Məktəb direktoru Almaz Həsrət təhsil ocağında saxta attestat verilməsi ilə bağlı iddialara münasibət bildirib

Məktəb direktoru Almaz Həsrət təhsil ocağında saxta attestat verilməsi ilə bağlı iddialara münasibət bildirib

 Almaz Həsrət: Bədxahlarımızı bu dəfə də kədərləndirməli olacağıq. Nə edək ki, bizim əleyhimizə ən aşağılıq adamlar iş qurmaq istəyir, biz də çox dəyərli vaxtımızı onlara sərf etməyə məcbur oluruq. Əlbəttə, çox vaxt fikir vermədən keçirik. Amma bəzən bəzi məsələlərə aydınlıq gətirməyə zərurət yaranır.


Beləliklə, 2 gündür sosial mediada mən Almaz Həsrətin məktəb direktoru olaraq “attestat satmağım” haqqında böhtan tirajlanır. Özü də bunu kim paylaşırmış? Bir siyasi partiyanın sədr müavini (nə o partiyanı, nə də həmin adamı tanımıram). Ki, adətən belə adamlar dövlətin ən ali rəhbər vəzifələrinə iddia edirlər və buna görə də nə yazdıqlarını, nə danışdıqlarını 100 ölçüb 1 biçməlidirlər. Bu heç. Bununla işimiz yox.
Əsas məsələ o attestatla bağlıdır. İddia edilir ki, 2 attestat “satmışam”. İrəli qaçaraq deyirəm: bu iddianı ortaya atan şəxs, dediyini sübut etməsən ən şərəfsiz, ən əxlaqsız adamsan! Mən və ailəmin heç bir üzvü bu günə kimi hər hansı qanunsuz əməl etmədik, rüşvət verib rüşvət almadıq, aza qane olduq, təmiz adımızı sonadək qoruduq! Qorumağa da davam edəcəyik! Kimlərsə öz əxlaq(sızlıq)ları prizmasından nəyisə dəyərləndirəndə təbii ki, elə bilirlər hamı onlar kimidir. Qınamıram. Hər kəs özünün pozulduğu səviyyədə görər başqalarını.


İndi isə ən əsas məsələyə – attestat söhbətinə aydınlıq gətirirəm. Həqiqətən də rəhbəri olduğum 3 saylı məktəblə bağlı belə bir durum var. Amma məni ittiham edənləri kədərləndirməli olacağam. Çünki o məsələni özüm şəxsən aşkarlayıb araşdırılmasını tələb etmişəm! 2021-ci ilin noyabrında Türkiyə səfirliyindən bizimlə əlaqə saxlayıb bir məzunun attestatını dəqiqləşdirmək istəmişdilər. Mən də xahiş etdim ki, məlumat göndərsinlər. Göndərdilər. Gördüm ki, mənim hələ məktəbin direktoru olmadığım dövrə aid attestatdır və altında da mənim “imzam”! Üstəlik də direktor müavinlərinin “imzaları”! Halbuki attestatda yalnız direktorun imzası olmalıdır. Eyni zamanda bəlli oldu ki, attestatda adı yazılan məzun ümumiyyətlə bizim məktəbdə oxumayıb. Üstəlik də nə mənim, nə digərlərinin imzaları bizə aid deyildi. Əlavə olaraq da attestat 2019-cu ilə, yəni mənim hələ o məktəbdə direktor olmadığım dövrə aid idi. Yəni saxtalıq göz önündə idi. Ona görə də dərhal Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verib məsələni araşdırmağı xahiş etdim. Düzdür, bu araşdırma çox uzun çəkdi və artıq məsələ prokurorluğa göndərilib. Mən də, attestatda adı olan digər 2 şəxs də gərəkli izahatları vermişik və şəxsən xahiş etmişəm ki, bu saxtakarlığı mənim adım altında edən şərəfsiz kimdirsə aşkar edilsin. Biz araşdırmalara mane olmamaq üçün bu prosesin ictimailəşməməsini təmin edirdik. Amma bugünlərdə məktəbimizin rəhbərliyində olan şəxslərdən biri də izahat üçün dəvət edildikdən sonra məsələ ictimailəşdi (halbuki o da istintaq sirrini yaymamalı idi). Üstəlik də məsələni mənim attestat satmağım kimi ictimailəşdirdilər. Və bunu da bir psevdomüxalif siyasi partiyanın rəhbərliyi səviyyəsində etdilər. Paylaşım edən şəxs ad çəkəcək qədər cəsarətli olmadığı üçün məlumatı kimdən aldığını belə yazmayıb. Halbuki əminliyiniz varsa, buyurub ad da çəkə bilərdiniz ki, informasiyanı sizə kim verib.
Bir məsələni də diqqətinizə təqdim edirəm. Şəkildən də göründüyü kimi mənim atamın adı yanlış yazılıb. Təbii ki, mən atasının adını belə yanlış yazacaq qədər savadsız deyiləm. Hər halda bilənlər bilir, yetərincə təcrübəli pedaqoq, Respublikanın Əməkdar müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, beynəlxalq dərəcəli təlimçi, dərsliklər və ayrı-ayrı nəşrlərin müəllifiyəm. Yəni sənəd imzalayanda öz atasının adını səhv yazacaq birisi olmadığımı sübut etməyə ehtiyac yoxdur. Lakin bu yanlış bir ipucu ola bilər. Çünki mənim atamın adını məhz o cür tələffüz edənin kimliyi bəllidir...
Dəyərli insanlar, üzrlü sayın ki, bir qədər sərt ifadələr işlətməli oldum. Qınamayın lütfən. Çünki elə tiplər var ki, onlara münasibətdə məhz sərtlik daha keçərli olur. Çünki mədəni adamların dilindən anlamaz onlar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]