Rəhman Orxan: Könüllü tibb xidməti əsgəri Elnur Əliyev

Rəhman Orxan: Könüllü tibb xidməti əsgəri Elnur Əliyev

Rəhman Orxan: Könüllü tibb xidməti əsgəri Elnur Əliyev 

 

EGE qospitalın daha bir döyüşçüsü


O, 2020-ci ilin 44 günlük Vətən müharibəsində sanitar qrupu tərkibində yüzlərlə yaralı döyüşçümüzün hərbi qospitallara çatdırılmasında əsl fədakarlıq göstərib

 

2017-ci ildə valideynləri Elnuru hərbi xidmətə yola salarkən cəbhə bölgələrində, xəbərlərdə deyildiyi kimi, “nisbi sakitlik” idi. Ancaq bu, zahirən belə görünürdü. Əslində cəbhə boyu gah orda, gah burda ermənilərin gicliyi tutur, guya “məşğulat” eləyir, əllərini dinc qoymayıb, mövqelərimizi atəşə tuturdular – gah kiçik, gah da iri çaplı silahlardan. Bəlkə də bu, onların son zamanlar daim qorxu içərisində olduqlarından irəli gəlirdi, yəni ki, hələ ölmədiklərini və Azərbaycan əsgərindən guya qoxmadıqlarını diqqətə çatdırmaq istəyirdilər. Əslində bütün günü və gecələri narahatlıq, səksəkə içindəydilər. Çünki bir il əvvəlin – 2016-cı ilin Aprel döyüşlərinin xofu hələ də canlarından çıxmamışdı. Azərbaycanın mərd, qeyrətli oğulları: Milli Qəhrəmanlar - polkovnik Şükür Həmidov və mayor Samid İmanov, “Murov qartalı”, polkovnik-leytenant Raquf Orucov, pələng ürəkli gizir Pəncəli Teymurov, cəsur əsgərlərimiz Əmiraslan Xeyirbəyov, Vüqar Süleymanov və digər igidlərimiz onlara elə qan uddurmuşdular ki, hələ də özlərinə gələ bilmir, nə gündüz, nə də gecələr rahatlıq tapırdılar. Strateji baxımdan çox mühüm yüksəklik olan Lələtəpənin Milli Ordumuzun cəngavərləri tərəfindən şiddətli döyüşlərdən sonra ələ keçirilməsini və onun zirvəsində Azərbaycanın üçrəngli bayrağının dalğalanmasını onlar nə bizə, nə də özlərinə bağışlaya bilirdilər.

 

Belə bir dövrdə - 2017-ci ildə 18 yaşlı oğlu Elnuru xeyir-dua ilə hərbi xidmətə yola salan Tahir Əliyev çox yaxşı bilirdi ki, erməni vəhşilərindən nə qədər ki qisas alınmayıb, öz mənfur yuvalarına oturdulmayıblar, Azərbaycan qılıncı qına, silahı yerə qoya bilməz. Bu fikirləri o, bir vətənpərvər kimi yalnız oğlu Elnura yox, tanıyıb-bildiyi adamlara da hər zaman söyləyərək, özünü də, ətrafdakıları da son, qəti döyüşə hazır olmağa, xalqımızın uzun illər arzusunda, intizarında olduğu böyük Qələbəyə kökləməyə çalışırdı. Ona görə də oğlu ilə birgə çağırış məntəqəsinə daxili bir inamla yollanmışdı. Hiss edirdi ki, o həlledici gün uzaqda deyil və bəlkə Elnura da o günün iştirakçısı olmaq nəsib olacaqdı. Bu hisslərlə yanaşı gizli bir ata narahatçılığı da vardı – dünənin məktəblisi olan Elnur bir çox yaşıdları kimi hələ bərkə-boşa düşməmişdi. Ona görə də son illərdə Milli Ordumuzda hərbi intizamın və təlimlərin gücləndirilməsi atanın ürəyindən idi.

 

Və iş elə gətirdi ki, Elnur hərbi xidmətini ön cəbhədə - Ağdam, Tərtər istiqamətlərində keçməli oldu. Atasının tövsiyələrini bir an belə unutmayaraq, döyüş təlimlərində həvəslə iştirak edib, fiziki cəhətdən bərkidi, hətta çox keçmədən bacarığı, fərasəti sayəsində tağım komandiri təyin edildi. Səngərdə erməni dığaları ilə üz-üzə olması, onların vaxtaşırı “formal atəşkəsi” pozması düşmənin mənfur xislətini ona daha yaxşı tanıtdırdı və daşnak tör-töküntülərinə nifrətini daha da artırdı. Xidmət etdiyi hərbi hissədə komandirlərdən tutmuş sıravi əsgərlərə kimi hamı, elə özü də döyüşə hazır olaraq, hücum əmrini gözləsələr də, bu cür komandanın verilməsi ləngiyirdi. Hər halda nəyi və nə vaxt etməyi Ali Baş Komandan hamıdan yaxşı, böyük müdrikliklə bilirdi. Və beləliklə Elnur hərbi xidmətini başa vurduqdan sonra evə bir növ “əliboş”, məyus dönməli olmuşdu.

 

Beş uşağın (üç qardaş, iki bacı) böyüdüyü ailənin sonbeşiyi olan, 25 may 1999-cu ildə dünyaya gələn Elnur 2019-cu ildə təhsilini davam etdimək üçün tibb işçisi olmaq istəyi ilə Füzulidəki Dövlət Sosial-iqtisadi Kolleciə daxil oldu. Lakin 2020-ci ilin sentyabrında erməni təxribatı nəticəsində başlanan müharibə Elnuru təhsilini yarımçıq qoyub, yenidən, lakin bu dəfə könüllü olaraq Ağdam cəbhəsinə yola düşməyə məcbur etdi. “Sonbeşik” olduğuna görə ata-anası, qardaş-bacıları onu çox istədiklərindən onların narahatlığına səbəb olmamaq üçün döyüşə yollandığı barədə Horadizdə yaşayan ailəsinə heç bir məlumat verməmişdi. Düşünmüşdü ki, qoy evdəkilər onun kollecdə oxuduğunu zənn etsinlər.
Cəbhəyə könüllü kimi yollanan Elnur artıq oktyabrın 3-dən başlayaraq yaralı hərbçilərimizin döyüş zonasından təxliyə edilərək, qospitala - Füzuli Müalicə-diaqnostika Mərkəzinə çatdırılmasına bütün gücü ilə kömək edirdi. Döyüş meydanından uzaqlaşdırılan yaralıları xərəkdə daşıyan, onların qanlı bədənini, əl-ayaqlarını sarıyan Elnur yaralı döyüşçülərimizin dözümünə-gücünə təəccüb etməyə bilmirdi. Son dərəcə ağır yaralılardan başqa çoxlarının heç bir ah-ufu eşidilmirdi. Əksinə - o yaralı cəngavərlərin yeganə istəyi qospitala tez çatdırılıb, tez də sağalmaları idi. Gərgin keçən müharibə günlərində Elnur bəzən o qədər yuxusuz qalır, o dərəcədə yorulub, haldan düşürdü ki, elə sonuncu gətirdiyi yaralının çarpayısının yanındaca onu yuxu aparırdı... Həmin günlərdə o, öz sanitar yoldaşları ilə birgə 1500-ə qədər yaralının təxliyə edilməsinə, onların həyatının xilasına nail ola bilmişdi. Təsadüfi deyil ki, Qələbədən sonra da - noyabrın 26-dək könüllü döyüşçü vəzifəsini yerinə yetirən Elnur sonradan “Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı ön cəbhədən Füzuli Müalicə-diaqnostika Mərkəzinə gətirilən yaralı hərbçilərə göstədiyi xidmətə görə” xüsusi Fəxri-fərmanla təltif edilib.

 

O, bu ilin yanvarından EGE qospitalda porter kimi çalışır, xəstələrin sağalması üçün əzmkarlıq göstərən həkimlərin yanında sevdiyi işi davam etdirir və özü də həkim olmaq arzusu ilə yaşayır.
Arzun-istəyin çin olsun, Elnur – xalqımızın gənc, vətənpərvər oğlu!

 

Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti.

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]