Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

10 may 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə Mərkəzi Gömrük Hospitalının  “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə əklil və tər güllər düzülüb. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərindən, o cümlədən ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna töhfələrindən danışıb. Ceyhun Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizi və xalqımızı dövlət müstəqilliyinin çətin yollarından böyük uğurla keçirərək, tarixin məsuliyyətli sınaqlarından alnıaçıq çıxardaraq qarşıdakı daha böyük inkişafın strategiya və taktikasının müəyyənləşdirilməsini təmin etmişdir. Həyata keçirilən böyük islahatlar, atılan düşünülmüş addımlar Azərbaycan Respublikasının gələcək inkişaf yollarının möhkəm təməllərini təşkil etmişdir.


Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov  Ulu Öndər Heydər Əliyevin  uzaqgörənliliyi, siyasi müdrikliyi, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti və sevgisi, siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə danışıb.


“Ulu Öndər Heydər Əliyevin səhiyyədə rolu” mövzusunda çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi  Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Ulu öndərin tibb sahəsinin inkişafına yetirdiyi böyük diqqət və qayğıdan, ölkəmizin dünya tibb təhsili sisteminə uyğunlaşması, milli həkim kadrlarının Avropa, Amerika, Rusiya və s. ölkələrin nüfuzlu tibb müəssisələrində təhsil alması istiqamətdində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.


Ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək!
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]