlu olduğundan kifayət qədər düşündürücüdür.

 

Mavi ənginlikləri yara-yara hədəfə doğru irəliləyən təyyarəni görüntüyə gətirən (“Səma”) rəssam çoxlarının görə biləcəyi bir motivə -bulud qatının üst-üstə sıralanmasına obrazlı görkəm verməklə göyün az qala yeddinci qatında yaşananları kifayət qədər cəlbedici və duyğulandırıcı qaynağa çevirə bilib.
Onu əhatələyən həyatda heyrət qaynağı tapmaqdan usanmayan Rasim Babayev müasir həyatda gördüklərinə fərqli və təzadlı məna-məzmun verməkdə əsl nonkonformist idi, desək, yanılmarıq. Odur ki, “Çayçı Məmməd” və “Ailə” lövhələrindəki sadəliyin qabarıqlığının kimlərəsə, xüsusilə də məmur-ideoloqlara arzuolunmaz görünməsi təəccüblü deyildi. Amma armudu stəkanları üst-üstə qalayan ənkəranlı çayçının peşəsinin virtouzu olmasını nümayiş etdirməsi nə qədər qəbul edilən olsa da, Abşeronlu rəssam ailəsinin ayaqyalın görüntüyə gətirilməsi çoxlarının, o cümləıdən də o vaxtlar SSRİ mədəniyyət naziri işləyən Yekaterina Furtsevanın xoşuna gəlməmişdi. Onun rəssamın “Ailə” əsəri barəsində söylədiyi “Nə üçün ailədə hər kəs ayaqyalındır? Yoxsullar! Məgər rəssam üçün ayaqqabı almağa pul yoxdur?” fikri də bunu təsdiqləyir. Bu yerdə deyək ki, Kreml ideoloqları rəssamın “Ailə”nin də nümayiş olunduğu fərdi sərgisindən (Moskva,1976) doqquz əsərini “sovet ruhu”na uyğun gəlmədiyinə görə ekspozisiyadan çıxarmışdılar. Buna baxmayaraq həmin sərgi moskvalı sənət xiruidarları tərəfindən çox uğurlu hesab olunmuşdu.

 

Doğma torpağa sıx bağlı olan rəssam, yurdun insana qürurverici bəxş edən mötivləri ilə yanaşı, onun təzadlı yaşantılarına sevgisini və gördüklərinə biganə qalmadığını müxtəlif tutumlu əsərlərində sərgiləyə bilmişdir. Bu mənada o, “Novruz” və “Yüklü dəvə” əsərlərində xalqının qədim adət-ənənələrindən nə qədər fəxarət hissi keçirdiyini sərgiləyibsə, “Ordu”, “Qatil”, “Müharibə”, “Faciə” və s. əsərlərində müstəqil fikrə ağalığı xoşlayan kommunist rejiminin doğurduğu təzadlı hissləri tamaşaçılarla bölüşüb, düşüncələrini ictimailəşdirib. Əslində zahirən tamaşaçını nağıl və əfsanələr dünyasına, mifoloji bir aləmə apardığı güman edilən bu qəribə, bir çox hallarda qorxunc görünən obrazlar məcmusu rəssamın süni patetikaya üstünlük verən rejimə yaradıcı insanın etirazıdır, desək, həqiqəti söyləmiş olaraq.
Əlavə edək ki, rəssamın fikrini mifoloji və simvolik obrazlara ifadəyə üstünlük verdiyi əsərlərin sayı zamanın axarında daha da artmaqda davam edib. Qara Yanvar və Qarabağ hadisələrinə bilavasitə şahidlik edən Rasim Babayev “Bəla”, “Gecə”, “Təəccüblənmiş div”, “Divlər”, “Div və qadın”, “Şərəf lövhəsi” və s. əsərlərində daşnak törəmələrinə havadarlıq edən maskalanış kommunist rejiminə çox təsirli və fikir paralayıcı “bədii güzgü” tuta bildiyini sərgiləmişdir.

 

Çox vaxt həyatın məişət tərəfinin bədiiləşdirməsinə meylli olmayan və bir qayda olaraq arxetipləri, yəni, fantaziyasında və yuxularında canlandırdığı obrazları əsərlərinin məna-məzmun daşıyıcısı seçən Rasim Babayev –özünün mənəviyyat, əxlaq və sosial durum barəsində düşüncələrini haradasa kodlaşdırılmış biçimdə təqdim etməklə onu narahat edən məsələlərdən azad olmağı özünün həm yaradıcı , həm də vətəndaş borcu hesab edirdi. Qeyd edək ki, rəssamı başqalarından fərqləndirən bu özünəməxsus münasibəti onun bütün yaradıcılığı boyu - həm sovet dönəmində, həm də müstəqillik dövründə izləmək mümkündür. Əslində onu əhatələyən kommunist rejiminin mahiyyətini anlayan və baş verənlərə bədii etirazını div kimi qorxunc obrazla ifadə edən rəssam, zamanında müxtəlif təpki və repressiyalarla yaradıcı insanların gözünü qorxutmağa çalışanlardan özünü bir qədər sığortalamış görünürdü. Diqqətli tamaşaçı da onları nağıl qəhrəmanı Cırtdanın rəqibi kimi yox, zülmün və diktatın rəmzi kimi qəbul edirdi...

 

Yeri gəlmişkən deyək ki, Rasim Babayevin daha sonralar davam edəcək yaradıcılığında əsərlərinin əsas məna-məzmun daşıyıcısına çevriləcək divləri bilavasitə onun kitab qrafikası yaradıcılığından gəlmə saymaq olar.Belə ki, onun 1960-cı ildə ”Cırtdan” xalq nağılına verdiyi bədii tərtibat indiyə kimi Azərbaycan kitab qrafikasının ən yaxşı nümunələrindən sayılmaqdadır. Rəssamın həmin illərdə bu sahədə ərsəyə gətirdiyi N.Hikmətin “Kəllə” (1958), T.Drayzerin “Dahi” (1958), R.Taqorun “Fəlakət” (1958) və Y.V.Çəmənzəmənlinin “Hekayələr”inə verdiyi tərtbat, çəkdiyi illüstrasyalar da yüksək qrafika mədəniyyəti və düşündürücü fəlsəfi tutumu ilə diqqət çəkən sənət nümunələridir.

 

Bu yerdə deyək ki, bu özünəməxsus tutrumlu qrafik məziyyətlərin rəngkarlıq tablolarına incəliklə ötürülməsinin nəticəsidir ki, onların uğurlu qovşağı rəssamın əsərlərinin cəlbediciliyini və duyulası ekspressivliyini təmin etmişdir. Bu iki bədii məziyyətin Rasim Babayevin əsərlərinin həmişəyaşarlığını şərtləndirən düçündürücü-fəlsəfi tutumda gerçəkləşməsi həm də onun sənətkar “mən”ini təsdiqləmişdir. Elə bu səbəbdən də o, Azərbaycan ədəbiyyatına və incəsənətinə bu günə kimi də dəyərini itirməyən töhfələr verən məşhur altmışıncılar nəslinin görkəmli simalarından sayılmaqdadır...

P.S. Yazı “Ədəbiyyat qəzeti”nin 21 may tarixli sayında çap olunub.

 

Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]