Bəxtiyar Sadıqov... Azərbaycan qəzetinin baş redaktoru, Milli Məclisin deputatı -

Bəxtiyar Sadıqov...“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı

Blokada - təcridetmə, mühasirədə saxlama, kənarla əlaqələri qırma mənasındadır.

Tarixdən ən ağır blokada kimi 1941-1945-ci illər müharibəsində Leninqradın 900 gün davam edən mühasirəsini xatırlayırıq. Dinc əhaliyə qarşı bu vəhşiliyin və qəddarlığın nəticəsində yüz minlərlə insan acından və soyuqdan donaraq öldü.

Müasir dövrdə isə ölkələri iqtisadi blokadaya almaq dəbdədir. Belə vəziyyətdə qəzəbə tuş gələn dövlətin başqa ölkələrlə ticari əlaqələri yasaq edilir, xarici ölkə banklarındakı hesabları dondurulur və digər sanksiyalar tətbiq olunur.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində blokadaya salınıb. Əslində belə bir blokadanın "təməli" hələ illərlə öncə, kənardan erməni əhalisi Azərbaycan ərazisinə daşınarkən, Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövləti yaradılarkən qoyulub. Qədim Naxçıvan diyarı cəmi bir "boğazla" - Meğri ərazisi ilə böyük Azərbaycanla əlaqə saxlayırdı. Sovetlər dönəmində bu, elə bir problem yaratmırdı. Çünki SSRİ-nin mövcudluğu şəraitində yalnız kənar sərhədlər ciddi qorunub saxlanılırdı. Ölkə daxilində isə "icazəsiz" kimsə başqasına ərazi iddiası edə bilməzdi! Elə ki, qırmızı imperiya parçalandı, "qardaş respublikalar"ın hərəsi özünə ayrıca dövlət qurmağa başladı, Azərbaycana qarşı irəlicədən hazırlanan məkrli plan işə salındı, bax onda həmin "boğaz" (bu, Azərbaycanın xəritəsində daha aydın görünür) "boğularaq" bağlandı.

Havadarlarının köməyi ilə ölkəmizdən yeni torpaqlar qoparmağa çalışan Ermənistanın Naxçıvanla bağlı xüsusi planı vardı. Bu planın baş məqsədi isə Naxçıvan torpaqlarının işğal edilərək Ermənistan ərazilərinə qatılması idi.

Yanlış da bir naxışdır - demişlər. Ulu öndər Heydər Əliyevin müvəqqəti olaraq böyük siyasətdən uzaqlaşdırılması, öz əlləri ilə tikib-qurduğu Bakıda yaşamasına imkan verilməməsi və beləliklə, doğma Naxçıvana qayıtması həm də taleyin sınağına çevrildi! Bu sınaqda Naxçıvanın bəxti gətirdi! Dünya siyasəti nəhənginin Naxçıvanda olması nəinki bu qədim diyarı erməni işğalından qoruyub saxladı, üstəlik onu yaşatdı, əhalisini aclıqdan və öldürücü şaxtalardan qoruyaraq bugünkü yüksəlişinə yol açdı!

Sovet ordusu hissələri silah-sursatlarını, zirehli texnikalarını təhvil verərək hərbi qaydada muxtar respublikanı tərk etdilər.

Dünya ulu öndər Heydər Əliyevin sorağını alaraq ağır dövrünü yaşayan bu məkana humanitar yardımlar göstərməyə başladı.

Heydər Əliyev və Süleyman Dəmirəlin təşəbbüsü ilə Naxçıvanla Türkiyə arasında salınan "Ümid" körpüsü bölgənin ərzaq təminatını yaxşılaşdırdı.

Razılaşma əsasında İran qazının verilməsi əhalinin istilik problemini həll etdi.

Heydər Əliyev həmin dövrdə həyatının ən çətin və ağır dövrünü yaşasa da, Naxçıvanı qoruyub saxlaya, düşmən qarşısında alınmaz qalaya çevirə bildi!

Bu gün Naxçıvan bambaşqadır! İnanılmaz dərəcədə dəyişmiş, inkişaf etmiş, müasirləşmiş bir məkandır!

Əslində blokada şəraitində yaşayan muxtar respublikanın bu səviyyəyə çatması möcüzədir!

İnsanların və müdrik siyasətin yaratdığı möcüzə!

Dövlət müstəqilliyinin 20 ilini təntənə ilə bayram edən, 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən, "Eurovision" mahnı müsabiqəsində qalib çıxaraq onun 57-ci yarışmasını yüksək səviyyədə təşkil edən Azərbaycan müstəqillik dövründəki nailiyyətləri ilə dünyanı heyran qoyub! Artıq inkişafın Azərbaycan modeli dünya tərəfindən qəbul və təqdir edilir. Bu modelin əsasında dövlət başçısı cənab İlham Əliyevin "Düşünülmüş, sürətli və davamlı inkişaf" konsepsiyası durur. Bu unikal model Naxçıvanda yerli şəraitə uyğun, yaradıcılıqla tətbiq edilir. Odur ki, böyük səmərə və nəticə verir!

Müasir Naxçıvan təmizliyi, səliqə-sahmanı, intizamı, abadlığı, tikinti-quruculuğunun miqyası ilə dərhal diqqəti cəlb edir. Sadaladıqlarımız təkcə Naxçıvan şəhərinə yox, muxtar respublikanın bütün şəhər və kəndlərinə, yaşayış məntəqələrinə və bölgələrinə aiddir. İyirmi il ağır blokada şəraitində yaşayan Naxçıvanda həyati əhəmiyyətli və inkişafı şərtləndirən bütün problemlər həllini tapmışdır! Onlar hansılardır:

Muxtar respublika özü-özünü daimi və fasiləsiz elektrik enerjisi ilə təmin edir, üstəlik bir vaxtlar bu sahədə Türkiyədən aldığı borcunu qaytarır;

Bütün yaşayış məntəqələri, hətta ən ucqar kəndlər belə qazlaşdırılıb;

Bir neçə böyük su anbarı, süni göllər yaradılmaqla əkin suyuna, habelə içməli suya olan tələbat tam ödənilib;

Köhnə aeroport yenidən qurularaq və genişləndirilərək beynəlxalq uçuşların həyata keçirilməsinə imkan verən müasir hava limanına çevrilib;

Beynəlxalq tələblərə cavab verən yeni yol infrastrukturu yaradılıb, şəhərdaxili və kəndarası yollar yenilənib;

Səhiyyə sistemi yenidən qurulub, müasir avadanlıqlarla və kadrlarla təmin edilib;

Mərkəzdən hansı məsafədə yerləşməsindən asılı olmayaraq hər bir kənddə ikimərtəbəli yeni məktəb binası tikilib;

Muxtar respublika boyu yol kənarlarında yaşıl zolaqlar salınıb, hətta əvvəllər ağac bitməyən yerlərdə də tinglər göyərdilib;

Təmizlik, abadlıq, quruculuq və iməcilik həyat normasına çevrilib.

Bütün bunlar insan yaşayışı - məişəti və maddiyyatla bağlı tərəflərdir. Naxçıvanın mənəvi intibahı da baş vermişdir. AMEA-nın Naxçıvan Bölməsinin inkişafı, burada elmi işlərin aparılmasına yaradılan şərait, elmi araşdırmalar, müasir avadanlıq və cihazlara təminat tərifəlayiqdir. Naxçıvan Dövlət Universiteti təhsilin təşkili, yaradılan şərait və kadr hazırlığı sahəsindəki uğurları ilə dünyanın aparıcı təhsil ocaqları ilə rəqabət apara bilmək səviyyəsinə yüksəlmişdir. Naxçıvanın muzeyləri, tarixi abidələri özlərinin ikinci, yeni və müasir həyatlarını yaşayırlar. Müqəddəs məkanlardan sayılan Əshabi-Kəfv isə beynəlxalq səviyyəli ziyarətgaha çevrilməkdədir. Əslində Naxçıvan özü də vaxtaşırı beynəlxalq tədbirlər keçirməklə dünyanın bir çox yerlərindən gələnlərə qonaqpərvərlik nümunəsi göstərir.

Söylədiyimiz faktları bir neçə yığcam rəqəmlərlə də ifadə etmək istədik:

2010-cu ildən indiyədək muxtar respublikada iqtisadi artım 54 faiz olub;

Hər nəfərə düşən ümumi daxili məhsul istehsalı 1500 dollara çatıb;

2004-cü ildən bəri 50 min yeni iş yeri açılıb;

ÜDM-də özəl sektorun payı 86 faizə çatıb;

Cari ilin dörd ayında orta aylıq əməkhaqqı 360 manata yüksəlib;

Ötən illə müqayisədə əhali 2,1 faiz artıb.

Bir daha xatırladırıq: buradək söylədiklərimiz düşmən tərəfindən blokadaya alınan Naxçıvanda görülən işlər və muxtar respublikanın real vəziyyətidir.

Bəs özünü qalib sayaraq Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan hansı durumdadır? Deyirlər, hər cür müqayisə nöqsanlıdır! Lakin biz müqayisə etmirik, olanları diqqətə çatdırmaq istəyirik!

Əslində Ermənistan blokadaya alınmayıb. Əvvəla, qonşusu Gürcüstanla kifayət qədər əlaqələri var. İkincisi, ilboyu Ermənistana Türkiyədən yüzlərlə "TIR" maşını gəlir, İstanbuldan təyyarələr uçur. Ən nəhayət, İran İslam Respublikası dost və qardaş ölkə olmaqla Ermənistana bütün sahələrdə yardım göstərir, əməkdaşlıq qurur, ticarət aparır və mənəvi dayaq durur! Bütün bunlara baxmayaraq, Ermənistan günbəgün yox, saatbasaat geri gedir, iqtisadi və mənəvi tənəzzülün dibi görünməyən uçurumuna yuvarlanmaqda davam edir! Bu özünü nədə göstərir:

Ermənistan enerjidaşıyıcıları sarıdan özgələrindən asılıdır;

Bütün strateji obyektləri başqa dövlətə satılıb;

Dövlət büdcəsi əsasən xarici ianələr hesabına formalaşır, erməni rəsmiləri ilboyu qapı-qapı düşüb ianə və kredit axtarırlar;

İqtisadi geriləmə və işsizlik məngənəsində sıxılan insanlar səfalət içərisində yaşayırlar;

Sabaha ümid olmadığından imkan (verməyə rüşvət) tapanlar Ermənistanı tərk edib başqa yerlərə köçürlər;

Demoqrafik vəziyyət fəlakət həddinə çatıb, əhalinin böyük hissəsini qocalar təşkil edir və s.

Bəzi dövlətlər və qurumlar, ermənipərəst qüvvələr hay salaraq Ermənistanın blokadada qaldığını söyləyir, Türkiyəni sərhədləri açmaq üçün dilə tuturlar, təzyiq göstərməyə çalışırlar.

Naxçıvanın blokadasından danışan, ona kömək əlini uzatmağa çalışan bircə qurum isə görünmür, bu mövzu beynəlxalq aləm üçün yoxdur!

Ermənistan məcazi mənada blokadadadır, əslində mənfur əməllərinin bəhərini yeyir. Öz siyasətçilərinin, dövlət başçılarının ağılsız addımlarının, vəzifə və tamahlarının girovuna çevrilib. Nəticədə təkcə erməni xalqı səfalətə düçar olmayıb, Ermənistan özü indiyədək həqiqi dövlət müstəqilliyi qazana bilməyib: ərazisində başqa dövlətin hərbi bazası yerləşir, sərhədlərini özgə əsgərləri qoruyur, müstəqil daxili və xarici siyasət yürüdə bilmir! Faktiki olaraq, vassal dövlətə, forposta çevrilib. Bu siyasət onu getdikcə düşdüyü ağılsızlıq bataqlığının dibinə çəkir və özünün-özünə yaratdığı blokadadan qurtulması mümkün deyil!

Naxçıvan Muxtar Respublikası isə Heydər Əliyev siyasi kursu sayəsində həqiqi blokada şəraitində belə inkişaf edir, çiçəklənir, iqtisadi və mənəvi qüdrətini artırır. Yeridilən düzgün və uzaqgörən siyasət ağır blokadanın məlum nəticələrini yüngülləşdirir, tədricən aradan qaldırır.

Blokadaya salan blokadada olandan çox-çox ağır vəziyyətdədir.

Budur Heydər Əliyev siyasi kursunun əyani nəticəsi!

Budur inkişafın Azərbaycan modelinin bəhrəsi!

Budur xalqın rifahına, dövlətin inkişafina, millətin tərəqqisinə və gələcəyinə xidmət edən alternativsiz siyasət!

Belə siyasət hətta blokada şəraitində də uğur gətirir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !