İlhamə MƏHƏMMƏDQIZI: Teatrı ikinci evi bilən sənətkar

İlhamə MƏHƏMMƏDQIZI: Teatrı ikinci evi bilən sənətkar

İlhamə MƏHƏMMƏDQIZI: Teatrı ikinci evi bilən sənətkar 

 

Rauf Ağakişiyev- 50

 

(Portret cizgiləri)

 

Rauf Ağakişiyev: “Səhnədən fərqli olaraq heç vaxt həyatda rol oynamamışam”.

 

Onunla etdiyim söhbət zamanı nə yaxşı təvözkar, istedadlı, gözü-könlü tox, sənətini ürəkdən sevən, Vətənə qəlbən bağlı, təəssübkeş insanlarımız var,- deyə düşündüm. O, sadəliyi və səmimiliyi ilə bütün söhbət zamanı diqqətimi çəkdi. Suallarımı əhatəli, ətraflı cavablandırmaqla özünün bir daha istedadlı aktyor olmasını təsdiqlədi. Əlbəttə, bu təsdiq onun yaradıcılıq fəaliyyəti boyu həmişə özünü göstərib. Məhz oxucularımızı da onun haqqında müəyyən qədər məlumatlandırmaq, bugünki düşüncələri ilə baş-başa qoymaq məqsədilə apardığımız söhbət vaxtın xeyli keçməsini hiss etmədən axarınca davam edirdi. Bir qürur, bir fəxr hissi ilə, arada giley və təəsübkeşlik gizlədilmədən söhbətmizdə son fikir də elə bu oldu: nə yaxşı, yaxşı insanlarımız var. Bəli, elə söhbətimiz bu yaxşılar və yaxşılıqlarla əhatələndi. Keçək əsas mətləbə. Kimdir, bu yazımın qəhrəmanı? Öncə qeyd edim ki, səhnədə bir çox əsas obrazlar yaradan, elə həyatda da müsbət keyfiyyətləri ilə onu tanıyanların hörmət və rəğbətini qazanan aktyorumuz Rauf Fikrət oğlu Ağakişiyev haqqında hələ gələcəkdə daha çox yazılmasına ehtiyac duyulan sənətkardır, desəm səhv etmərəm. Bütün varlığı ilə peşəsinin vurğunu olan aktyor fəaliyyət göstərdiyi müddət ərzində teatr ictimaiyyətinin, tamaşaçılarının alqışına layiq olub, püxtələşib, sevilib, özünü sənətkar kimi doğruldub. Təsadüfi deyil ki, o, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən 2004-cü il dekabrın 24-də “Tərəqqi” medalı ilə təltif edilib, 2014-ci ildə Əməkdar artist fəxri adına, bu yaxınlarda isə Prezident mükafatına laiq görülüb.

 

Söhbət əsnasında öyrəndim ki, o, 1972-ci il martın 26-da Sumqayıt şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsinə daxil olub və həmin Universiteti 1997-ci ildə bitirərək, təyinatını teatrın bədii rəhbəri və direktoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun təqdimatı ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili - Dram Teatrına alıb. 1998-ci ildən Mədəniyyət Nazirliyi tərəfindən Dağıstan Respublikasının Dərbənd şəhərində yeni açılmaqda olan Əziz Əliyev adına Azərbaycan Dövlət Dram Teatrına göndərilib. Həmin teatrın ilk pərdəsi açılışında mərhum Xalq artisti Vaqif Əsədovun quruluşunda Hidayət Orucovun “Məhəbbət yaşayır hələ” əsərində Zəfər obrazını oynayıb. İsi Məlikzadənin “Gəl qohum olaq” əsərində isə Ədalət rolunu oynayıb. İki ildən sonra doğma Sumqayıt teatrına qayıdıb. İndiyədək 100-ə yaxın obrazı səhnədə canlandıran aktyor Georgi Xuqayevin ( tərcümə edəni Ağalar İdrisoğlu) “Varlı ev” faciəsində Uari, “Ailə” əsərində Kavril, Mirzə İbrahmovun “Yaxşı adam”əsərində Azər, Ağalar İdrisoğlunun “Şah İsmayıl” tarixi faciəsində Sərkərdə, Əbdürrəhim bəy Haqverdiyevin və Jan Küverin “Xacə şah” pyesində Cəfərquluxan, Cabbarlı Cabbarlının “Almaz”ında Hacı Əhməd, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”də Qıdı kirvə, Altay Məmmədovun “Həmyerlilər” tamaşasında Sığortaçı, İsi Məlikzadənin “Gəl, qohum olaq”da Ədalət, Əli Əmirlinin “Varlı qadın” da Əmrayın, Abdulla Şaiqin “Qaraca qız”da Bəy, Aqşin Babayevin “Xilaskar” əsərində Ədalət , Əvəz Mahmud Lələdağın “Qorxaq” tamaşasında Mahir, “Dağlarda tufan”ında Kazım bəy, Teymur bəy, “Tələ”sində Səfərxan, Famil Süleymanovun “Qisas”ında Saleh bəy, Əyyub Qiyasın “Qarışqa yuvası”nda İlqar, “Cəhənnəm ekspresi” ndə Zabit, Fatma Həsənzadənin “Anası öpməyən qız”da Hüseyn Hüsnüxor, Hafis Ataxanlının “Missiya”sında Milli Qəhrəman Eyvazov , “Xəzinə” sində Nizami və bir çox rolları ilə tamaşaçı qəlbinə yol tapıb, həmişə uzun sürən alqışlarlarla müşayiət olunub.

 

Kinofilmlərə və teleseriallara da dəvət alan aktyor həmişə maraqlı obrazlar canlandırır. Belə ki, Vahid Mustafayevin “Seçilən” filmində, həmçinin Ramiz Fətəliyevin “Həqiqət anları”, rejissor Emil Babayevin “Cinayət və cəsa”sənədli filmində ürəklə iştirak edib və maraqlı rollar yaradıb. Həmçinin istedadlı aktyor və rejissor Şahmar Qəriblinin Lider televiziyasında yayımlanmış “Özümüz bilərik” telelayihəsində rol alaraq xeyli tamaşaçı rəğbəti qazanıb.“Hörümçək toru”, “Uçurum”,”İmtahan”, “Həyat varsa”, “İfşa -Çətin hədəf” və digər tele-seriallarda, Xoşbəxt Yusifzadə, Polad Həşimova və şəhid həkimlərimizə həsr olunan “Şəfadan şəhadətə” filmlərində və sairələrində aparıcı rollara çəkilib Rauf Ağakişiyev.
O, Azərbaycan Teatr Xadimləri İttifaqının və Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rauf Ağakişiyev qayğıkeş atadır, bir oğlu, bir qızı var. Qızı Bakı Dövlət Universitetinin tarix fakültəsinin birinci kursunda oxuyur. Oğlu məktəblidir.

 

Bəs Rauf Ağakişiyevi teatr sahəsinə bağlayan səbəb nə olub? Sualımıza cavab olaraq o, çox böyük hörmətlə tanınmış yazıçı, rejissor, dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun adını çəkdi və yaradıcılığında onun əhəmiyyətli rol oynadığını xüsusilə vurğuladı. Məhz Ağalar müəllim mənə teatrı sevməyimə təkan olub, deyə ilk müəllimindən ağızdolusu danışdı Rauf Ağakişiyev. Hələ orta məktəbdə oxuyarkən Ağalar İdrisoğlunun rejissorluğu ilə Kərim Həsənovun “Sehirli yaylıq” tamaşasına baxmış və sonra onun dəvətilə “28 May” mədəniyyət evində yerləşən Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Teatrının üzvü olmuş, o zamandan onun məsləhət və tövsiyələrinə əməl edərək teatr sənətinin incəliklərinə yiyələnmişdir. Ali məktəbdə isə əsl sənət müəllimi tanınmış rejissor-pedaqoq Nəsir Sadıqzadə olub. Xalq artisti Həsənağa Turabovdan da dərs alıb.

 

Hazırda həyatının əllinci baharını qarşılayan, yaradıcılığının otuz illiyini qeyd edən Rauf Ağakişiyev nəinki Sumqayıtda, eləcə də paytaxtda peşəkar aktyor kimi tanınır və yüksək dəyləndirlir.
Dövlətmizin başçısı cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində çalşan insanlara böyük önəm vermələrini və onların həmişə mükafatlandırılmasını sevinclə və minnətdarlıqla qarşılayan aktyor daha səylə və məsuliyyətlə çalışacağını xüsusi vurğuladı.

 

Bəli, yaxşılar və yaxşılıqlardan danışarkən Rauf Ağakişiyev Sumqayıt şəhərinin İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun göstərdiyi diqqət və qayğıdan da razılıqla danışdı. Qeyd etdi ki, Zakir müəllimin əsl rəhbər, xeyirxah insan, cəfakeş ziyalı kimi teatrla həmişə maraqlanması, aktyorların sosial-məişət problemlərini həll etməsi, onlara hərtərəfli dəstəyi kollektivin ürəyincədir.

 

Söhbətimizdə gileyə bir qədər yer verən aktyor ürəkağrısı ilə tamaşaçı qıtlığından da danışdı və teatra tamaşaçı axınının zəifliyini bildirdi. 500 mindən çox əhalisi olan Sumqayıtın yeganə peşəkar teatrının hazırda aşağı kateqoriya ilə işlədiyini təəsüflə qeyd etdi.Teatr mənm ikinci evimdir, deyən Əməkdar artist Rauf Ağakişiyev arzuladı ki, çalışdığı sənət ocağının Ağalar İdrisoğlunun rəhbərliyi dövründə -1989-97-ci illərdəki əvvəlki şöhrəti özünə qaytarılsın, bütün aktyorarın maddi rifah halı yaxşılaşsın, hər biri layiqli dəyərini, qiymətini alsın.

 

Əməkdar artist Rauf Ağakişiyev həmçinin pozitiv əhval-ruhiyyəsini gizlətmədi və gələcəyə ümidlə baxdığını söylədi. Sumqayıt teatrının yetirmələrinin daha böyük paytaxt səhnələrində əvəzsiz rollar canlandırmasının, xalqın sevmlisinə çevrilməsinin danılmaz fakt olduğunu xüsusi vurğuladı.
Müzəffər Ali Baş Komandanımızın sayəsində 44 günlük Vətən müharibsində tarixi Qələbə əldə etməyimizi sevinclə dilə gətirən aktyor şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar dilədi. Bildirdi ki, ailəsində Ordu sıralarında layqincə xidmət edəcək vətənpərvər oğul böyüdür.
Rauf Ağakişiyev eyni zamanda əlavə elədi ki, “səhnədən fərqli olaraq heç vaxt həyatda rol oynamamışam. Səhnədə hər tipdə insan olmuşam, amma həyatda yalnız yaxşı insan olmağa çalışmışam. Rol oynayanda aktyor kimi heç bir çətinlik çəkməmişəm.Tamaşaçı sevgisi bu yaşıma qədərki ən böyük qazancımdır. Bu məhəbbəti qoruyub saxlamağa çalışıram”. Onu diqqətlə dinləyərək hiss etdik ki, Raufun həyat və yaradıcılıq gücünün sərfi, daha böyük uğurları hələ qarşıdadır. Və biz də öz növbəmizdə sevimli aktyorumuza yeni-yeni nailiyyətlər, can sağlığı diləməklə, gələcək görüşlərədək, söylədik!

 

İlhamə MƏHƏMMƏDQIZI,
Şairə-jurnalist


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]