YTP-nin iki rezidenti “Caspian Agro” 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib +FOTO=2
Bu xəbəri paylaş
YTP-nin iki rezidenti “Caspian Agro” 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib
AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidentləri “Elm və Texnologiyalar Parkı” MMC və “BEYT” MMC 18-20 may 2022-ci il tarixlərində “Baku Expo Center” Sərgi və Konfrans Mərkəzində keçirilən “Caspian Agro” 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak ediblər. YTP-nin rezidentləri öz innovativ məhsullarını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəvəti və təşkilatçılığı ilə sərgidə yer alan “Smart Agro” stendində nümayiş etdiriblər..
Kənd təsərrüfatı sektorunun əsas iştirakçıları, yerli və xarici mütəxəssislər, idxalçılar, ixracatçılar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin peşəkar ziyarətçi qismində iştirak etdiyi sərgidə “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən NF010AzPUA pilotsuz uçuş aparatı multispektral kamera ilə birlikdə təqdim olunub.
Yerli proqram təminatı əsasında işləyən bu dronun əsas özəlliyi spektral emala əsasən torpağı və bitkiləri analiz edən alqoritmin artıq dronun proqram təminatına inteqrasiya olunmasıdır.
Sərgidə “BEYT” MMC tərəfindən temperatur, coğrafi yerləşmə və yerdəyişməni həyata keçirən, arıların hərəkətini izləyən və xəstəliklərinin diaqnostikasını aparan “Smart” arı yeşikləri, eləcə də LED lampalar üçün diod və mikrosxemlər nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən “Caspian Agro” sərgisi Azərbaycanın aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğrultmuşdur.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

