Rəhman Orxan: Sumqayıtda Azərbaycanın Xalq şairi Vahid Əzizin respublika Dövlət Mükafatına təqdim edilmiş "Param-parça illər..." kitabının müzakirəsi keçirilmişdir

Rəhman Orxan: Sumqayıtda Azərbaycanın Xalq şairi Vahid Əzizin respublika Dövlət Mükafatına təqdim edilmiş "Param-parça illər..." kitabının müzakirəsi keçirilmişdir

Rəhman Orxan: Sumqayıtda Azərbaycanın Xalq şairi Vahid Əzizin respublika Dövlət Mükafatına təqdim edilmiş "Param-parça illər..." kitabının müzakirəsi keçirilmişdir 

 


Təbiət elmləri təmayüllü Gimnaziyada təşkil edilmiş tədbirdə Sumqayıtın bu qabaqcıl tədris ocağının direktoru, Azərbaycanın Əməkdar müəllimi Nizami Əhmədov hörmətli qonağı salamalayaraq, onun həyat və yaradıcılığı, respublika Dövlət mükafatına təqdim edilmiş "Param-parça illər..." kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

 

Qeyd edilmişdir ki, kitaba daxil edilmiş şeirlər əsas etibarilə xalqımızın ötən 29 il ərzində doğma Qarabağımızın, müqəddəs Şuşamızın nisgili və 2020-ci ildə Ali Baş Komandanımız İlham Əliyevin müdrik rəhbərliyi, uğurlu strateji və taktiki tədbirləri ilə çox qısa müddətdə - 44 gün ərzində qazanılmış böyük Vətən Qələbəsinin nəhayətsiz sevincini, döyüşçülərimizin vətənpərvərlik nümunələrini, igidlik, qəhrəmanlıq əzmini, rəşadətini, şəhidlərimizin böyük Vətən sevgisini, ölməzlik ruhunu əks etdirir.
Əslən Qərbi Zəngəzurun Dərələyəz mahalından olan, uşaqlıq və gənclik illərini daim Qarabağ ab-havası duyulan Tərtərdə keçirmiş Vahid Əziz hər zaman qəlbində doğma yurd, Qarabağ həsrətini, ağrı-acısını yaşatmışdır. Eyni zamanda torpaqlarımızın düşmən əlində olduğu 29 il ərzində hər zaman Koroğlular, Babəklər nəslinin nə vaxtsa ayağa qalxıb, erməni faşistləri üzərində tarixi Zəfər çalaçağına inanan şair ötən illər boyu Qarabağla, Zəngəzurla bağlı həm nostalji-nisgilli, həm də nikbinliklə dolu yüzlərlə şeir yazmışdır. Onun son illərdəki poeziyası sanki Milli Ordumuzla birgə güçlənmiş, Qələbəyə köklənmişdi. Bir vaxtlar – ötən əsrin 90-cı illərində ümidsizlik və çarəsizliklə:

 

Qoç Koroğlu, məzarını yarım, çıx!
Çox işimiz o vaxtlardan yarımçıq,
“Dəlilər”dən beş-on nəfər qalmışıq,
Çoxlarını oyandıra bilmədik...

 

– yazan şair Qələbəmizin yaxınlaşdığı 2020-ci ilin ilk noyabr günlərində az qala bütün dünyaya gur səsi ilə, böyük sevinclə bağırırdı:

 

Bu gün Sərkərdənin duydum səsində
Çeşmə kövrəkliyi, vulkan kürlüyü,
Böyük Qələbənin bünövrəsində
Dövlət başçısıyla - millət birliyi!


Qəhrəman Ordumuz düşməni yıxıb! –
Zamanın məkrinə tabe olmadıq!
Biz həm sələflərin borcundan çıxıb,
Həm də varislərə borclu qalmadıq!!.

 

Gimnaziyanın müəllimləri tədbirdə çıxış edərək, gənclərə yüksək vətənpərvərlik duyğuları aşılayan şeirlərinə, bir çox sevilən mahnılara qanad vermiş lirikasına, həmçinin "Mənə 100 il ömür arzulamayın" şerinə görə Vahid Əzizə öz rəğbət və ehtiramlarını bildirmişlər. Onlar xalq arasında populyarlığı ilə seçilən, yalnız məhəbbət lirikası ilə deyil, həm də dərin ictimai-siyasi, Qarabağ mövzusundakı şeirləri ilə xalqın qəlbinə yol tapmış Vahid Əzizin yaradıcılığını, onun vətənpərvərlik mövzusundakı şeirlərini yüksək dəyərləndirmişlər.

 

Gimnaziya şagirdlərinin ifasında şairin çox sevilən şeirləri, o cümlədən "Sən mənim əbədi Qarabağımsan!", "Vətən", "Şəhid məzarına gül gətiən qız", “ Bilisənmi, Vətən nədir?”, "Dərsə gecikən..." və digər şeirləri səsləndirilmişdir.

 

Tədbir iştirakçılarının alqışları altında çıxış edən şair Vahid Əziz hələ də - hər gün Qarabağ Qələbəsinin sevinci ilə yaşadığını bildirərək, özünün "Param-parça illər..." kitabından və yeni şeirlərini oxumuş, görüşün yüksək səviyyədə təşkilinə görə Gimnaziya rəhbərliyinə, müəllim və şagird kollektivinə təşəkkürünü bildirmişdir.

 

Tədbir iştirakçıları Xalq şairi Vahid Əzizin "Param-parça illər..." kitabının respublika Dövlət Mükafatına təqdim edilməsini bəyəndiklərini, onun döyüşkən, vətənpərvəlik poeziyasının bu yüksək mükafata layiq olduğunu bildirmişlər. Və ona görüşdən yadigar olaraq Sumqayıtın son illərdəki tərəqqisi ilə bağlı “Dənizə addımlayan şəhər. Sum qayıtdı...” adlı kitab bağışlanılmışdır.
Görüş müəllim və şagirdlərlə birgə xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.

Rəhman ORXAN.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]